ERMƏNİ – AZƏRBAYCAN MÜNAQİŞƏSİ və “DİFAİ” PARTİYASININ YARADILMASI

1905-ci ildə erməni – Azərbaycan ziddiyyətlərinin kəskinləşməsi milli-siyasi təşkilatın yaradılmasının zəruriliyini aşkar etdi. 1906-cı ildə fevralın 20-dən mart ayının 6-dək Tiflisdə canişin qraf Vorontsov-Daşkovun başçılığı ilə barışdırıcı qurultay keçirilir. Bu qurultayda görkəmli Azərbaycan ziyalıları Əlimərdan bəy Topçubaşov, Əhməd bəy Ağayev, Adilxan və İsmayılxan Ziyadxanovlar, Qarabəy Qarabəyov və digərləri iştirak edirdi. Azərbaycan nümayəndələrinin çıxışlarında milli qüvvələrin birləşməsi, xalqın mənafelərinin müdafiəsi və onun təhlükəsizliyi üçün təşkilatların, o cümlədən siyasi təşkilatların rolu xüsusi qeyd olunmuşdur.

1906-cı ilin qış, yaz və yay aylarında qanlı hadisələrbütün Azərbaycanı əhatə edirdi. 10 minə yaxın insan məhv olmuşdu. Hadisələri sakitləşdirmək üçün Zəngəzura general Qoloşapovun başçılığı ilə dəstə göndərildi. 1906-cı ilin yanvarın 14-də o, Şuşaya gəlir. Azərbaycan və erməni nümayəndə heyətini qəbul edir. Lakin bütün bunlara baxmayaraq, Qoloşapovun fəaliyyəti nəticəsində hadisələr daha da gərginləşir. Rus generalı ermənilərə himayədarlıq edir. General Qoloşapovu geri çağırmaq xahişi ilə Şuşa və Gəncədən Bakıya onlarca teleqram göndərilir.

1906-cı ilin ortalarında Əhməd bəy Ağayevin başçılığı ilə “Difai” partiyası yaradılır. Partiyanın möhüründə aypara, 8 guşəli ulduz və iki çarpazlaşmış qılınc təsvir edilmiş, “Mübariz Milli Firqəsi” – “Difai” sözü yazılmışdır. 1906-cı ilin oktyabrında “İrşad” qəzetində partiyanın proqramı dərc edilməklə onun başlıca məqsədi müəyyənləşdirildi. Qafqazın başqa xalqları ilə birləşərək əsl qardaşlıq münasibətləri yaradılması nəzərdə tutulurdu. Yox, əgər ermənilər əvvəlki kimi fəaliyyətlərini davam etdirsələr, “Difai” partiyası imkan verməsin ki, onlar biizm ərazilərimizi əldə etsinlər və bu yerlərdə onlar məskunlaşsınlar.

Difai bu məqsədə çatmaq üçün iki əsas vasitəni labüd hesab edirdi: maarifçilik və hərbi güc. Partiya ilk növbədə milli məktəblərin yaradılmasını, bunu ardınca isə hərbi döyüş birləşmələrini yaratmağı müəyyənləşdirmişdi. Xalqın savadsız kütlələrini maarifləndirmək, onu hakimiyyət orqanlarının hərəkətlərindən azad etmək olur. Difainin ən iri və ən canlı şöbəsi Gəncədə idi. Burada Difaiyə rəhbərlik Molla Məhəmməd Pişnamazzadə və Ələkbərbəy Rəfibəyli edirdi. 1907-ci ilin martında Gəncədə Zaqafqaziya, Şimali Qafqaz və Krım müsəlmanlarının iştirakı ilə qurultay keçirilir. Qurultayın əsas qərarları:

1. Yeni ilin yazında (1907) Qarabağda Difaini yüksək səviyyəyə çatdırmaq və rəhbər orqanlarını seçmək

2. Bakının müsəlman kapitalistlərinin köməkliyi ilə Ağdamdan Xocalı stansiyasına qədər olan torpaqların yalnız müsəlman əhalisinin məskunlaşması üçün ermənilərdən alınması təşkil edilsin.

3. Rusların Şuşada yaşaması hökmən tapşırılmaqla bu ərazinin Qarabağın əyalətinə çevrilməsinə nail olunsun.

Partiyanın üzvləri orta və aşağı təbəqəyə mənsub olan əhali tacirlər, kəndlilər, həkimlər, vəkillər və s. olsun.

Partiyanın “Qarabağ birlik məclisi” Baş komitəsi Şuşada yerləşirdi. Sədr Kərim bəy Mehmandarov idi. 400 nəfərdən ibarət hərbi drujinası var idi.

Bəzi təşkilatlar Difaini ən çox terorda günahlandırırdılar. Doğrudur onun fəaliyyətində fərdi terrordan istifadə etməsini inkar etmək olmaz. Lakin Azərbaycanlıların səsisnin hökumət dairələrində eşidilmədiyi, etirazlarına, haqlı tələblərinə məhəl qoyulmadığı təqdirdə millətin mənafeyini satanlara qarşı hansı tədbirlərə əl atmaq olardı? Bu fəaliyyətinə görə çar hakim dairələri Difaini “Müsəlman döyüş partiyası” adlandırırdı. Bu təsadüfi deyildi. “Difai” fərdi cəzalandırma aktlarına əl ataraq erməniləri Azərbaycanlıların əəleyhinə qırğına təhrik edən çar çinovniklərinin, bir sıra təxribatçıların, pravokatorların qətlinə qərar verirdi. Məsələn, general Qoloşapov, Tiflis şəhərində prokuror Lunyakin, Şuşa şəhərində qubernator müşaviri Kiresçinski, polis rəisi Bannikov, provakator erməni Vasili və müsəlman molla Hadi və digərləri Gəncədə Difainin qərarı ilə qətlə yetirilmişdir. Beləliklə, bu təşkilatın cəsarətli fəaliyyəti genişləndikcə ermənilər və onların havadarlarının canına qorxu düşürdü.

1909-cu ildə Difainin fəaliyyətinə son qoyuldu. Partiyanın liderləri Türkiyəyə mühacirət etmiş, onun fəal üzvləri Mirzə Məhəmməd Axundzadə, Həmid bəy Yusifbəyov, X.Xasməmmədov, Məşədi Əli Rəbiyev, Muxtar Qazıyev, Molla Məhəmməd Pişnamazzadə və digərləri 5 illik Qafqazın hüdudlarından kənara sürgün edildilər.

Pərvin Kərimzadə

Gəncə Dövlət Universitetinin Ümumi tarix kafedrasının baş müəllimi

Tarix elmləri namizədi

“Gəncənin Səsi” qəzeti, 31 mart 2005-ci il, № 8-9 (20 004), səhifə 2

P.S. Difai partiyası Azərbaycanlıların millət kimi formalaşmasında, milli özünü dərketmədə, milli dövlətin formalaşmasında əvəzsiz rol oynamış, partiyanın fəalları öz müqəddəs əməlləri ilə Azərbaycan adlı məmləkətin varolma səbəbinə çevrilmişdi. Difai məzlum insanların haqq səsinə çevrilmiş, Vətənimiz qaniçənlərdən qorunmasında xüsusi rol oynamışdır.

AZƏRBAYCAN, ONA GÖRƏ ŞANLISAN Kİ, BELƏ ŞANLI ÖVLADLARIN VAR.

By Tural Isgandarov

Leave a comment