Terrorizm və onun formaları

 

Tarixin hər bir mərhələsində olduğu kimi müasir dövrdə də dövlətlərin qarşısında duran ən vacib məsələlərdən biri dövlət və milli təhlükəsizliyin təminidir. Xüsusən də XX əsrin 70-80-ci illərindən başlayan elmi-texniki inqilab və 90-cı illərin əvvəllərində “soyuq müharibənin” başa çatması ilə yaranan xaos bu problemin vacibliyini bir daha göz önünə gətirdi. Elm və texnologiyanın intensiv inkişafının bəhrələrindən mənfi məqsədlərlə istifadə edilməsi təhlükəsizlik məsələsini daha da qabardır. Terrorizmin texnologiyanın nailiyyətlərindən istifadə etməsi ona qarşı istər yanaşma tərzini, istərsə də mübarizə vasitələrinin dəyişdirilməsini tələb edirdi. Təsadüfi deyil ki, İkinci Dünya Müharibəsindən sonra varlı şimal ölkələrinin kasıb cənuba göstərdikləri yardımların bir sıra özünə məxsus cəhətləri var idi. Əgər 1950-1970-ci illərdə bu yardımın başlıca məqsədi iqtisadi inkişafa kömək və kasıblığın azaldılması idisə, 1980-ci illərdə effektiv idarəçiliyin yaradılması, 1990-cı illərdə isə təhlükəsizliyin təminatı əsas məqsəd idi. 11 sentyabr hadisələrindən sonra isə bu yardımların ən mühüm məqsədi terrorizmə qarşı mübarizə idi.  Əslində, 11 sentyabr hadisələri terrorizmin tarixində yeni bir mərhələnin başlanğıcı oldu. Bu hadisələr göstərdi ki, terrorizm sərhəd tanımır. Məhz bu hadisələr beynəlxalq terrorizmin əsasını qoydu. Elə özü-özlüyündə də beynəlxalq anti-terror koalisiyasının yaranmasına səbəb oldu. Dörd minə yaxın insanın həlak olduğu 11 sentyabr hadisələri tarixdə ən böyük terror aktıdır.

“Terror” termini siyasi leksikona 1789-1794-cü illərin Böyük Fransa Burjua İnqilabi dövründə daxil olub. Hərfi mənada “terror” qorxu, xof yaratma mənasına gəlsə də, ümumilikdə termin olaraq müxtəlif mənalarda izah olunur. Məhz buna görə də terrorun yaranma tarixini müəyyən etmək çox çətindir. E.ə. 44-cü ildə Qay Yuliy Sezarın öldürülməsini hal-hazırda bizim dərk etdiyimiz mənada ilk klassik terror aktı kimi qəbul etmək olar.  Eyni zamanda bizim eranın 66-72-ci illərində müasir Fələstin ərazisində Roma İmperiyasına qarşı mübarizə aparan Skarilər sektasını da (“sicari”, “sica” sözündən olub, mənası qısa qılınc deməkdir) ilk terror təşkilatı kimi göstərmək olar.  Lakin digər qrup araşdırmaçılar isə terrorun tarixinin məhz XVIII əsrdə Fransa Burjua İnqilabından başladığını iddia edirlər. Bu cür ikili yanaşmanın kökündə isə əsasən, “terror” və “terrorizm” məfhumlarının izahı durur. İlk baxışdan da göründüyü kimi, hər iki terminin eyni mənşəli olması onlar arasında elə də ciddi fərqin mövcud olduğunu söyləməyə əsas verməz. Bir çox tədqiqatçılara görə, “terror” və “terrorizm” bir-birini tamamlayan ifadələrdir. Terror, adətən, zorakılığın tətbiq metodunu ifadə edən hadisə kimi izah olunur. Təbii ki, terrorizm də bu metodun tətbiq edilmə prosesi kimi nəzərdən keçirilir.

Başqa bir yanaşma isə bu terminlərin fərqləndirilmədən sinonim kimi işlədilməsidir. Biz bu tendensiyanı daha çox Y. Kuznetsovun, M. İordanovun tədqiqatlarında görə bilərik.

Lakin bir sıra tədqiqatçılar bu terminləri fərqləndirmək üçün onların subyektlərinin nəzərə alınması ideyasını təklif edirlər. Subyekt dedikdə, zorakılıq aktını tətbiq edənlər və buna məruz qalanlar nəzərdə tutulur. V. Şabalin, N. Kudrin, A. Bernqardın fikirləri ilə razılaşsaq, qeyd etməliyik ki, terror – güclülərin daha zəiflərə münasibətdə, terrorizm isə zəiflərin daha güclülərə münasibətdə zorakılığın və kənarlaşdırmanın oyektiv tətbiqidir. Burada “güclü” dedikdə hakimiyyət, “zəif” dedikdə isə müxalifət və ya hakimiyyətə qarşı çıxan hər hansı qrup nəzərdə tutulur.

Onu da qeyd etmək lazımdır kiŞ bugün terrorizm məfhumuna konkret bir yanaşma mövcud deyil. Məsələn, Amerikalı tarixçi D.Xadman 1934-cü ildə nəşr olunmuş “Sosial elmlər ensiklopediyası”ndakı “Terrorizm” məqaləsində terrorizm mütəşəkkil qrupların və partiyaların qarşılarına qoyduqları məqsədə çatmaq üçün tətbiq etdikləri sistemli zorakılıqla izah edir. Başqa bir Amerikalı professor Riçard Falk isə mənəvi və hüquqi bəraəti mümkün olmayan istənilən zorakılığı terrorizm kimi izah edir. ABŞ-ın özündə də dövlət səviyyəsində terrorizmə 3 yanaşma mövcuddur: 1) ABŞ Dövlət Departamenti əsasən ictimaiyyətin diqqətini cəlb etmək üçün mülki obyektlərin hədəf seçilərək məhv edilməsini terrorizm adlandırırlar. 2) Federal Təhqiqatlar Bürosu terrorizmi höküməti, mülki cəmiyyəti hər hansı bir şeyə məcbur etmək üçün şəxslərə və mülkiyyətə qarşı qeyri-qanuni güc tətbiqi ilə izah edir. 3) ABŞ Müdafiə Departamenti isə terrorizmi hər hansı siyasi, dini və ideoloji məqsədlərə çatmaq üçün hökumətə və ya mülki birlikərə qarşı əvvəlcədən planlaşdırılmış qeyri-qanuni təhdid və ya güc tətbiqi kimi nəzərdən keçirir.  BMT-nin terrorizmə yanaşması daha ümumi xarakter daşıyır: dinc əhali arasında qorxu və inamsızlıq yaratmaq məqsədilə törədilən zorakılıq aktlarıdır.  Avropa İttifaqı isə terrorizmə bu cür tərif verir: hər hansı bir cəmiyyətə və ya hökumətə, beynəlxalq təşkilata ciddi şəkildə hədə-qorxu gələrək, onların müəyyən hərəkətlərinin, fəaliyyətlərinin qarşısını almaq və ya dövlətin, beynəlxalq təşkilatın siyasi, iqtisadi, sosial və konstitusion bazasını darmadağın etmək.

Göründüyü kimi, terrorizmə ahid yanaşma mövcud deyil. Bu onun daha geniş mənaya malik olması ilə izah olunmaqla yanaşı, həm də müxtəlif dövlətlərin, təşkilatların və ya institutların terrorizmi hansı aspektdən qiymətləndirilməsindən asılıdır. Məhz terrorizm anlayışının izahındakı bu rəngarənglik onun müxtəlif formalarının sinifləndirilməsinə də təsir edir.

İlkin sinifləndirməyə əsasən terrorizmin iki formasını göstərmək olar: universal (beynəlxalq) və milli. Bunlar isə öz növbəsində ayrı-ayrılıqda siyasi (sol və sağ), dini (xristian, islam və digər) və identik əsaslı (irqi, sosial və digər) formalara ayrılırlar. Bu təsnifatın ilkin mərhələsində terrorizm baş verdiyi areala görə 2 yerə ayrılır. Növbəti mərhələdə isə daha çox məqsədlər ön plana çəkilir.

Başqa bir yanaşmaya əsasən,terrorizmi məqsəd və ideoloji oriyentasiyasına görə qruplaşdırılır: sağ və sol-qanad siyasi terrorizmi, dini və ya fundamentalist terrorizm, milli (bəzən də separatist) trrorizm, identik əsaslı terrorizm.

Terrorizmin formalarından danışarkən, onun mikro, mezo və makro səviyyələrini də qeyd etmək olar. Bu halda terrorizmin obyektləri, subyektləri və təsir gücü nəzərə alınır. Mikro səviyyəli terrorizmin terroristin öz məqsədləri üçün mülki şəxslərə hücumudur. Terrorizmin mezo səviyyəsinə gəldikdə isə terroristi təşkilatlandırılmış terrorist qrupları əvəz edir. Makro səviyyə isə istər təşkilatlanma, istər terror aktının təsir gücü, istərsə də qurbanlarının sayına görə terrorizmin ən ali səviyyəsidir. Günümüzdə beynəlxalq terrorizmin əsas aktlarının demək olar ki, hamısı məhz makro səviyyəyə aid edilir.

Terrorizmin məqsədlərini, hədəflərini, subyektlərini, təsir gücünü, ideologiyasını və həyata keçirilmə mexanizmlərini eyni anda nəzərdən keçirərək aşağıdakı terrorizm formalarını göstərə bilərik:

→        Siyasi terrorizm: bir çox tədqiqatçıların fikrincə, terrorizmin və terror aktının məqsədi nə olursa olsun, onun əsasında mütləq siyasi motivlər dayanır.

→        İqtisadi terrorizm: daha çox sosial xarakter daşıyan terrorizmin bu formasında əsas hədəf iqtisadi qurumlardır.

→        İdeoloji terrorizm: siaysi-ideoloji və dini-ideoloji kimi altqruplara ayrılan bu forma müəyyən ideologiyanın yayılmasını təmin etmək üçün həyata keçirilən terrorizmdir.

→        Dini terrorizm: dini-ideoloji terrorizmlə bir-birinə çox bağlı olsa da, başlıca fərq tək ideologiyanın yayılması deyil, həm də terrorizmin həyata keçirilməsində dini müxtəlifliyin qabardılmasıdır. Məsələn, İrlandiyadakı katolik – protestant qarşıdurması.

→        İrqi terrorizm: sosial xarakter daşıyan irqi terrorizmin digər sosial xarakterli iqtisadi terrorizmdən əsas fərqi irqi müxtəlifliyə əsaslanmasıdır.

→        Dövlət terrorizmi: bir dövlət tərəfindən düşünülmüş və məqsədyönlü şəkildə digər dövlətin ərazisində həyata keçirilən zorakılıq metodudur.

→        Etnik və ya milli terrorizm: separatist və repressiv milli terrorizm kimi alt qruplara bölünür. Separatist terrorizm bir çox hallarda yuxarıda bəhs etdiyimiz dövlət terrorizmi ilə üst-üstə düşə bilər. Demək olar ki, əksər separatist təşkilatlar müəyyən maraqlı dövlətlər tərəfindən dəstəklənir. Avropada separatist təşkilatlara IRA, ETA, PKK və s. göstərmək olar.

→        Kriminal terrorizm: Narkobiznes, silah qaçaqmalçılığı, reket fəaliyyəti və digər sahələr üzərində nəzarəti ələ keçirmək üçün həyata keçirilən terror növüdür.

→        Daxili və xarici terrorizm: bu bölgüdə əsas prinsip kimi terror aktının baş verdiyi ərazilər götürülür. Avropadakı daxili terrorist təşkilatlara misal kimi İspaniyadakı ETA-nı göstərə bilərik. Xarici terrorizmə isə Avropa və Amerikada Türkiyə Cümhuriyyətinin səfirlərinə, konsullarına və iş adamlarına qarşı terror aktları törədən ASALA-nın fəaliyyətini göstərmək olar.

→        Fərdi terrorizm: psixoloji, dini, etnik, sosial və kriminal səbəblərdən yaranan terrorizmin bu növü fərdi xarakter daşıyır.

→        Terrorizmin ən yeni formaları olan nüvə, kimyəvi, bioloji və kiberterrorizm (bəzi hallarda isə virtual terrorizm) özündə müasir terrorizmin xarakterik xüsusiyyətlərini ehtiva etdir.

Terrorizm kimi terror aktlarının da bir neçə formasını göstərə bilərik. Bunlara təxribat, girov götürmə, nəqliyyat piratlığı, xüsusi əhəmiyyətli binaları və tikililəri ələ keçirmək və silahlı hücumu aid edə bilərik.

Mənbə:

1. Bjørn Møller. Terror Prevention and development aid^ what we know and don`t know. DIIS (Danish Institute for International Studies) report 2007:3

2. Mirbəşiroğlu E. Siyasi münaqişələr: mahiyyəti, quruluşu, həlli. Bakı, Elm, 2009

3. International Terrorism: Threat, Policy, and Response. Raphael F. Perl. 2007

 

By Tural Isgandarov

Leave a comment