Müasir terrorizmin xarakterik xüsusiyyətləri

XX-XXI əsrlərin qovşağında terrorizm problemi və onunla mübarizə istər ayrı ayrılıqda hər bir dövlətin, istərsə də bütün dünya ictimaiyyətinin ən vacib məsələlərindən biridir. Bu daha çox terror aktlarının miqyasının və xarakterinin genişlənməsi ilə izah olunur. Müasir terrorizm bir sıra xarakterik xüsusiyyətlərinə görə 100 il, hətta 50 il əvvəlki terrorizmlə tamamilə fərqlənir. Bu xüsusiyyətləri aşağıdakı istiqamətdə qruplaşdıra bilərik.

İlk öncə, müasir terrorizm lokallıqdan çıxaraq beynəlxalq xarakter kəsb etməyə başlayır. Artıq, terrorizm heç bir sərhəd tanımadan rahatlıqla bütün dünyaya yayılır və ilk belə terror aktlarından biri kimi ABŞ-dakı 11 sentyabr hadisələrini göstərə bilərik.

Bundan başqa, müasir terrorizmin miqyası və həyata keçirilmə mexanizmləri dəyişib. Əgər XIX əsrdə və XX əsrin I yarısında terrorizm “individual” xarakter daşıyırdısa, artıq keçən əsrin sonlarından başlayaraq bu “individuallığı” “kütləvilik” əvəz etdi. Buradakı individual və kütləvilik ifadələri terrorizmin həm obyekt və subyektlərinə, həm miqyasına, həm də həyata keçirilmə mexanizminə aid etmək olar. Yəni əvvəllər hər hansı bir terrorist soyuq və isti silahla yalnız cəmiyyətdə xüsusi çəkiyə malik olan bir və ya bir neçə şəxsi məhv etmək istəyirdilər. Nəticədə, onlar cəmiyyətdə vahimə və qorxu yaradaraq mövcud vəziyyəti öz xeyirlərinə dəyişməyə çalışırdılar. Bu terror aktlarına ABŞ prezidenti A.Linkolnun və Avstriya vəliəhdi Frans Ferdinandın öldürülməsini göstərə bilərik. Amma müasir terrorizmin əsas hədəfi günahsız mülki şəxslərdir. Yalnız bir terror aktı yüzlərlə, hətta minlərlə insanın məhvinə səbəb ola bilər.

Bir başqa, xarakterik xüsusiyyət ondan ibarətdir ki, əgər əvvəllər terroristlər öz hərəkətlərinə əxlaqi cəhətdən haqq qazandırmağa çalışırdılarsa, müasir terrorizm heç bir əxlaqi və hüquqi çərçivəyə sığmır. Müasir terroristlər tez-tez əxlaqi normalara zidd davranış nümayiş etdirirlər. Onlar üçün insan həyatının heç bir önəmi yoxdur.

Terrorizmin bugünkü inkişaf tendensiyası onun texniki və texnoloji bazasının dəyişməsi ilə müşayət olunur. Təkcə son 20 ildə terroristlər zəhərləyici qazlardan, kimyəvi və bioloji silahlardan, hətta sərnişinlərlə dolu qaçırılan təyyarələrdən istifadə etmişlər. Amma mütəxəssislərin fikrincə, bu hələ ki, terroristlərin fəaliyyətində texnoloji inqilabın ilkin göstəriciləridir. Kimyəvi zavodların, atom elektrik stansiyalarının və digər təhlükəli və radiasiyaya malik texniki obyektlərin partladılması hər hansı xüsusi əhəmiyyətli bir obyektin partladılması deyil, bütünlükdə regionun məhvi deməkdir. Bu eyni zamanda, terrorçular arasındakı maariflənmə, elmə yiyələnmə hallarının artması ilə də müşahidə olunur. Terrorçular özünü qurban verməyə hazırlaşan “fədai”lərlə yanaşı, bir sıra görkəmli elm xadimlərini və alimlərini öz sıralarına çəkməklə də daha kütləvi xarakter daşıyan terror aktlıarı törədirlər.

Müasir dövrdə terrorizmin beynəlxalq xarakteri də dəyişmişdir. Bugün terrorizm qeyri-rasional mübarizə vasitəsinə çevrilib. Əgər XX əsrin 70-80-ci illərində bəzi terrorist qruplaşmalar müəyyən dövlətlərin nəzarəti altında müəyyən məqsədlər yaradılırdısa, bugün terrorizm demək olar ki, nəzarətsizdir. Hal-hazırda terrorist təşkilatlar maksimal sayda insan tələfatına səbəb olacaq aktlar törətməyə çalışırlar. Müasir terrorizmin qeyri rasionallığı onun effektivliyini də artırıb. Beynəlxalq terrorşular bir sıra hallarda vahid rəhbərlik mərkəzi və çox ciddi tabeçilik olmadan yalnız ümumi ideologiya əsasında əlaqə saxlayırlar. Məsələn, “Əl-Qaidə” təşkilatlanmış terrorçu strukturundan cihad hərəkatının ideoloji platformasına çevrilmişdir. 2001-ci ildən başlanmış anti-terror kampaniyasından sonra bu təşkilatın rəhbər heyətinin 75 faizi məhv edilsə də, təşkilatın törətdiyi terror aktlarının intensivliyi aşağı düşməmişdir.

Müasir zamanın tələblərindən irəli gələrək terrorizmin bir çox müasir növləri də yaranmışdır ki, buna aşağıdakıları göstərə bilərik:

→        Kimyəvi terrorizm: bu terrorizmin əsası 1995-ci ildə Yaponiyada Aum-Sinrike sektasının sarin qazından istifadə etməsi ilə qoyulub. Bu akt nəticəsində 12 nəfər ölüb, 5000 nəfərə yaxın isə zəhərlənib. Bu terrorizm növünü də iki altqrupa bölmək olar. Bunlardan birincisi, kütləvi qırğın məqsədilə həyata keçirilən terror aktlarıdır. Belə ki, bu zaman kimyəvi maddələrdən kütləvi zəhərlənmə məqsədləri üçün istifadə edirlər. İkincisi isə, iqytisadi cəhətdən ziyan vurmaq üçün edilən hücumlardır.

→        Bioloji terrorizm: terrorizmin bu növü kütləvi yoluxmaların və epidemiyaların yayılması ilə xarakterikdir. 11 sentyabr hadisələrindən sonra ABŞ-da müxtəlif ünvanlara zərflərdə göndərilən Sibir xorası virusu dövlət orqanlarının iş ahəngini pozmuşdur.

→        Nüvə terrorizmi: radioaktiv maddələrdən istifadə edilərək törədilə bilən bu tip terror aktları kütləvi qırğın baxımından ən dəhşətlisidir. Xoşbəxtlikdən belə bir terror aktı hələ ki törədilməyib, amma texnologiyanın yüksək inkişafı nəticəsində terroristlərin radioaktiv maddələrdən istifadə edə biləcəyi qaçılmaz ola bilər.

→        Kiberterrorizm: müasir dövrdə elm və texnologiya ilə yanaşı gündəlik həyatın da elektronlaşması kiberterrorizmi yaşadığımız cəmiyyət üçün daha da təhlükəli edib. Mövcud nəzəriyyələrə əsasən terrorizmin bu növü ilə güclü bir dövləti bir neçə saat ərzində məhv etmək olar. 3 mərhələdə həyata keçirilə bilən bu terror aktında nəzəriyyələrə əsasən ilk növbədə dövlətin nəqliyyat sisteminə hücumla ölkə ərazisində nəqliyyat hərəkətinin idarəsi yox edilir və xaos yaradılır. İkinci mərhələdə ölkənin elektrik və qaz stansiyalarına edilən hücumla bütün enerji təminatı bazaları məhv edilir. Nəhayət üçüncü mərhələdə isə ən əhəmiyyətli dövlət idarələri partladılır və ya ələ keçirilir. Bəşəriyyət bu tip terror aktı ilə rastlaşmasa da, bütün bunların komputer üzərindən kiçik bir bazadan idarə edilərək həyata keçirilməsi tamamilə real ola bilər.

Müasir terrorizmin daha bir xarakterik xüsusiyyəti onun çevikliyinin artmasındadır. Təbii ki, bu istiqamətdə terroristlərin internetdən istidafəsini qey etmək mütləq lazımdır. Terrorist qrupların virtual aləmdə varlığı 1990-cı illərin sonundan başlayır. 1998-ci ildə ABŞ-ın 1996-cı ilin Anti-terrorizm və Effektiv Ölüm Cəzası Aktına əsasən “Xarici Terrorist Təşkilat” kimi adlanan 30 qurumun yarıdan çoxu internetdə veb səhifələrə malik olublar. 2000-ci ildə isə siyahıda veb səhifəyə malik olanların nisbəti 100 faiz təşkil edib. 2003-2004-cü illərdə aparılan monitorinq zamanı yüzlərlə belə veb səhifələr aşkarlanıb.  İnternetdə terrorist təşkilatların fəallaşması digər məsələni də diqqətə çatdırıb. Bu təhlükə kiberterrorizmdir. Kompüter şəbəkələrinə hücumlarla bağlı olan kiberterrorizmnin əsas istifadə aləti də məhz internetdir.

İnternet üzərindən terrorizm çox dinamik fenomen xarakteri daşıyır. Belə ki, hər hansı veb səhifə qısa bir müddət ərzində fəaliyyətə başlayır, öz təbliğatlarını aparır, müəyyən kompüter şəbəkələrini çökdürür və tezliklə də yoxa çıxır. Terroristlərin internetdən istifadəsini sürətləndirən amillərə isə bunları göstərə bilərik: rahat keçid imkanı, senzura və hökumət nəzarətinin yox səviyyədə olması, bütün dünyaya yayılan geniş istifadəçi kütləsi, kommunikasiyanın anonimliyi, informasiya ötürmələrinin sürəti, daha az maliyyə tələbatı, multi-media imkanları (kitabların, video-görüntülərin, audio-səslərin, posterlərin, filmlərin asanlıqla köçürülməsi, göndərilməsi və paylaşılması) və kütləvi informasiya mənbəyinə çevrilmə imkanı. Təbii ki, bu amillər siyasi, dini və ideoloji oriyentasiyasından asılı olmayaraq bütün növ terrorist təşkilatları (Dini, marksist, millətçi, separatist, irqçi, anarxist və s.) cəlb edir. Bugün dünyada ən aktiv 40 terror təşkilatının hamısının veb səhifələri var. Hətta onların əksəriyyəti bir yox, bir neçə veb səhifəyə malikdirlər və müxtəlif dillərdədirlər. Avropada internetdən ən geniş istifadə edən terror təşkilatlara İspaniyada Bask hərəkatı olan ETA-nı, Armata Corsa-nı (Korsika Ordusu) və IRA-nı göstərmək olar.

Terroristlərin öz veb səhifələri ilə hədəflərinə gəlincə 3 istiqaməti ayırmaq olar: 1) cari və potensial dəstəkləyicilər – terrorist veb səhifələr tez-tez öz şüarları və satışları (köynək, film, audio-kaset, bayraq, nişan və s.) ilə öz dəstəkləyicilərini artırmağa və maliyyə yığmağa çalışır. 2) beynəlxalq ictimai rəy – beynəlxalq ictimaiyyət birbaşa konfliktə cəlb olunmasa da, müəyyən maraqlara sahib ola bilmə ehtimalı da terroristlər tərəfindən nəzərə alınıb. Məsələn, ETA-nın rəsmi veb səhifəsi Katalon, Alman, Fransız və İtaliyan dillərində fəaliyyət göstərir. Bundan başqa beynalxalq jurnalistlər də terroristlərin xüsusi diqqətindədir. Belə ki, mütəmadi olaraq veb səhifələrə yerləşdirilən press-relizlər eyni anda bir çox jurnalistlərin elektron ünvanına da göndərilir. 3) düşmən cəmiyyət – veb səhifələr terroristlər görə döyüşdükləri dövlətin vətəndaşlarını demoralizə etmək, onları hücum təhdidləri ilə hədələmək, bütün günahı hökumətə ataraq əhalini hökumətə qarşı qaldırmaq üçün əla vasitədir.

Terroristlərin internetdən istifadəsini araşdırarkan səkkiz müxtəlif istiqaməti aşkarlamaq mümkündür:

1)         psixoloji müharibə – dezinformasiyanın yayılması, terror aktlarının dəhşətli görüntülərinin yayımlanması, kiberterrorizmin həyata keçirilməsi (hava nəqliyyat sistemini sıradan çıxartmaqla laynerlərin qəzaya uğradılması, birjaların idarəsini ələ keçirməklə ölkə iqtisadiyyatının çökdürülməsi və s.)

2)         kütləvilik və təbliğat – istifadəçi auditoriyasının genişliyi və asan təbliğat imkanları

3)         məlumat bolluğu – terroristlər internetin imkanlarından istifadə edərək bir çox sahələrdə pulsuz məlumatlar əldə edə bilər. Bu məlumatlar nəqliyyat, nüvə enerjisi, dövlət əhəmiyyətli tikililər, hətta anti-terrorizm hərəkatı haqqında ola bilər.

4)         maliyyələşmə – məsələn, IRA-nın rəsmi veb səhifəsində ziyarətçilər plastik və kredit kartlar vasitəsilə təşkilata maliyyə yardımı edə bilərlər.

5)         səfərbərlik – İnternet təşkilata maliyyə yardımları ilə kifayətlənməyən daha aktiv fəalları təşkilata cəlb etməkdə xüsusi rol oynayır.

6)         şəbəkələşmə – internet terror təşkilatlarının öz daxilində vahid şəbəkə yaratması imkanı ilə yanaşı, eyni zamanda digər təşkilatlarla da əlaqələrin qurulması ilə xarakterikdir.

7)         informasiya mübadiləsi – İnternet informasiyaların daha dolğun, daha sürətli və daha ucuz başa gəlməsində böyük rol oynayır. Xüsusən də, kimyəvi və partlayıcı silahların hazırlanma texnologiyası, onlardan istifadə metodları haqqında müzakirələrin aparılması internet vasitəsilə çox asanlıqla həyata keçirilir.

8)         planlaşdırma və koordinasiya – terroristlər internetdən tək yuxarıda sadalanan səbələrə görə istifadə etmirlər, eyni zamanda internet vasitəsilə həyata keçiriləçək aktları planlaşdırır və onları koordinasiya edirlər. Məsələn, 11 sentyabr hadisələrinin planlaşdırılmasında əsas pay internet üzərinə düşüb.

Mənbə:

1. Мировая политика и международные отношения / Под ред. С.А.Ланцова, В.А.Ачкасова. – СПб: Питер, 2006

2. Musayev H. Beynəlxalq terrorçuluğa qarşı mübarizədə xüsusi xidmət orqanlarının fəaliyyətinin prinsip və xüsusiyyətləri. Üçüncü nəşr. Bakı, Çaşıoğlu, 2010

3. Həsənov A. Beynəlxaq Terrorizm. I hissə. Bakı, 2003

4. http://www.terrorism.net/

5. http://www.globalterrorism.com/

 

By Tural Isgandarov

 

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s