Avropada terrorist təşkilatlar və onlara qarşı mübarizə

Avropanın təhlükəsizliyi baxımından terrorla mübarizə “soyuq müharibənin” davam etdiyi dövrdən günümüzə qədər Avropa ölkələrinin və Avropa İttifaqının gündəmində olan bir mövzudur. İttifaqın gedərək genişlənməsi və vahid bazarın yaradılmasına keçidlə birlikdə həm teror aktları, həm də teror təşkilatları tərəfindən geniş imkanlar yaranmışdır. Bu problemlərlə bərabər olaraq qeyri-qanuni miqrasiya, narkobiznes və mütəşəkkil cinayətkarlıq da Avropanın gündəmində olan mövzulara çevrildi. Ona görə də, Avropa Birliyinin (sonradan Avropa İttifaqının) terrorizmlə mübarizəsində yeni hüquqi və təşkilati baza yaradılması prosesi başlanmışdır. Xüsusən də, 11 sentyabr hadisələrindən sonra beynəlxalq terrorizmlə mübarizəyə dəstək verən Avropa ölkələrinin özündə gerçəkləşən terror aktları bu prosesi sürətləndirdi.

Avropadakı ölkələrin terror qarşısındakı vəziyyətlərini iki istiqamətdən incələmək olar. Bunalardan birincisi, bu ölkələrin daxilindəki, digəri isə başqa ölkələrdəki terror təşkilatları və aktları qarşısındakı vəziyyətlərdir. 1970-ci illərdən başlayan Marksist-Leninist bir ideologiya üzərində qurulan terror təşkilatlarının fəaliyyəti 1990-cı illərdən etnik-milli kökə əsaslanan separatist terrorizmlə əvəz olunmuşdu.

Avropada təşkilatlanmış terror aktları XX əsrin 60-cı illərindən yayılmağa başlamış, 70-ci illərdən isə bir çox dövlətlərin gündəmində olan problemə çevrilmişdir. İdeoloji və separatist teror aktlarına qarşı bəzi ölkələrdə mübarizənin təşkilatlanması bu ölkələrin terrorizmə qarşı daha dayanıqlı olmasına gətirib çıxardır. “Soyuq müharibə”dövründə Sovet İttifaqı öz ideologiyasını Avropada yaymaq üçün buradakı bir çox sosialist terror qruplarına maddi dəstək vermişdir. Qısacası, müasir terrorizm Avropa üçün yeni bir məsələ olmayıb, “soyuq müharibə” dövründən mövcud olan və mübarizə aparılması lazım olan bir fenomenə çevrilmişdir.

Avropada terror aktları ifrat sol və sağ qanadlı terror təşkilatlarının həyata keçirdiyi aktlar şəklində ikiyə ayrıla bilər. İfrat sağ qanadlı terror təşkilatlarının yaratdığı təhdid sol qanadlı təşkilatlara görə daha zəifdir. Amma bunların özü də liberal-demokratlar üçün böyük təhdid təşkil etməkdədir. Avropada terror aktları həyata keçirən sol qanadlı təşkilatları isə üç qrupa bölmək olar:

→        Kommunist ideologiyanı mənimsəyib yaymaq istəyən Marksist qruplar

→        Etnik təməl üzərində fəaliyyət göstərən separatist qruplar

→        Ərəb coğrafiyasından qaynaqlanan terror təşkilatları – Bu tip təşkilatların əsas təməlində Avropa ölkələrinin İsrailə olan dəstəyini azaltmaq dayanır.

Lakin bu təşkilatların üç qrupa ayrılması şərti xarakter daşıyır və onların müştərək terror aktları həyata keçirdikləri də məlumdur. 1990-cı illərdən sonra Sovet İttifaqından gələn təhlükənin aradan qalxması ilə etnik-milli köklərə bağlı terrorizmin genişlənməsi müşahidə olunmaqdadır.

1970-ci illərdə Avropada artan terror aktlarına qarşı mübarizədə Avropa ölkələrinin hökümət səviyyəsindəki müvəffəqiyyətsizliklər Avropa Birliyi ölkələrinin terrorizmə qarşı vahid hərəkatını çətinləşdirmişdir. Nəticədə, 1976-cı ildə Avropa Birliyi çərçivəsində TREVI (Terrorizm, Radicalism, Extreme Violence International) məsləhət sistemi qurulmuşdur. TREVI-nin əsas məqsədi əməli və siyasi sahədə üzv ölkələr arasında antiterror əməkdaşlığı artırmaqdır. Sistem ədliyyə, daxili işlər nazirləri və polis rəislərindən ibarətdir. Bu mexanizm daxilində antiterror fəaliyyəti çərçivəsində mütəxəssislərdən ibarət iki əməliyyat qrupu yaradılmışdır. TREVI sistemi Avropa Birliyinin terrorizmlə mübarizədə yaratdığı ilk mexanizm olaraq bir sıra nailiyyətlər əldə etmişdir. İlk öncə, üzv ölkələr arasında polis qüvvələrinin rahat və təhlükəsiz əməkdaşlıq şəbəkəsi yaradılmış, terroristlərin silah əldə etməsi çətinləşmişdir. Həm də TREVI hər bir ölkədəki polis idarələrinin işçiləri arasında əlaqə yaradaraq qarşılıqlı inamın yaradılmasında xüsusi rol oynamışdır.

11 sentyabr hadisələrindən dərhal sonra 2001-ci ilin 21 sentyabrında Avropa İttifaqının növbədənkənar zirvə toplantısı keçirilmişdir. Toplantı müddətində ABŞ-da törədilən terror aktları bütün bəşəriyyətə və Avropaya qarşı törədilmiş bir akt kimi qəbul edilmiş və terrorizmlə mübarizədə bir sıra planlar qəbul edilmişdir: polis və ədliyyə əməkdaşlığının artırılması, beynəlxalq hüquq mexanizmlərinin inkişaf etdirilməsi, terrorizmin maliyyələşməsi ilə mübarizə aparılması, hava təhlükəsizliyinin gecləndirilməsi və Aİ-nin bu sahədəki beynəlxalq fəaliyyətinin koordinasiya edilməsi. Terrorizmlə daha effektiv mübarizə aparmaq üçün ilk öncə Aİ terrorizm, terrorist təşkilat və terrorist ifadələrinin məzmununu dəqiqləşdirməli idi. 19 sentyabr 2001-ci ildə Avropa Komissiyası “Terrorizmlə mübarizədə çərçivə qərarı” layihəsini hazırlamış və 13 iyun 2002-ci ildə qəbul edilmişdir. Qərar layihəsinin üçüncü maddəsinə görə aşağıdakı qanun pozuntuları terrorizm anlayışını özündə ehtiva edir: bir ölkənin siaysi, iqtisadi və ya sosial quruluşunu ciddi şəkildə dəyişdirmək və ya yıxmaq məqsədilə qəsdən işlənən qanun pozuntuları – cinayət, fiziki sağlamlığa qəsdən zərər vurma, adam qaçırma və ya əsir alma, qəsb və ya xərac alma, oğruluq və soyğunçuluq, dövlətə, hökumətə və ya ictimaiyyətin istifadəsinə verilmiş yer və malların, imkanların zorla ələ keçirilməsi və ya bunlara zərər verilməsi, silah və partlayıcıların istehsalı, əldə olunması, satılması və ya başqalarına ötürülməsi, epidemik xəstəliyə və mikrob yayılmasına səbəb ola bilən maddələrlə insanlara və ətraf mühitə zərər verilməsi, su və enerji təminatına maneələrin yaradılması, xəbər kanallarına müdaxilə yolu ilə hücumların olunması, yuxarıdakı qanun pozuntuları ilə hədələmə, terrorist təşkilata rəhbərlik etmək və ya ona dəstək olmaq, üzv olmaq.

Eyni maddənin ikinci bəndinə görə terror təşkilatı iki və daha artıq nəfərdən ibarət olan və yuxarıda sadalanan qanun pozuntularının bir-biri ilə əməkdaşlıq nəticəsində həyata keçirmək məqsədilə hərəkət edən planlı təşkilatdır. 27 dekabr 2001-ci ildə isə Avropa Komissiyası Aİ ölkələrinin təhlükəsizliyinə və stabilliyinə ciddi təhdid yaradan ən əsas terror təşkilatlarının siyahısını açıqlamışdır. Siyahıda adı olan təşkilatlar aşağıdakılardır:

→        Continuity Irish Republican Army (CIRA) (Davamlı İrland Respublika Ordusu)

→        ETA (Bask Separatist Hərəkatı)

→        First of October Antifascist Resistance Groups (1 Oktyabr Antifaşist Müqavimət Qrupu – İspaniya)

→        Djihad Islamic Palestinien (İslami Cihad Fələstin)

→        Hamas – Izz al – Din al – Qassem (Həmas)

→        Loyalist Volunteer Force (LVF) (Loyalist Könüllülər Gücü)

→        Orange Volunteers (OV) (Narıncı Könüllülər)

→        Real IRA (Gerçək İrland Respublika Ordusu)

→        Red Hand Defenders (RHD) (Qırmızı Əl Müdafiəçiləri – Şimali İrlandiya)

→        Revolutionary Nuclei (İnqilabi Hücrə – Yunanıstan)

→        Revolutionary Organisation 17 November (17 Noyabr İnqilabi Təşkilat – Yunanıstan)

→        Revolutionary Popular Struggle (ELA) (İnqilabi Xalq Mücadiləsi – Yunanıstan)

→        Ulster Defence Association (Olster Müdafiə Assosasiyası)

2 may 2002-ci ildə isə yayımlanan yeni siyahıya daha 10 terror təşkilatı əlavə olunmuşdur:

→        Aum Shinrikyo (Mütləq Həqiqət – Yaponiya)

→        Babbar Khalsa (Siqx Terror Qrupu)

→        Al – Gama’a al – Islamiyya (Əl Camaat Əl İslamiyyə)

→        International Sikh Youth Federation (Beynəlxalq Gənç Siqx Federasiyası)

→        PKK (Kürdüstan Fəhlə Partiyası)

→        Lashkar e Tayyaba (Saflığın Ordusu – Hindistan/Kəşmir)

→        The National Liberation Army of Iran (İran Milli Azadlıq Ordusu)

→        DHKP – C (Devrimci Halk Kurtuluş Partisi – Cephesi)

→        Shining Path (Parlaq Yol – Peru)

→        United Self – Defense Forces (Birləşmiş Özünümüdafiə Qüvvələri Kolumbiya)

Terrorizmlə effektiv mübarizə aparmaq üçün Avropa İttifaqı ilk öncə terrorizmin maliyyələşdirilməsi ilə ciddi mübarizə aparmalıdır. Bu məqsədlə, Avropa Komissiyası 11 oktyabr 2001-ci ildə beynəlxalq terrorizmin maliyyə qaynaqları ilə mübarizə məsələsində konkret mövqe nümayiş etdirməyi qərara almışdır. Bu qərara əsasən ABŞ-nın qərarları nümunə göstərilsə də, Aİ üzvü olan ölkələrin öz daxili qanunvericilikləri əsas götürülməlidir. Bu sahədə Aİ BMT ilə də əməkdaşlıq edir. Belə ki, BMT Təhlükəsizlik Şurasının 1373 saylı qətnaməsi Avropa Komissiyası tərəfindən qəbul edilmişdir. Qətnaməyə görə, bütün üzv dövlətlər terror aktlarını həyata keçirən, planlayan və bu aktlarda iştirak edən şəxslərin iqtisadi maliyyə qaynaqları və maddi gəlirləri dondurulmalıdır. Bundan başqa üzvlər bu sahədə fəaliyyətləri haqqında bir birini xəbərdar etməlidirlər.

11 mart 2004-cü ildə Madriddə törədilən terror aktlarından sonra Avropa Komissiyası “Terrorizmlə Mübarizə Bəyannaməsi” çərçivəsində terrorizmin maliyyətləşdirilməsində əsas rol oynayan “çirkli pulların” yuyulması üzərində ciddi nəzarətin həyata keçirilməsi, Aİ sərhədlərindən daxilə nəğd valyuta axınının məhdudlaşdırılması və üzvlər arasında şübhəli görünən maliyyə əməliyyatlarının birlikdə müzakirə olunması haqqında bəzi müddəaları özündə ehtiva edən həll paketi təklif etmişdi.

Avropada terrorizm və onunla mübarizə dedikdə ağla gələn ilk ölkələr məhz Fransa, Böyük Britaniya və İspaniyadır. Fransa terrorizm ilə mübarizə sahəsində polis sistemi daxilində xüsusi anti-terror qrupları yaratmış, digər tərəfdən də hüquqi baza formalaşdırılmışdır. Ardıcıl tədbirlər nəticəsində Korsika Milli Azadlıq Komitəsi adlı terror təşkilatı zərərsizləşdirilmiş və nisbi sakitlik yaradılmışdır.

Böyük Britaniya da isə terrorizm problemi Şimali İrlandiya (Olster) məsələsindən qaynaqlanır. Bu problemin yaranmasında iki faktor mühümdür: birincisi, etnik müxtəliflik, ikincisi, dini fərqlilik. İlk əvvəl müstəmləkəçi siyasətə cavab olaraq milli-etnik əsasda meydana çıxan Olster problemi sonradan protestant-katolik qarşıdurmasına çevrilmişdir. Şimali İrlandiyada azlıq təşkil edən katoliklər İrlandiya Respublikasına birləşmək istədiyi halda, çoxluq təşkil edən protestantlar Böyük Britaniyaya bağlı qalmaq niyyətindədirlər. İrlandiyanın vahidliyi və müstəqilliyi uğrunda mübarizə aparan İrland Respublika Ordusu (IRA) artıq uzun illərdir ki, bir çox dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən terrorist təşkilat kimi tanınıb. Təşklatın XX əsrin ortalarından başlayaraq həyata keçirdiyi 600-dən çox terror aktında 3200-dən çox mülki və hərbi şəxs öz həyatını itirib.

Avropada terrorizmdən ən çox əz çox əziyyət çəkən ölkələrdən biri də İspaniyadır. Etnik fərqlilikdən yaranan ETA (Euzkadi Ta Askatasuna – Bask ölkəsi və Azadlığı) terrorist təşkilatının əsas məqsədi İspaniya və Fransa ərazilərində baskların yaşadığı torpaqları birləşdirərək müstəqil bask dövlətini yaratmaqdır. 1950-ci illərdən formalaşmağa başlayan bu təşkilat mütamadi olaraq İspaniya ərazisində terror aktları həyata keçirirlər. Məsələn, 1986-cı ilin birinci yarısında ETA Madriddə 20 terror aktı törətmişdir.

Mənbə:

1. Altuğ, Yılmaz, Terörün Anatomisi, Altın Kitaplar Yayınevi, İstanbul, 1995

2. Uluslararası Hukuk ve Politika. Cilt 2, No: 7. Umut Kedikli. Avrupa Birliği’nin Terörizmle Mücadele Politikalari ve Hukuki Boyutu, 2006

3. Steffan Wolff. Peace at last? Chapter One – Northen Ireland. Berghahn books, 2002, p. 20

By Tural Isgandarov

Leave a comment