Avropada təhlükəsizlik problemi və Aİ

Avropa tarixi, mədəniyyəti, adətləri ilə fərqlənən xüsusi bir coğrafi qitədir. Digərləri ilə müqasiyədə kiçik olmasına baxmayaraq çox zəngin milli mənsubiyyətə malik olan Avropa tarixən müharibələrin mərkəzi olub. Qədim Roma İmperiyasından Hunların Böyük Köçünə, Karl İmperiyasından Yüzillik Müharibəyə, XVII əsrdə mili dövlətlərin yaranmasından Böyük Fransa İnqilabına, Napoleonun yürüşlərindən Almaniya imperiyasının yaranmasına, Birinci Dünya Müharibəsindən İkinci Dünya Müharibəsinə qədər tarixin bütün mərhələləri Avropadakı müharibələrlə zəngindir. Amma bugün Avropa tarixdə heç olmadığı qədər stabil və təhlükəsizdir. Bəs Avropa buna necə nail oldu? Avropanın təhlükəsizlik problemlərinin həllində hansı addımlar atıldı?

İkinci Dünya Müharibəsinin başlaması Versal – Vaşinqton sisteminin boşluqlarını aşkara çıxartdı. Müharibədən dərhal sonra keçmiş müttəfiqlər arasındakı narazılıqlar və meydana çıxan “soyuq müharibə” XX əsrin 20-30-cu illərində buraxılan boşluqların aradan qaldırılmasını aktuallaşdırdı. Avropa dövlətləri arasında birliyin yaradılması ideyası hələ müharibədən əvvəlki dövrə aiddir. Dövlətlərarasında əməkdaşlıq və qarşılıqlı münasibətlərdə gücün istifadəsidən imtina 1928-ci ilin Brian – Kelloq paktında əks olunub. “Avropa Birləşmiş Ştatları” ideyasını özündə əks etdirən pan-Avropa planı məhz bu dövrün məhsuludur. Bu məsələdə həmişə Fransanın xüsusi fəallığı nəzərə çarpır. Birinci Dünya Müharibəsində ABŞ hərbi qüvvələrinin ilk dəfə Avropaya ayaq basması müharibədə qələbə çalmaq üçün nə qədər vacib idisə, digər tərəfdən Fransa başda olmaqla bir sıra dövlətləri bir o qədər də narahat edirdi. Fransa Birləşmiş Ştatların Avropanın daxili işlərinə qarışmasını qətiyyən qəbul etmir, Avropa problemlərinin məhz özünün hegemonluğu altında Avropa ölkələri tərəfindən həllinə tərəfdardır. Elə buna görə də, Avropa ölkələri arasında birliyin yaradılması ideyasının ən qızğın təşəbbüskarı da Fransadır. Avropanın birləşdirilməsi ideyası da tarix boyu bir çox filosoflar və müdriklər tərəfindən boş xülya hesab edilib. Məsələn, Viktor Hüqo “Avropa Birləşmiş Ştatları” ideyasını humanistlərin utopik ideyası hessab edirdi.

İkinci Dünya Müharibəsindən sonra bu ideyanın reallaşdırılması istiqamətində bir sıra addımlar atıldı. Yenə də baş rolda olan Fransa Almaniya Federativ Respublikası ilə inteqrasiya nəticəsində bu birliyə nail olmağa çalışırdı. Əsıində Fransa iqtisadi inteqrasiya ilə AFR-in gələcəkdə ola biləcək təhlükəli addımlarını məhdudlaşdırmağa planlaşdırırdı. AFR isə öz növbəsində iqtisadi inteqrasiya nəticəsində “iqtisadi silah” vasitəsilə Almaniyanın birləşdirilməsinə çalışırdı. İnteqrasiya planını hazırlayan Fransanın Baş Naziri Robert Şuman 1950-ci il mayın 9-da planı açıqladı. 1951-ci il aprelin 18-də altı dövlət – Fransa, AFR, İtaliya, Belçika, Niderland və Lüksemburq Avropada Kömür və Polad Birliyinin (AKPB) yaradılması haqqında müqavilə imzaladılar. Bununla da Avropa İttifaqının yaradılmasının ilkin mərhələsi başlandı. Ardınca, 1957-ci ildə Avropa İqtisadi Birliyi (AİB) və Avropada Atom Enerjisi üzrə Birliyin (Avrotom) yaradılması haqqında iki müqavilə imzalandı. 1965-ci ilim amrtın 2-də imzalanan Brüssel müqaviləsinə əsasən 1967-ci ildə AKPB, AİB və Avrotom vahid Avropa Birliyi adı altında birləşdi. Birgə qərarların qəbul edilməsi haqqında 1971-ci il Lüksemburq müqaviləsi, 1993-cü ilə qədər vahid bazar yaratmaq və siyasi əməkdaşlığın genişləndirilməsi haqqında, eləcə də Avropa Birliyinin qərarlarına Avropa Parlamenti tərəfindən veto qoymaq hüququnu təsdiqləyən 1986-cı il Ümumavropa Aktı və 1993-cü ildən qüvvəyə minən 1990-cı il Şengen müqaviləsi Avropa ölkələri arasında inteqrasiyanın dərinləşməsinin hüquqi bazasını təşkil edir.

Altı üzv dövlətlə başlayan inteqrasiya prosesinə 1973-cü ildən Danimarka, İrlandiya və Böyük Britaniya, 1981-ci ildən Yunanıstan, 1986-cı ildən isə Portuqaliya və İspaniya qoşulur. 12 üzvü olan Avropa Birliyi 27 fevral 1992-ci il Maastrix müqaviləsi ilə Avropa İttifaqına çevrildi. Avropada Ümumi Müdafiə və Valyuta İttifaqı da daxil olmaqla siyasi ittifaqın yaradılmasını nəzərdə tutan bu müqaviləyə 17 protokol və 33 müraciət əlavə olunmşdur. “Soyuq müharibənin” başa çatması və Dünya Sosializm Sisteminin dağılması ilə Aİ-nin şərqə doğru genişlənməsi başlandı. Əslində 90-cı illərin əvvəlləri üçün bu genişlənmə siyasətində iki istiqamət var idi. Almaniya post-sovet ölkələri hesabına Aİ-nin genişləndirilməsi planını irəli sürdü. Buna qarşı olaraq, Fransa Qərbi Avropa inteqrasiyasının dərinləşdirilməsini tələb edirdi. Fransa düşünürdü ki, Avstriya, İsveç və Finlandiya kimi ölkələrin Aİ-yə qəbulu İttifaq çərçivəsində Almaniyanın mövqeyini gücləndirəcək. Amma bütün bunlara baxmayaraq, Avstriya, Finlandiya və İsveç 1995-ci ildə, Polşa, Macarıstan, Sloveniya, Slovakiya, Çexiya, Kipr, Malta, Latviya, Litva və Estoniya isə 2004-cü ildə Aİ-yə üzv oldular. 2007-ci ildə isə Bolqarıstan və Rumıniyanın ittifaqa qoşulması ilə üzvlərin sayı 27-yə çatdı. 2009-cu il 1 dekabrda qüvvəyə minən Lissabon sazişi daha demokratik, şəffaf, səmərəli, azad, həmrəy və təhlükəsiz Avropanın yaradılmasını təmin etməlidir.

XXI əsrə uğurla qədəm qoyan Aİ dünyanın ən təhlükəsiz məkanı hesab olunsa da, onun öz təhlükəsizliyi üçün bir sıra təhdidlər hələ də mövcud olmaqdadır. Bu təhdidləri aşağıdakı formada ümumiləşdirə bilərik:

→        Terrorizm və mütəşəkkil cinayətkarlıq: Terrorizm həm Avropada, həm də bütün dünyada təhlükəsizliyə qarşı ən ciddi təhdidlərdən biri kimi nəzərdən keçirilir. Narkotiklərin traffiki, insan alveri, qaçalmalçılıq, qeyri-qanuni miqrantların və silahların hərəkəti ilə müşahidə olunan mütəşəkkil cinayətkarlıq da Avropanın təhlükəsizlik məsələlərində prioritet təşkil edən istiqamətdir. 2003-cü ildən başlayaraq Aİ bu təhdidlərin aradan qaldırılmasında öz fəaliyyətini genişləndirib. Belə ki, 2004-cü ildə qəbul olunan Haaqa proqramı, 2005-ci ildən qüvvəyə minən Avropa İttifaqının anti-terrorizm strategiyası, Avropa İttifaqının terrorizmə qarşı fəaliyyət planı, Avropa İttifaqının terrorizmin maliyyələşdirilməsinə və genişlənməsinə qarşı mübarizə strategiyası məhz bu təhdidlərin aradan qaldırılması istiqamətində hüquqi baza rolunu oynayır. Bundan başqa Aİ ölkələrin daxilində radikal qrupların yaranması və radikal idealogiyanın formalaşmasının əleyhinə mədəniyyətlərarası dialoq təşkil etməli, insan hüquqları və əsas azadlıqlarını əldə rəhbər tutaraq diskriminasiyaya yol verməməlidir.

→        Kütləvi qırğın silahlarının yayılması: Xüsusən də, “soyuq müharibədən” sonra daha təhlükəli xarakter alan bu məsələ Yaxın Şərqdə kütləvi silahlanma dövründə daha da ciddiləşib. Biologiya elminin son dövrlərdəki inkişafı ilə əlaqədar olaraq bioloji silah və bu tip silahların terroristlərin əlinə keçmə ehtimalı Avropanı ciddi təhlükə qarşısında qoya bilər.

→        Regional münaqişələr: Dünyanın hər bir yerində olduğu kimi Avropa da regional münaqişələrlə zəngindir: Birləşmiş Krallıqda İrland məsələsi, İspaniyada Bask, Fransada Korsika, Balkanlarda Kosova, Moldovada Dnestryanı, Cənubi Qafqazda Qarabağ, Cənubi Osetiya və Abxaziya münaqişələri və s. Bunlarla yanaşı, Yaxın Şərqdəki, Kəşmirdəki, Koreyadakı, Afrikadakı münaqişələr də Avropa təhlükəsizliyinə birbaşa təhdid olaraq qalmaqda davam edir. Çünki bu münaqişələr stabil həyatı, insan hüquq və əsas azadlıqlarını pozmaq, infrastruktura və iqtisadiyyata ciddi ziyan vurmaqla yanaşı, ekstremizm və terrorizmin formalaşmasına, kütləvi qırğın silahlarının asanlıqla yayılmasına, nəzarətsiz zonaların və mütəşəkkil cinayətkarlığı genişlənməsinə şərait yaradır.

→        Kibernetik təhlükəsizlik: Müasir iqtisadiyyat və sosial həyat bir çox mühüm kritik amillərlə xarakterizə olunur: infrastruktur, nəqliyyat, kommunikasiya və eləcə də İnternet. Müasir dövrdə internet cinayətkarlığı iqtisadi, siyasi və hərbi silaha bərabər təhdid olduğundan Avropa İttifaqı 2006-cı ildə Təhlükəsiz İnformasiya Cəmiyyəti haqqında Avropa Strategiyasını qəbul edib.

→        Enerji təhlükəsizliyi: Hesablamalara əsasən Avropa İttifaqı 2030-cu ildə ehtiyac duyduğu neft və qaz tələbatının təxminən 75%-dən çoxunu idxal edəcək. Bu isə öz növbəsində Avropanın ətraf regionlarda yerləşən neftlə zəngin ölkələrdən asılılığını artırır. Digər bir məsələ isə Aİ ölkələrinin daxilində bu məsələyə münasibətin birmənalı olmamasıdır. Bugün Aİ öz neft tələbatını daha çox Mərkəzi Asiya, Qafqaz və Afrika regionları hesabına ödəməyə çalışır. Tranzit məsələlərində isə Türkiyə və Ukrayna ilə əməkdaşlığı genişləndirmək məsələləri prioritet təşkil edir.

→        İqlim dəyişikliyi: 2008-ci ilin martında Ali nümayəndələr və Komissiyanın Avropa Şurasına təqdim etdiyi hesabata əsasən iqlim dəyişikliyi “ciddi təhlükə faktoru” kimi xarekterizə edilir. Təbii ehtiyatların tükənməsi, yoxsulluğun artması, inkişaf etməkdə olan ölkələrdə sənayenin ekstensiv inkişafı, suya və havaya atılan zərərli maddələrin həcminin artması, kosmosun belə çirklənməyə məruz qalması nəticəsində formalaşan “istixana effekti” və onun mənfi təsirləri nəinki ekoloji, eyni zamanda siyasi, iqtisadi və hərbi böhranlara səbəb ola bilər.

Avropa İttifaqının xarici və təhlükəsizlik siyasətinin bir neçə əsas istiqaməti var: Avropanın mərkəzi hissəsində inteqrasiya, qonşu ölkələrdə stabilləşmə və böyük güc mərkəzləri ilə ikitərəfli əlaqələr. Bugün Aİ əsasən Avropanın mərkəzində təhlükəsizliyin hökm sürməsində maraqlıdır. Belə ki, Aİ öz qonşularını qeyri-ənənəvi təhlükələrin (Terrorizm, mütəşəkkil cinayətkarlıq, qeyri qanuni miqrasiya və s.) mənbəyi kimi görür. Bütün Avropada sülh və təhlükəsizliyi həyata keçirmək üçün Aİ iki mərhələli – stabilləşmə və inteqrasiyadan ibarət olan “Avropalaşma” (“Europeanization”) siyasətini həyata keçirir.

Aİ-nin ümumi xarici və təhlükəsizlik siyasətinin müəyyənləşdirilməsində əsas məqsəd təşkilatın dünya siyasətində önəmli rol oynamasından və ona təsir etmək gücünə nail olmaqdan ibarətdir. Amma üzv dövlətlərinin hər biri bu məsələyə öz prizmasından və mənafelərindən baxaraq birmənalı yanaşmır. Ümumi xarici və təhlükəsizlik siyasətinin formalaşmasında Aİ Dövlət və Hökumət Başçılarının Şurası, Nazirlər Şurası mühüm rol oynayır. Bu siyasətin əsas hədəfləri Aİ haqqında Müqavilədə belə göstərilir: ittifaqın ümumi dəyərləri, fundamental maraqlarını və müstəqilliyini qorumaq; ittifaq və üzvlərin təhlükəsizliyini möhkəmləndirmək; beynəlxalq əməkdaşlığı inkişaf etdirmək; qanunun aliliyinin qorunması, insan hüquq və əsas azadlıqlarına hörmət edilməsi; BMT Nizamnaməsinə, Helsinki Yekun Aktına, Paris Xartiyasının prinsiplərinə əsaslanmaq.

Avropa İttifaqının hərbi məsələlər ilə məşğul olan orqanı “Qərbi Avropa İttifaqı” adlanır. Bu qurum, NATO-nun Avropa qolu kimi, Maastrix Müqaviləsinə qədər Aİ-nin strukturlarına daxil deyildi. Bu müqavilədə qeyd olunur ki, İttifaqın ayrılmaz hissəsi olan Qərbi Avropa İttifaqı hərbi müdafiə məsələləri ilə məşğul olacaq və bu sahədə müvafiq qərar və proqramların işlənib hazırlanmasına, qəbul edilməsinə və həyata keçirilməsinə cavabdehlik daşıyacaqdır.

2003-cü ildə hazırlanan İttifaqın Konstitusiya layihəsinə əsasən 40.1 Maddəsində göstərilir: Aİ-nin ümumi təhlükəsizlik və hərbi müdafiə siyasəti ümumi xarici və təhlükəsizlik siyasətinin ayrılmaz hissəsi olacaqdır. Bu siyasətin həyata keçirilməsi hərbi və mülki resurslardan istifadə etməklə İttifaqın hərbi əməliyyatlar aparmaq gücünü formalaşdıracaqdır. BMT Nizamnaməsində əks olunan prinsiplərə uyğun olaraq, İttifaq bu gücdən öz sərhədlərindən kənarda sülhməramlı əməliyyatlarda, münaqişələrin qarşısının alınmasında və beynəlxalq təhlükəsizliyin möhkəmləndirilməsində istifadə edə bilər.

Baxmayaraq ki, 2003-cü ildə Avropa Təhlükəsizlik Strategiyası qəbul olunub, Aİ-nın vahid müdafiə siyasəti mövcud deyil. Əksər siyasətçilər və vətəndaşlar üçün Aİ iqtisadiyyat, mədəniyyət və ətraf mühitin mühafizəsi sahələrində əməkdaşlıq üçün xüsusi mərkəz rolunu oynayır. Amma dövlətçilik və suverenliyin əsas atributları olan silahlı qüvvələr, müdafiə məsələləri, xarici və təhlükəsizlik siyasətinin formalaşdırılması və səlahiyyətlərin dövlətlərdən alınaraq Brüsseldə yerləşən mərkəzi orqanlara verilməsi məsələsi birmənalı qarşılanmır. Göründüyü kimi bu ziddiyyətlərin aradan qaldırılması asan olmayacaq və Aİ-nin gələcək fəaliyyətinə ciddi təsir göstərəcək.

Mənbə:

1. Системная история международных отношений в двух томах, События 1945-2003, Том второй. Под редакцией А.Д.Богатурова. Москва – 2007

2. Global Forecast. The top security challenges of 2008. Edited by Carola McGiffert and Craig Cohen. Center for strategic and international studies. 2009

3. İbadov R. Avropa İttifaqının Əsasları. Bakı 2004

By Tural Isgandarov

Leave a comment