BİR şillənin qiyməti 500 manat <> İKİ şillənin qiyməti 2 ilədək HƏBS

Image29 iyun 2012-ci il tarixdə Milli Məclisin qəbul etdiyi qanunla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 132-ci maddəsi yəni DÖYMƏ cinayəti Məcəllədən xaric edilərək inzibati xəta kimi qiymətləndirildi. Bu məsələ təbii ki, cəmiyyətdə birmənalı qarşılanmadı və demək olar ki, əksəriyyət artıq şillənin qiymətinin 500 manat olmasını istehza ilə qeyd edir və bunun düzgün olmadığını iddia edirdi. Lakin qeyd edilən məsələ bu qədər də bəsit deyil və Milli Məclisin həmin qanunu ilə sadəcə olaraq 132-ci maddə çıxarılmayıb, eləcə də digər maddələrdə də dəyişikliklər edilib, hansı ki, həmin dəyişikliklərlə DÖYMƏ əməli yenidən cinayət kimi tövsif edilə bilər, lakin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 132-ci maddəsi ilə deyil, digər bir maddə ilə. Həmin maddə haqqında danışmamışdan qabaq ilk öncə bir neçə məsələni göstərmək istərdim.

Çox olmasa da, bu mövzuda yazmaq üçün kifayət edən ibtidai istintaq və məhkəmə təcrübəmə əsasən deyə bilərəm ki, 132-ci maddənin olması, yəni DÖYMƏnin cinayət kimi tövsifinin müsbət cəhəti onda idi ki, heç kim zorakılığa məruz qalmamalıdır. Xüsusən də ailə zorakılığının qarşısını almaq üçün məncə əla vasitə idi. İkinci bir tərəfdən mübahisə zamanı və ya hər hansı başqa bir şəraitdə əsəbləşərək kimisə bir şillə vurduqda yenə də cinayət törətmiş olursan. 132-ci maddənin xarakterik xüsusiyyəti onda idi ki, həmin maddədə nəzərdə tutulan əməli törədən zaman zərərçəkmiş şəxsə “dərəcəsi təyin edilməyən” bədən xəsarəti yetirəsən. Digər dərəcəli xəsarətlər üçün isə ayrı-ayrı maddələr var (yüngül dərəcəli xəsarət üçün 128, az ağır dərəcəli xəsarət üçün 127 və ağır dərəcəli xəsarət üçün 126-cı maddələr). Təbii ki, xəsarətin dərəcəsi bu sahədə xüsusi biliyi olan ekspert tərəfindən müəyyənləşdirilir. Deməli, kimisə bir şillə və ya yumruq ilə vurduqda ona dərəcəsi təyin edilməyən bədən xəsarəti yetiririksə və həmin şəxs bizim barəmizdə hüquq-mühafizə orqanlarına müraciət edirsə, deməli bizim cinayət məsuliyyətinə cəlb olunmağımız qaçılmazdır. Digər bir tərəfdən dərəcəsi təyin edilməyən və yüngül dərəcəli bədən xəsarəti olduqda zərərçəkmişin barışıq ərizəsi ilə də cinayət məsuliyyətindən azad olmaq olar.

132-ci maddənin mənfi cəhəti ondadır ki, ani əsəblə kiməsə vurduğun bircə dənə şilləyə görə cinayət məsuliyyətinə cəlb oluna bilərsən və nəticədə məhkumluq yaranar. Məhkumluq sadəcə olaraq azadlıqdan məhrum etmə cəzası deyil. Əgər məhkəmə kiminsə barəsində ittiham hökmü çıxarırsa, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müəyyən bir maddəsi ilə onu təqsirli bilirsə, baxmayaraq ki, ən yüngül cəza təyin edir (məsələn 200 manat pul cəriməsi), həmin şəxs məhkum edilmiş sayılır və məhkumluğun müddəti də bu Məcəllənin 83-cü maddəsinə əsasən hesablanır. Həmin maddəyə əsasən şərti məhkum edilmiş şəxslər barəsində — sınaq müddəti başa çatdıqda; azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə; böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən üç il keçdikdə; ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə; xüsusilə ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən səkkiz il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Yəni 132-ci maddə ilə məhkum olunmuş şəxs əksər hallarda cəzasını çəkib qurtardıqdan sonra 1 və ya 3 il məhkum olunmuş hesab edilir. Yəni ki, 132-ci maddə ilə tərbiyəsindən, sosial mənşəyindən, davranışından və s.-dən asılı olmayaraq hər kəs ani əsəbə görə məhkumluq adına layiq görülə bilər.

İndi yenidən qayıdaq Milli Məclisin qəbul etdiyi qanuna və 132-ci maddənin ləğvinə. Düzdü, DÖYMƏ əməli faktiki olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsindən çıxarıldı və cinayət kimi tanınmır, bundan sonra inzibati xəta kimi tanınacaq və İnzibati Xətalar Məcəlləsi ilə tənzimlənəcək. Amma həmin qanunda 132-ci maddənin ləğvi ilə 133-cü maddədə əsaslı dəyişikliklər oldu, hansı ki, kimisə döyməni hələ də cinayət əməli kimi tövsif edir. Dəyişiklik edilənə qədər 133-cü maddənin adı belə idi: “İşgəncə vermə”. Bu cinayətin ictimai təhlükəliliyinin xüsusi əlaməti ondandır ki, zərərçəkmiş şəxs daimi olaraq fiziki və psixi təzyiqlərə məruz qalır, mütəmadi olaraq döyülür, əzab və işgəncələr verilir. “İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və cəza növlərinə qarşı” 10 dekabr 1984-cü il Konvensiyasına görə işgəncə adətən kimdənsə nəsə haqqında məlumat əldə etmək, onları dindirmək və öz mənafeyinə nəisə tələb etməkdir.

Milli Məclis qəbul etdiyi qanunla 132-ci maddəni Cinayət Məcəlləsindən çıxartdı, amma 133 və 293-cü maddələrə dəyişiklik etməklə mahiyyətcə cinayət əməlinin daha düzgün tövsif edilməsinə şərait yaratdı. Belə ki, 133-cü maddənin adını “İşgəncə vermə”dən dəyişdirilib “Əzab vermə”yə çevrildi və bu isə mahiyyət etibarı ilə həmin maddəni sırf mütəmadi döyülmə cinayətinə şamil etdi. O ki, qaldı işgəncə verərək kimdənsə məlumat əldə etmək, ifadə almaq (xüsusən də vəzifəli şəxslər tərəfindən) cinayətinə həmin cinayət də öz əksini dəyişdirilən 293-cü maddə də tapdı. Dəyişikliyə qədər adı “İfadə verməyə məcbur etmə” olan 293-cü maddə hal-hazırda “İşgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza” oldu və işgəncə ilə bağlı, eləcə də ifadə verməyə məcbur etmə ilə əlaqədar bütün məsələlər öz əksini həmin maddədə tapdı.

Yəni mahiyyət etibarı ilə, Cinayət Məcəlləsində olan işgəncə ilə bağlı nüanslar təkmilləşdirilərək daha da dəqiqləşdirildi. Eləcə də başqa bir şəxsi döymə də cinayət əməli kimi öz hüquqi qüvvəsini saxladı. Yəqin ki, əksəriyyətiniz razı olacaq ki, kimisə bircə dəfə vurmaya görə məhkum olunmağı heç kim istəməz. Hər insan səhv edə bilər və bir şilləyə görə adam öldürənlə eyni statusu qazanmaq ədalətsizlik olardı. Tək Azərbaycanda yox, bütün dünyada cinayət qanunlarının əsas məqsədi cinayətkarı (və ya cinayət törətmiş şəxsi) cəzalandırmaqla yanaşı onu islah etmək və gələcəkdə bu cür cinayətlərin qarşısını almaqdır. Mən belə hesab edirəm ki, bir dəfə kiməsə bir şillə vuran şəxsi cinayət məsuliyyətinə cəlb etməkdənsə, onu inzibati xəta törətməkdə günahkar bilib o yöndə cəzalandırmaq lazımdır. Əgər həmin şəxs həmin cəza ilə islah olunub bir daha bu tip cinayət törətməyəcəksə, deməli cinayət qanunu öz məqsədinə çatmış olur. Yox, əgər həmin şəxs bu tip əməllərinə davam edəcəksə (mütəmadi olaraq eyni şəxsi döyəcəksə), o zaman artıq həmin şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi həm qanunlar baxımından, həm də cəmiyyət ədaləti baxımından düzgün olar.

Bu nəticəyə gələ bilərik ki, əgər BİR şillənin qiyməti 500 manatdırsa, İKİ şillənin qiyməti isə 2 ilədək HƏBSdir. Qanuna əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinə edilən dəyişikliklər 01 sentyabr 2012-ci ildən qüvvəyə minir.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s