“Şu hayatta insan en çok sevdiklerini acıtır.” – (əsər haqqında fikirlərim)

Başlıqdakı cümlə Elif Şafakın İskender adlı əsərindəndir. Məhz bu cümləyə görə mən mağazadan həmin əsəri aldım. Lakin hər şey düz bir il öncə, müəllifin Aşk adlı əsərini oxuduqdan sonra başladı. Elektron bir yazını sevmədiyimə baxmayaraq həvəslə komputerdən oxuduğum bu kitab optimistliyimi artırmağa biraz da kömək etdi. Düzdü, əsərin sonu adət etdiyimiz kimi Happy end-lə bitməsə də, əsər həyata olan sevgini yaşadırdı insana. Bu ayın əvvəllərində Bakıda kitab mağazalarının birinə girib Xaled Hüseyninin Çərpələng uçuran əsərinin Azərbaycan dilində olan tərcüməsini axtarırdım. Düzü həmin kitabın ingilizcə olanını ən yaxın dostlarım bir ildən çox idi ki, hədiyyə etmişdirlər, amma mən tənbəllik edib oxumamışdım. Nə isə, həmin əsəri axtaranda rəflərin birində Elif Şafakın adı dəydi gözümə və onun İskender adlı kitabı. Kitabı açıb vərəqlədimsə də, həmin vaxt almadım. Axtardığım kitabı alıb mağazadan çıxdım. Təxminən on gündən sonra qayıtdım mağazaya və o kitabı aldım. Ən çox da kitabın üz qabığının arxa səhifəsində yazılmış sözlərdən təsirləndim:Aşkı aramadan evvel, düşün bir, ya benden nasıl aşık olur? İnsanın karakteri sevdasının yansımasıdır. Sen kavgacı isen, ha bire öfkeli, aşkı da cenk gibi yaşarsın. Gönlü pak olanın sevgisi de saf olur. Şu hayatta insan en çok sevdiklerini acıtır. En derin yaralar ailede açılır, kabuk tutsa bile kanar hikaye, içten içe… Attığımız her adım, yaötığımız her işte kendimizi yansıtırız. Budur çözülmesi gereken bilmece…

Kitabı oxumadan ilk öncə apardığım kiçik araşdırmadan başa düşdüm ki, əsər türk-kürd əsilli bir ailənin İngiltərədə yaşaması və orada başlarına gələn faciədən bəhs edir. Elif Şafak adəti üzrə (Aşk əsərində olduğu kimi) kitabının üz qabığında eşqdən bəhs edərkən kitab ailə faciəsindən danışır. Bu təzad həmin əsəri oxumağa daha da həvəsləndirdi. Əsəri oxuduqca müəllifin yazı üslubunu sevməyə başladım. Bundan əvvəlki əsərində də olduğu kimi müəllif şablon ssenaridən istifadə etməyib. 1946 və 1992-ci illər arasında baş verən hadisələri müəllif əsər qəhrəmanlarının dili ilə müxtəlif dövrlərdə xronoloji ardıcıllığı gözləmədən elə gözəl yazıb ki, hər hissənin sonunda qalan kiçicik müəmma və onun gələcəyə təsiri oxucunu daha da duyğulandırır.

Bir hekayənin müxtəlif hissələrinin 10-dan çox qəhrəmanın dilindən verilməsi, hər qəhrəmanın özünə aid duyğularının, düşüncələrinin, gələcəyə aid planlarının və keçmişinin gələcəyə əks etdirilməsi elə gözəl işlənilib ki, eyni hadisə belə olsa, yalnız onu müxtəlif şəxslərin adından verilən hissələrin hamısını oxuduqdan sonra anlamaq mümkündür. Yəni həmin hissələr qarışdırılmış Puzzle-ın hissələridir və onları bir-bir oxuduqca Puzzle tamamlanmış olur. Maraqlısı da odur ki, Puzzle ardıcıl şəkildə yox, müxtəlif hissələrdən yerinə yerləşdirilərək yekunda düzəlir.

Əgər bir-birindən tam fərqli insanları birləşdirən bir hadisəni yaşamaq, onların dilindən yazılan hissələri oxuyarkən sanki özünün də o hadisələrin şahidi olmuş kimi hiss etmək istəyirsizsə, onda bu əsəri oxuyun. Çoxlarının bədii əsərlərdə sevmədiyi lazımsız tərənnüm, təbiətin və hadisələrin təsviri bu əsərdə o dərəcədə mükəmməl verilmişdir ki, bir an belə gözünü çəkmədən oxuyursan. Kitabda hadisələr o qədər real, o qədər dolğun yazılıb ki, hadisələrdən təsirlənməmək mümkün deyil. Hətta bəzən olan hadisələrə görə qəhrəmanları danlamaq, onlara məsləhət vermək və ya hansısa işdə kömək etmək, onların dərdinəşərik olmaq keçir oxucunun ürəyindən…

Əsər Türkiyənin ucqar kəndində yaşayan kürd əsilli ailənin 8-ci qız övladı ilə ailə quran türk əsilli kişinin dolanışıq üçün İngiltərəyə köçməsindən, İngiltərə həyatının ona və ailəsinə təsirindən, həmin kişinin əsərdə rus əsilli olduğu göstərilən, lakin bolqar əsilli rəqqasə ilə qeyri-qanuni əlaqəsindən, İngiltərədə əcnəbilərə qarşı təhqiredici, irqci münasibətlərdən, kapitalizmlə kommunizmin mübarizəsindən, cəhalətlə cahilliyin tənqidindən bəhs edir. Amma bu məsələlər Elif Şafakın qələmində o qədər incə və xüsusi formada işlənib ki, əsəri oxuduqca həmin anları adi həyatın forması kimi göstərir, lakin yeri gəldikcə vurğulayaraq elə tənqid edir ki, bu oxucunu darıxdırmır.

Kitabın digər bir üstünlüyü də onda oldu ki, oxuduğum müddət ərzində demək olar ki, əksər insanlar məndən kitab haqqında məlumat soruşurdular. Bəlkə də adını eşitsələr də, almağa tərddüd edirlər. Amma bir şey demək istərdim: əgər real və şişirdilməmiş, boş-boş mübaliğə və təsvirlərdən azad bir ailə dramı oxumaq istəyirsinizsə, kitabı vərəqlədiyiniz zaman onu oxumaq deyil, sankı filmə baxmaq kimi təsəvvür etmək istəyirsinizsə, dram olmağına baxmayaraq sevgini, ülvi hissləlri duymaq istəyirsinizsə, o zaman bu kitabı alın oxuyun. Mütləq!!!

 

Əsərin Azərbaycan dilində tərcüməsi olsa da, mən Türkçə oxumağa üstünlük verdim. Baxmayaraq ki, əsərin original dili ingilis dilidir, amma müəllifin Omca Koruganla birlikdə Türkçəyə tərcüməsi o qədər mükəmməldir ki, əsərin Türkçə oxunmasını tövsiyə edirəm. Çünki əsərə gözəllik verən onun dilidir. Necə ki, Rumi və Şəms Təbrizi haqqında olan Aşk əsəri Türkçədə mükəmməldirsə, bu əsərdə Türkçədə o dərəcədə mükəmməldir.

p.s. Məndə olan kitab 443 səhifədən ibarətdir və mən onun 330 səhifəsini oxumuşam. Əslində əsər başladığı andan necə bitəcəyi elə ilk 5 səhifədən məlum olur. Amma əsəri sona qədər oxumamaq mümkün deyil. Hadisələrin gedişatını təxminən bilsən də, bunu bir-bir oxumadan ürəyin rahat olmur. O qədər sevdim ki, bu əsəri hətta sonuna belə çatmadan onun haqqında yazıb sizlərlə paylaşmaq istədim.

Əgər bu əsəri oxusanız, mağazada kitabı alan zaman satıcının mənə dediyi sözü sizə demək istəyirəm: Sizə xoş qiraətlər!!!

p.s.s. Əgər Elif Şafakın “AŞK” əsərini elektron formada əldən etmək istəyirsinizsə, aşağıdakı linkdən yükləyə bilərsiz.

Elif Şafak – AŞK

2 Comments Add yours

  1. silver price says:

    Mən GODOTun fikriylə razıyam. Qanunun seriyasından Orxan Pamukun “Mənim adım qırmızı” romanını şəxsən bəyənmədim. Səhv etmirəmsə, N.Əbdürrəhmanlının tərcüməsidi. Tərcümə o qədər quru, oqədər cansıxıcıdı ki, adam cümlələri elə bil darta-darta oxuyur. Orjinaldan fərqli olaraq cox qurudu, oxunaqlı deyil. Amma xanımın da dediyi kimi Frederik Beqbeder Məhəbbət üç il yaşayıri pis deyil. Mustafa Məsturun “Donuz sümüyü və Cüzamlı əllər romanı”nı yeni oxumuşam.Hələ də o romanın təsirindəyəm. Cümlələr o qədər axıcı, rəvandı ki, adamı özülə aparır, romanın necə və nə vaxt bitdiyini anlamirsan.Bernhard Şlinkin Qiraetçi romanı da həmcinin pesakarlq hiss olunur. Yad romaniyla Mənim adim qirmizi haqda təəssuf bu sözləri demək olmur.

  2. nezmuseibova says:

    ELadi mence de en tesirli kitablardan biri oldu heyatimda. ehsqe gore de teshekkur oxuyacam

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s