İNSAN HÜQUQLARININ MÜASİR PROBLEMLƏRİ

Müasir dünyada gedən qloballaşma prosesinin əsas səbəbləri kimi dövlətlər arasında informasiya və hərəkət azadlığının artması, inkişaf etməkdə olan və inkişaf etməyən dövlətlərin investisiya cəlb edilməsi üçün sərhədlərini inkişaf etmiş dövlətlərin üzərinə açması, ümümdünya bazarının formalaşması, istehsal-istehlak asılılığının yaranması, xammalın qeyri-stabil paylanması və digər amilləri göstərə bilərik.

Qloballaşma dövlətin və cəmiyyətin hər bir sahəsinə təsir göstərdiyi kimi insan hüquqlarına da əsaslı təsir göstərən amillərdəndir. Ümumiyyətlə, insan hüquqlarının fenomen kimi formalaşması məhz qloballaşmanın cəmiyyətin həyatına fəal şəkildə nüfuz etməsi ilə birbaşa bağlıdır. Qloballaşmanın insan hüquqları sahəsinə göstərdiyi müsbət təsirlər sırasına aşağıdakıları aid edə bilərik:

–         İnsan hüquqlarının ümumbəşəri dəyər kimi formalaşması.

–         İnsan hüquqlarına xüsusi əhəmiyyətin artması.

–         İnsan hüquqlarının daha geniş tətbiq edilməsi, insan hüquqlarının yayılması.

–         İnsan hüquqların tətbiqi metodlarının genişləndirilməsi.

–         İnsan hüquqları sahəsində maarifləndirilmənin artması

–         İnsan hüquqlarına sahəsində təcrübənin əldə edilməsi və paylaşılması.

–         İnsan hüquqlarının milli (və ya dövlət) səviyyəsində olan problemlərinin aradan qaldırılmasında müştərək həll yollarının axtarılması və s.

Bununla yanaşı qloballaşmanın insan hüquqları sahəsində bir neçə mənfi təsirlərini də göstərmək olar:

–         Qloballaşma prosesində insan hüquqlarından bəhanə kimi istifadə olunması, xüsusən də digər dövlətlərin daxili işlərinə qarışılması, suverenliklərin təhlükə qarşısında qalması

–         İnsan hüquqlarının kor-təbii şəkildə yerli şəraitə uyğunlaşdırılmadan tətbiq edilməsi

–         İnsan hüquqları anlayışının mərkəzləşməsi, yəni insan hüquqları anlayışının tez-tez istifadə edilməsinə qarşılıq olaraq bu sahənin insanlara konkret nələr vəd etməsindən yan keçib, ümumiləşdirməyə üstünlük verilməsi.

–         İnsan hüquqlarının ABŞ və Avropa ölkələri tərəfindən təzyiq silahı kimi istifadə olunması.

–         Əksər hallarda insan hüquqlarının müdafiəsi adı ilə müdaxilə edilməsi.

–         Öz milli maraqlarına görə insan hüquqlarının pozulması adı altında bəzi istənməyən dövlətlərin təcrid edilməsi.

–         qloballaşma və inteqrasiya prosesləri nəticəsində dövlətlər arasında gömrük tariflərinin və şərtlərinin yumşadılmasının, əhalinin yerdəyişməsinə qoyulan qadağaların aradan qalxmasının özü ilə gətirdiyi qeyri-qanuni miqrasiya, qaçaqmalçılıq, narkobiznes, mütəşəkkil cinayətkarlıq və digərlərinin insan hüquqlarının qorunması sahəsində ciddi təhdidlərə çevrilməsi

İnsan hüquqlarının həm müasir, həm də ənənəvi problemləri sırasında təhsilin rolunu göstərmək labüddür. Ümumiyyətlə, vətəndaş cəmiyyətinin qurulması, insan hüquqlarının tam və qüsursuz tətbiqi, hüquqi və demokratik dövlətin yaradılması məhz təhsilin cəmiyyətdə oynadığı roldan çox asılıdır. Amma təhsilin səviyyəsinin artırılması sadəcə elmi biliklərin artırılması kimi yox, eyni zamanda insanlara sərbəst düşüncə qabiliyyətinin qazandırılması, onların fərd kimi formalaşdırılması, azad seçimin tətbiq edilməsinin aşılanması kimi nəzərdən keçirilməlidir. Çünki hər bir cəmiyyət istənilən məsələyə öz milli prizmasından yanaşır və onu özününküləşdirərək qəbul edir. Ona görə də, təhsil cəmiyyətin milli şüurunun formalaşdırılmasında əsas rol oynamalıdır.

Bütün bunlarla yanaşı insan hüquqlarının beynəlxalq problemlərinə bir neçə məsələləri də göstərmək olar ki, bu məhz qloballaşmanın gətirdiyi yeniliklərlə bağlıdır. Məsələn, son dövrlərdə qloballaşmanın nəticəsində dövlətlər arasında sərbəst insan hərəkətinin genişlənməsi bu sahədə olan boşluqlardan insan alverinin genişlənməsində istifadə olunmasına şərait yaradır. Insan hüquqlarında gender məsələsinin ön plana çəkilməsi, ailə daxili şiddət, insanlar arasında bir-birinə qarşı dözümsüzlük əslində cəmiyyətin daxilində olan problemlər olsa da, insan hüquqlarına beynəlxalq səviyyədə təsir göstərir. İnsanlar arasında texnologiyalar vasitəsilə əlaqələrin asanlaşması, xüsusən internet vasitəsi ilə təbliğatın genişlənməsi və şəxsi maaariflənmə bu problemləri aktuallaşdırmaqdadır.

Qloballaşma prosesi nəticəsində dövlətlər arasında sərhədlərin aradan qalxması, işçi qüvvəsinə olan tələbatın kəskinləşməsi insan hüquqları sahəsində bir sıra problemlərə səbəb olur ki, bunun başında insan alveri, rasizm və digərləri gəlir. Dünyanın müxtəlif yerlərində cəmiyyətlərin müxtəlif inkişaf səviyyəsi də insan hüquqları sahəsindəki problemlərin yaranma səbəblərindəndir. Belə ki, insan hüquqlarının hakim olduğu cəmiyyətlər əslində dözümsüzlük nümayiş etdirərək insan hüquqlarının mövcud olmadığı cəmiyyətləri maarifləndirmək yerinə daha çox onları təcrid edərək özünü qorumağa çalışır. Bunun ənənəvi sübutu kimi Avropanın digər dövlətlərə və onların cəmiyyətlərinə qarşı yaratdığı diskriminasiya və dözümsüzlük gəlir (Fransada hicabın qadağan edilməsi, Danimarkada İslam dinini təhqir edən karikaturaların dərc edilməsi və s.). Əslində bu məsələdə Avropanın mövqeyinə də birmənalı yanaşmaq düzgün olmazdı. Əsrlərlə müharibələr meydanı olan, insan hüquqlarının bərpa edilməsi uğrunda mübarizələr aparan Avropa bugün qurduğu stabilliyi başqaları tərəfindən müdaxilə edilərək pozulmasını istəmir.

Sonda bildirmək istərdim ki, cəmiyyətdə insan hüquqları sahəsində olan problemlərin yeganə həlli cəmiyyətin ona qarşı olan həssaslığını artırmaqdır. Yəni cəmiyyət hazır olmadığı halda ona insan hüquqlarını tam olduğu kimi tətbiq etməkdə problemi həll etmək mümkün deyil. Problemin həlli yalnız bu amilin bütün insanlar tərəfindən dərk edilərək qəbul edilməsidir. Bir şeyi də nəzərdə saxlayaq ki, yalnız o cəmiyyətdə insan hüquqları davamlı və dəyişməz olur ki, həmin cəmiyyət öz hüquqları üçün mübarizə aparmış olsun.

by TURAL ISGANDAROV

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s