Azərbaycan beynəlxalq hökumətlərarası təşkilatlar sistemində (BMT, ATƏT, AŞ, Aİ, NATO)

Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra bir çox problemlərlə üzləşdi. Bu problemlərin ən başlıçası Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsi idi. Məhz öz ərazi bütövlüyünü qorumaq, onun beynəlxalq hüquq normaları çərçivəsində tanıtmaq üçün bir çox beynəlxalq təşkilatlara üzv olmağa səy göstərdi.

BMT Azərbaycan Respublikası 1992-ci ilin 2 mart tarixində BMT-nin üzvlüyünə qəbul edilmiş və 1992-ci il may ayının 6-da Azərbaycanın BMT nəzdində Daimi Nümayəndəliyi açılmışdır. BMT ilə əməkdaşlıq nəticəsində Azərbaycan öz ərazi bütövlüyünün bütün dünyada tanınmasına nail olmuşdur. 1993-cü il ərzində BMT-nin TŞ Ermənistan-Azərbaycan münaqişəsinə dair 822, 853, 874, 884 saylı qətnamələr qəbul etmişdir. Bu qətnamələr Azərbaycanın ərazi toxunulmazlığını yenidən təsdiq edərək, dərhal atəşkəs elan olunması, hərbi əməliyyatlara son qoyulması və işğalçı qüvvələrin Azərbaycan Respublikası ərazisindən çıxarılması tələblərini irəli sürmüşdür. Təəssüf ki, məlum qətnamələrin müddəaları indiyə kimi yerinə yetirilməmişdir. BMT-nin Baş Assambleyası 1993-cü ildə keçirdiyi 85-ci plenar iclasında “Azərbaycanda olan qaçqın və məcburi köçkünlərə fövqəladə beynəlxalq yardımın göstərilməsi haqqında” Qətnamə (A/RES/48/114) qəbul etmişdir. 1996-cı ildən başlayaraq BMT Baş Assambleyası “BMT və ATƏT arasında əməkdaşlıq haqqında” Qətnaməsində Azərbaycan Respublikasının ərazi bütövlüyünü (Azərbaycan Respublikasının Dağlıq Qarabağ və onun ətrafında olan münaqişə) yenidən təsdiqləyir. Bundan başqa, 2008-ci ilin 12 martında BMT BA “Azərbaycanın işğal edilmiş əraziləri haqqında” GA/10693 saylı qətnamə qəbul edib.

Azərbaycan BMT-nin bir çox xüsusi qurum və orqanları ilə fəal və səmərəli əməkdaşlıq edir. Onların sırasında BMT-nin İnkişaf Proqramı (UNDP), BMT-nin Qaçqınlar üzrə Ali Komissarı, BMT-nin Uşaq Fondu (UNICEF), BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO), Sənaye İnkişaf Təşkilatı (UNIDO), Ümumdünya Səhiyyə Təşkilatı (WHO), BMT-nin Qadınlar Fondu, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (MAQATE), Nüvə Sınaqlarının Hərtərəfli Qadağan olunması haqqında Müqavilə Təşkilatı və s. Qeyd etmək olar.
ATƏT Azərbaycan ATƏM-in (1 yanvar 1995-ci ildən ATƏT) üzvlüyünə 1992-ci ilin 30 yanvarında qəbul olunmuşdur. Qeyd etmək lazımdır ki, ATƏM Azərbaycanın daxil olduğu ilk Avropa təşkilatı olmuşdur. 1992-ci ilin fevralın 27-28-də ATƏM-in Yüksək Vəzifəli Şəxslər Komitəsinin (YVŞK) iclasında ilk dəfə olaraq Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı müzakirələr aparıldı. Dağlıq Qarabağın Azərbaycan Respublikasına mənsub olunmasını təsdiq edən sənəddə, sərhədlərin dəyişdirilməməsi şərti ilə, münaqişənin sülh yolu ilə həllinə çağırış öz əksini tapdı. Azərbaycan ilk dəfə olaraq 1992-ci ilin iyulun 8-10-da Helsinkidə keçirilən ATƏM-in Zirvə Toplantısında iştirak etmiş, onun sənədlərini imzalamışdır. 1996-cı il 2-3 dekabr tarixlərində keçirilən ATƏT-in Lissabon Zirvə görüşündə Azərbaycanın ərazi bütövlüyü bir daha öz təsdiqini tapmışdır.Azərbaycan üçün ATƏT-in ən əhəmiyyətli qurumlarından biri də Minsk qrupudur. Minsk qrupu Daölıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasında vasitəçilik missiyasını icra edir. 1 yanvar 1997-ci ildən ATƏT-in Minsk Prosesinə Həmsədrlər qismində ABŞ, Rusiya və Fransa başçılıq edirlər. 1997-1998-ci illər ərzində Ermənistan-Azərbaycan münaqişəsinin həllinə dair Minsk Qrupunun Həmsədrləri tərəfindən üç təklif tərtib edilmişdir. İlk iki təklif Ermənistan tərəfindən, son təklif isə Azərbaycan tərəfindən qəbul edilməmişlər.

25 yanvar 2001-ci ildə Strasburqda Azərbaycan Respublikasının Avropa Şurasına tamhüquqlu üzv qəbul edilməsinə həsr olunmuş rəsmi mərasim keçirilmişdir. Azərbaycan AŞ-na üzv olmaq üçün bir sıra siyasi və hüquqi öhdəliklər götürmüşdür. Buna insan hüquq və azadlıqlarının təmin olunması, demokratik dəyərlərin inkişaf etdirilməsi, vətəndaş cəmiyyətinin inkişaf etdirilməsi və s. aiddir. Məhz bu islahatlar sayəsində Azərbaycanın Avropaya inteqrasiyası prosesi daha da sürətləndi.

Azərbaycan Aİ-nın üzvü olmasa da onunla fəal qarşılıqlı əlaqələrini inkişaf etdirməkdə maraqlıdır. Aİ öz Xüsusi Elçisini 1998-ci ildə Azərbaycana göndərmiş və Azərbaycan Aİ-da öz Daimi Nümayəndəliyini 2000-ci ildə açmışdır. 1991-ci ildən bəri Azərbaycan Aİ-dən 400 milyon avro dəyərində humanitar, texniki, ərzaq yardımı almışdır. Aİ üzv dövlətləri və Azərbaycan arasında 22 iyun 1999-cu ildə Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi (TƏS) (22 aprel 1996-cı ildə Lüksemburqda imzalanmışdır) qüvvəyə minmişdir ki, bu da tərəflər arasında yüksək səviyyəli əməkdaşlığın təşəkkül tapmasını təsdiqləyir. Bundan başqa Azərbaycan Aİ-nın Avropa Qonşuluq Siyasətinə də qoşulmuşdur. Aİ Azərbaycan ərazi bütövlüyünü dəstəkləyir və bu Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasına tərəfdar çıxır.

NATO Azərbaycanla NATO arasında əlaqələrin ilkin təzahürü hələ 1992-ci ildən yaranıb.Azərbaycan NATO üzvü olmasa da, onun “Sülh naminə tərəfdaşlıq” proqramında fəal iştirak edir. Bunun ən müsbət tərəfi isə ondan ibarətdir ki, Azərbaycan NATO təhlükəsizlik sisteminə aid olan Avropa ölkələri və ABŞ ilə beynəlxalq təhlükəsizlik sahəsində qarşılıqlı əməkdaşlıq edir. Bu proqrama qoşulmaqla Azərbaycan həm də beynəlxalq mövqelərini gücləndirmişdir.

by TURAL ISGANDAROV

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s