İnsan hüquqları üzrə Avropa Məhkəməsinin Yurisdiksiyası

Əslində Məhkəmənin tərkibi, quruluşu, fəaliyyət mexanizmi və digər bu kimi məsələlər onun yurisdiksiyasına aid edilənlərin səmərəli həlli üçün düşünülmüşdür. Məhkəmə mütləq səlahiyyətə malik deyildir. Onun səlahiyyət çərçivəsi Konvensiyanın 32-ci maddəsində göstərilənlərlə məhdudlaşır. Orada deyilir ki, “Məhkəmənin yurisdiksiyası Konvensiyanın 33, 34, 47-ci maddələrində nəzərdə tutulmuş şərtlərlə Konvensiyanın və onun Protokollarının şərhi və tətbiqinə dair göstərilən bütün məsələlərə şamil edilir”. Bu normada Məhkəmənin iki növ səlahiyyətindən söhbət gedir;

1) Konvensiyanın və onun Protokollarının təfsiri

2) Konvensiyanın və onun Protokollarının tətbiqi.

Konvensiyanın mətnində ilk qeyd etdiyimiz səlahiyyət “məsləhətçi rəylər” vermək səlahiyyəti adlanır və bu prosedur Konvensiyanın 47, 48 və 49-cu maddələrilə tənzimlənir. Əvvəla, Məhkəmə məsləhətçi rəyi yalnız AŞ Nazirlər Komitəsinin müraciətinə əsasən verə bilər. AŞ-ın üzvü olan dövlətlərin və AŞ-ın digər orqanlarının Məhkəməyə belə rəy almaqdan ötrü müraciət etmək hüququ Konvensiya ilə nəzərdə tutulmamışdır. Məhkəmənin məsləhətçi rəyinin predmetinin yalnız Konvensiyanın və onun Protokollarının müddəalarının şərhinə dair hüquqi məsələlər təşkil etməlidir. Məhkəmənin AŞ-ın hər hansı digər hüquqi aktına təfsir vermək səlahiyyəti yoxdur.Məsləhətçi rəy vermək haqqında Nazirlər Komitəsi tərəfindən edilən müraciətin Məhkəmənin səlahiyyətinə aid olub-olmamasını Məhkəmə özü həll edir. Məsləhətçi rəylər vermək səlahiyyətini nəzərdə tutan normalar indiyə qədər Məhkəmənin fəaliyyətində tətbiq edilməmişdir.

Konvensiyanın və onun Protokollarının tətbiqi ilə bağlı Məhkəmənin səlahiyyəti isə onun fəaliyyətinin mahiyyətini üzə çıxarır. Məhkəmə Konvensiyada və onun Protokollarında nəzərdə tutulan hüquq və azadlıqların pozulması ilə əlaqədar konkret işlərə baxmaq səlahiyyətinə malikdir. Konvensiya həmin işləri Məhkəməyə müraciət edən subyektin statusuna görə  iki qrupa bölür;

1) Dövlətlərarası işlər      2) Fərdi şikayətlər.

Məhkəmənin “dövlətlərarası iş” kimi baxdığı mübahisə aşağıdakı şərtlərə cavab verməlidir: Birincisi, mübahisə üzrə çıxış edən  tərəflər AŞ-ın üzvü olan və Konvensiyanı ratifikasiya edən dövlətlər olmalıdır. İkincisi, mübahisənin predmetini yalnız Konvensiya və ona aid olan Protokollarda nəzərdə tutulan hüquq və azadlıqların pozulması təşkil etməlidir. Üçüncüsü, bu zaman yuxarıda qeyd edilən hüquq pozuntusuna vətəndaşlıqdan asılı olaraq kimin məruz qalması əhəmiyyət kəsb etmir.

Avropa Məhkəməsinin icraatında olan işlərin mütləq əksəriyyəti fərdi şikayətlərlə bağlıdır. Fərdi şikayət hüququ Konvensiyanı ratifikasiya edən dövlətin ərazisində yaşayan hər bir şəxsin subyektiv hüququdur. Həmin hüququn aid olduğu Konvensiyanın 34-cü maddəsində işlədilən “fərd” anlayışını geniş mənada başa düşmək lazımdır. Konvensiya ilə fərdi şikayət hüququna malik subyektlərin geniş dairəsi müəyyən edilmişdir. Bura aşağıdakılar aiddir;

1) istənilən fiziki şəxs      2) qeyri-hökumət təşkilatları    3) ayrı-ayrı şəxslər qrupu

Konvensiyanın məkan baxımından qüvvəsinə görə, Məhkəmə təcrübəsində “ratione loci” anlayışı işlədilir. Konvensiya yalnız onu ratifikisiya edən dövlətin ərazisində quvvədədir və Konvensiyanın konkret normasının iddia edilən pozuntusu məhz belə dövlətin yurisdiksiyası daxilində baş verməlidir. Bura Konvensiyanın 56-ci maddəsinə müvafiq olaraq beynəlxalq əlaqələrə görə dövlətin cavabdehlik daşıdığı bütün ərazilər daxil ola bilər.

Konvensiyanın zamana görə qüvvəsini isə “ratione temporis” anlayışı ilə ifadə edirlər. Konvensiya ratifikasiya edilənə qədər baş verən hüquq pozuntusu ilə əlaqədar dövlətə qarşı yönələn şikayətlər bu şərtə görə qəbul olunmamış elan edilir. Əgər istinad edilən hüquq pozuntusu Konvensiyanın konkret dövlətə münasibətdə qüvvəyə minməsindən əvvəl baş veribsə və ondan sonra da davam edibsə, belə halda yalnız sonrakı hadisələr fərdi şikayətin predmeti ola bilər. Bu zaman Məhkəmə Konvensiyanın qüvvəyə minməsindən əvvəl baş verən faktları nəzərə ala bilər.

Beləliklə, fərdi şikayət aşağıdakı meyarlara cavab verməlidir; 1. Fərdi şikayətin bütün daxili hüquq müdafiə vasitələrinin tükənməsindən sonra verilməsi; 2. Fərdi şikayətin dövlətdaxili hakimiyyət orqanlarının müvafiq hüquq pozuntusu ilə bağlı sonuncu qərarının çıxarıldığı tarixdən 6 ay müddətində verilməsi; 3. Fərdi şikayətin anonim olmaması; 4. Fərdi şikayətin mahiyyətcə məhkəmənin artıq baxdığı məsələ ilə eyni olmaması; 5. Fərdi şikayətin digər beynəlxalq instansiyada baxılmaması; 6. Fərdi şikayətin (Yuxarıda qeyd edildiyi kimi) Konvensiya və onun Protokollarının müddəalarına zidd olmaması; 7. Şikayətin aydın əsaslandırılması; 8. Şikayət vermək hüququndan sui-istifadə edilməməsi.

Ümumiyyətlə, ərizənin Məhkəməyə təqdim edilməsindən sonra işin məhkəmədə gedişatını 2 mərhələyə bölmək olar:   1) ərizənin baxılmağa qəbul edilməsi. 2) işə mahiyyətcə baxılması.

Fərdi şikayətlə bağlı Məhkəməyə yazılan ilk məktub ərizəçini tanıtmalı və məktubda aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:   a) Şikayətin qısa xülasəsi;  b) Konvensiya və ya protokollarla təmin edilən və pozulmuş hesab edilən hüquq və ya hüquqların göstərilməsi; c) Ərizəçinin istifadə etdiyi daxili hüquq müdafiə vasitələri; ç) Rəsmi dövlət orqanları tərəfindən həmin şikayətlə bağlı çıxarılan qərarların siyahısı

Statistik məlumatlara görə, Məhkəməyə daxil olan fərdi şikayətlərin üçdə iki hissəsindən çoxu Komitə və Palatadan keçə bilməyərək qəbuledilməz hesab edilir.

Məhkəmə tərəfindən fərdi şikayət qəbul olunmuş elan edildikdən sonra işin mahiyyətcə baxılması mərhələsi başlanır. Bu zaman fərdi şikayət cavabdehə təqdim olunur. Məhkəmədə cavabdeh qismində hər bir halda Avropa Şurasının üzvü olan və Konvensiyanı və ona aid Protokolları ratifikasiya edən dövlətlər çıxış edir. İş üzrə sübutların toplanması və işə mahiyyətcə baxılması Palata çərçivəsində həyata keçirilir. İşlərə onların hazırlıq səviyyəsindən asılı olaraq növbəlik qaydasında baxılır. Lakin, konkrekt şikayətin növbədən kənar baxılması haqqında da qərarın qəbul edilməsinə yol verilir. Məhkəmə Reqlamentinin 65-ci maddəsinə görə dinləmələrdə şahid, ekspert və digər  şəxslər iştirak edə bilərlər. Palatanın qərarı dinləmələrdən sonra bağlı qapı arxasında qəbul edilir. İş üzrə son qərarın qəbulu zamanı hakim bitərəf qala bilməz. Lehinə və əleyhinə verilən səslər bərabər olduqda isə, ikinci dəfə səsvermə keçirilir. Yenidən eyni nəticə alındıqda Sədrlik edənin səsi həlledici hesab olunur.

Konvensiya və ya onun Protokollarının normalarının pozulduğunu müəyyən edən Məhkəmə yalnız bir sanksiya tətbiq edə bilər. O da cavabdehin üzərinə qoyulan, maddi və mənəvi ziyanın ödənilməsi ilə bağlı olan, Məhkəmənin qərarı ilə müəyyən edilən pul məbləğidir.

Məhkəmənin dövlətdaxili qanunvericilik aktını və ya hüquq normasını dəyişdirmək və ya belə dəyişikliyi tələb etmək, habelə işin halları ilə bağlı hər hansı digər hakimiyyət tədbirlərinin həyata keçirilməsini tələb etmək hüququ yoxdur. Məhkəmənin ərizəçinin tələbilə milli məhkəmələr tərəfindən çıxarılan hər hansı hökmü və ya qərarı ləvğ etmək səlahiyyəti də yoxdur. Eyni zamanda, Məhkəmə qərarının üzv-dövlətlər üçün məcburi presedent qüvvəsinə malik olması haqqında da söhbət gedə bilməz. Lakin dövlətə gələcəkdə tətbiq edilə biləcək maddi sanksiyalar baxımından Məhkəmə qərarının nəzərə alınması, milli qanunvericiliklərin onların təsiri nəticəsində təkmilləşdirilməsi təbii hesab edilməlidir.

Palatanın qərarından narazı qalan istənilən tərəf üç ay müddət ərzində iş üzrə ciddi səbəblər olarsa, işin Böyük Palataya verilməsini tələb edə bilər. Böyük Palatanın beş hakimdən ibarət Komitəsi ( bəzən bunu Kollegiya da adlandırırlar ) tələbi qəbul edərsə, onda Böyük Palata qərar çıxarmaqla işi həll edir. Böyük Palatanın qərarı qətidir. Məhkəmənin qəti qərarları məcburi qüvvəyə malikdir.  Məhkəmənin qəti qərarları onların icrasına nəzarətin həyata keçirilməsi üçün Avropa Şurasının Nazirlər Komitəsinə göndərilir.

by TURAL ISGANDAROV

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s