Avropa İttifaqının beynəlxalq anti-terror əməliyyatlarında iştirakı

Artıq qeyd edildiyi kimi terrorizm hər hansı bir region üçün deyil, bütünlükdə dünya üçün təhlükə yaradan qlobal problemə çevrilib. Belə qlobal problemlərin həll edilməsində ayrı-ayrı dövlətlər və ya dövlətlər qrupunun səyi daha az səmərəlidir, nəinki bütün dünya dövlətlərinin birgə səyi. Bunun üçün də əgər Avropa İttifaqı ölkələri beynəlxalq terrorizm problemindən əziyyət çəkmək istəmirlərsə, o zaman digər beynəlxalq təşkilatlar (BMT, NATO və s.) və üçüncü ölkələrlə əməkdaşlıq etməlidirlər. Terrorizmlə mübarizə sahəsində Avropa İttifaqının digər beynəlxalq münasibətlərin aktorları ilə geniş şəkildə əməkdaşlığa başlaması 11 sentyabr hadisələrindən sonra daha da intensivləşdi.

Hal-hazırda dünya dövlətlərinin demək olar ki, əksəriyyətinin üzv olduğu ən böyük beynəlxalq təşkilat BMT-dir. Məhz buna görə də, Aİ – BMT terrorizmlə mübarizə əməkdaşlığının perspektivi də böyükdür. 11 sentyabr hadisələrindən sonra BMT Təhlükəsizlik Şurası 1368 və 1373 saylı qətnamələr qəbul etmişdi. Qətnamələrə əsasən BMT terrorizmə qarşı mübarizədə dünya dövlətlərinin ittifaqını yaratmağa çalışırdı.  Aİ ilə BMT arasında terrorizmlə mübarizədə əməkdaşlığın əsas sahəsi BMT-nin orqanları tərəfindən qəbul edilən qətnamə, qərar və müqavilələrə uyğun olaraq yaradılan hüquqi çərçivənin həyata keçirilməsinə imkanı olmayan dövlətlərə texniki yardım etməkdir. Belə ki, 1373 saylı qətnamənin həyata keçirilməsində Aİ kasıb ölkələrə yardım edir, onların polis, ədliyyə, gömrük orqanlarının möhkəmləndirilməsi, “çirkli pulların” yuyulmasının qarşısını alınması sahəsində dövlət və qeyri-dövlət layihələrinə maddi və texniki dəstək verir.  9-11 iyun 2003-cü ildə Osloda keçirilən “Terrorizmin əsas səbəbləri” adlı Beynəlxalq Ekspertlər Toplantısının gəldiyi yekun nəticə budur ki, terrorizmin əsasında heç bir din dayana bilməz, terroristlər sadəcə öz hərəkətlərini dini çərçivəyə əsaslandıraraq bəraət qazanmağa çalışırlar. Terrorizmin kökündə demokratiyanın, insan hüquqlarının, hüquqi bazanın olmaması dayanır. Ona görə də, təsadüfi deyil ki, istər Avropa İttifaqının Anti-terrorizm Strategiyasında, istər Avropa İttifaqının Terrorizmə qarşı Fəaliyyət Planında, istərsə də Terrorizmin Radikallaşması və Səfərbərliyinə qarşı Avropa İttifaqı Strategiyasında əsas prinsip terrorizmə qarşı mübarizə aparılarkən mütləq insan hüquq və əsas azadlıqlarına və beynəlxalq hüququn prinsiplərinə əsaslanmalıdır. Amma hər bir halda din və ideogiya terrorizmdə önəmli bir faktordur. Buna əsaslanaraq Aİ ilk öncə Filippin, İndoneziya və Pakistan kimi ölkələrdə xüsusi yardım proqramları çərçivəsində terrorizmin kökləri ilə mübarizəyə dəstək verir. Terrorizmin kökləri ilə mübarizə aparmaq üçün terrorist təşkilatların yarandığı və fəaliyyət göstərdiyi zəif ölkələrə iqtisadi, siyasi və sosial layihələr çərçivəsində yardım etmək xüsusilə əhəmiyyətlidir. Aİ Komissiyası Pakistanda təhsil sahəsində xüsusəndə Taliban tərəfindən ələ keçirilməsi planlaşdırılan ibtidai dini məktəbləri maliyyələşdirərək onların terror qruplaşmaların ideoloji təsirinə düşməsinə mane olmuşdur.

ABŞ-a qarşı həyata keçirilən 11 sentyabr terror aktlarından sonra NATO nizaminaməsinin 5-ci maddəsinin işə salınması və BMT Təhlükəsizlik Şurasının 1368 və 1373 saylı qətnamələrdə ABŞ-nın özünümüdafiə hüququnun tanınması və bütün dövlətlərin terrorizmlə mübarizəyə çağrılmasına bağlı olaraq Avropa İttifaqı həm BMT qətnamələrinin qəbul edilməsi məsləsində öz öhdəsinə düşəni yerinə yetirəcəyini qeyd etmiş, həm də terrorizmlə mübarizə üçün dövlətlərin koalisiyasının yaradılmasına dəstək vermişdi.  BMT Nizaminaməsinin 51-ci maddəsində qeyd olunan özünümüdafiə hüququ dövlətlərə məruz qaldıqları silahlı hücuma qarşı tək və ya müştərək şəkildə mübarizə apara bilmə imkanlarının yaradır. Dolayısı ilə də ABŞ-a qarşı edilən terror hücumlarından dərhal sonra ilk dəfə olaraq NATO Nizamnaməsinin 5-ci maddəsinə əsaslanaraq ABŞ və digər ölkələr terrorizmə qarşı mübarizə aparmaqda hüquqi baza əldə etdilər.

Beynəlxalq terrorizmlə mübarizə üçün ilk müharibə Əfqanıstanda başladı. ABŞ rəhbərliyi ilə başlayan anti-terrorizm mübarizəsində ikinci həlledici yer məhz Avropa İttifaqı ölkələrinə məxsus idi. Əfqanıstan əməliyyatı gedişində ABŞ-ın sahil xətlərinin qorunması ilk dəfə olaraq Kanada və Avropa İttifaqı ölkələrinin ixtiyarına verilmişdir. Belə ki, ABŞ-ın AWACS təyyarələri Əfqanıstanda döyüşərkən Avropalı müttəfiqlərə aid AWACS təyyarələri də Amerika sahillərini qoruyurdu.  Bu dəstəklə bərabər Aİ və NATO üzvü olan müttəfiqlər ABŞ-a hava sahələrindən, hərbi bazalardan istifadə hüququ vermiş və dolayısı ilə ABŞ-ın terrorizmə qarşı mübarizəsini dəstəkləmişlər.

11 sentyabr hadisələrindən qabaq Avropa İttifaqı ABŞ-a terrorizmlə mübarizədə birbaşa dəstək verməkdə ya çox istəksiz görünür, ya da dolayı yolla dəstək verməkdə davam edirdi. Lakin 11 sentyabr hadisələrindən sonra terrorizmlə mübarizədə Avropa İttifaqı ABŞ-a daha çox və ciddi dəstək verməyə başladı.

Avropa İttifaqı çərçivəsində isə Avropa Təhlükəsizlik və Müdafiə Siyasəti – ESDP (European Security and Defence Policy) terrorizmi də əhatə edecək dərəcədə genişləndirilməyə və aktivləşdirilməyə başlandı. Avropa İttifaqı 1999-cu ildə ESDP çərçivəsində formalaşacaq mühafizə birliyinin NATO-dan kənarda deyil, Nato ilə sıx bağlı və onun imkan və bacarıqlarından yaralanacaq şəkildə formalaşdırmağa çalışmışdır. Real olaraq da, biz açıq aydın görə bilərik ki, ESDP NATO-nun Avropada həyata keçirtdiyi kollektif təhlükəsizlik siyasətini nəinki üstlənmək, heç bu imkanlara da sahib ola bilmə iqtidarında deyil. 11 sentyabr hadisələrindən sonra Aİ terror hücumlarına qarşı məsuliyyətlə yanaşacaq təhlükəsizlik və müdafiə siyasətini formalaşdırmaq üçün yollar axtarmiışdır. 2004-cü il 11 martda İspaniyada baş verən terror aktından sonra bu sahədə fəaliyyətini genişləndirən Aİ ESDP-nin terrorizmlə mübarizəni dəstəkləmək istiqamətində təcili islahatların aparılmasına qərar vermişdir.

Terrorizmlə mübarizədə Avropa İttifaqı üçün xüsusi əhəmiyyət kəsb edən ərazilər sırasına Aralıq dənizi sahili də aiddir. Bu ərazinin Aİ üçün önəmi ondan ibarətdir ki, Avropada mövcud olmuş terror təşkilatlarının yerləşdikləri ölkələr məhz Aralıq dənizi sahilindədirlər (İspaniya, Fransa, İtaliya, Yunanıstan və s.). İkincisi, Aralıq dənizinin cənub və şərq sərhədləri istər iqtisadi, istərsə də siyasi cahətdən Avropa ölkələrindən zəif ərəb ölkələri ilə əhatə olunub. Bu cür ölkələrdə terrorizmin yayılmasına tam şərait olduğu üçün Aİ öz təhlükəsizliyi naminə onların təhlükəsizliyini də fikirləşməlidir. Üçüncüsü isə, Aralıq dənizinin şərq sahili hal-hazırda dünyanın ən qeyri-sabit regionlarından olan, eyni zamanda ən böyük terror təşkilatlarının fəaliyyət göstərdikləri region – Yaxın Şərq yerləşir. Avropa ölkələrinin Əfqanıstan və İraqda terrorizmə qarşı mübarizədə aktiv fəaliyyəti, Ərəb – İsrail münaqişəsində İsrailə dəstək nümayiş etdirməsi və Avropa ərazisində müsəlmanlara qarşı münasibətin yaxşı olmaması məhz Aİ ərazisinin terror aktlarının hədəfinə çevrilməsinə şərait yaradır. Bunun üçün də Aİ Aralıq dənizi sahilində yerləşən dövlətlərin təhlükəsizlik siyasətinin gücləndirilməsi sahəsində xüsusi canfəşanlıq göstərir. Bu məqsədlə, 10 noyabr 2006-cı ildə Limassol Bəyannaməsi imzalanıb. Bəyannamədə də göstərildiyi kimi, Avropa İttifaqının təhlükəsizlik sahəsində Aralıq dənizi siyasəti 1995-ci ildən “Barselona Prosesindən” başlayıb. Xatırlatmaq lazımdır ki, 1995-ci il noyabrda Barselonada Avro-Aralıq sammiti keçirilib və bu proses öz başlanğıcını bu sammitdən götürüb. Bəyannaməyə əsasən, dövlətlərin anti-terror gücü onların insan hüquqlarına hörmət edən, beynəlxalq prinsipləri əldə rəhbər tutan və demokratik rejimlərinin gücləndirilməsi ilə artırılmalıdır.

Beynəlxalq terrorizmə qarşı Avropa İttifaqının ABŞ-la əməkdaşlığı xüsusi rol oynamaqdadır. SSRİ-nin dağılmasından sonra dünyanın yeganə fövqəldövləti olan ABŞ-a qarşı ən ciddi təhlükə məhz terrorizm olduğundan ABŞ beynəlxalq arenada terrorizmə qarşı mübarizə üçün daima özünə müttəfiqlər axtarmaqdadır. Aİ ölkələri isə ən ideal müttəfiqlər ola bilər. Bunun bir neçə səbəbini göstərmək olar:  birincisi, Aİ ölkələrinin əksəriyyəti NATO çərçivəsində ABŞ-la hərbi əməkdaşlıq edir, ikincisi, BMT Təhükəsizlik Şurasının 5 daimi üzvündən ikisi – Fransa və Böyük Britaniya Aİ üzvüdürlər, üçüncüsü, G-8 (Böyük səkkillik) ölkələrindən dördü Aİ üzvüdür və bu da Aİ-nin terrorizmə qarşı mübarizədə həm hərbi baxımdan, həm də maliyyə baxımından etibarlı müttəfiq ola biləcəyindən xəbər verir, və nəhayət dördüncüsü, istər ABŞ, istərsə də Aİ-nin terrorizmə qarşı mübarizəyə yanaşma tərzi bir-birinə çox yaxındır. Yəni hər iki tərəf bu mübarizədə demokratik prinsiplərə, beynəlxalq hüquqa və insan hüquq və azadlıqlarına əsaslanmağa tərəfdardırlar. Amma Aİ daxilində ABŞ-la müttəfiqlikdə müxtəlif fikir ayrılıqları var. Məsələn, Böyük Britaniya hər bir halda ABŞ-a dəstək erən ölkədir. Əfqanıstan və İraqda müharibə başlayanda İspaniya da ABŞ-ın yanında olduğunu qeyd etmişdir. Lakin 2004-cü ildə 11 martda Madriddə baş verən terror aktının əsas günahkarı kimi İspan hökuməti ETA-nı günahlandırdı. Sonradan müəyyən olundu ki, bu terror aktının təşkilatçısı məhz Əl-Qaidədir. Ona görə də ABŞ-la birtərəfli olaraq anti-terror müharibəsinə qoşulması əl-Qaidə kimi terror təşkilatının İspaniyada teraktlar keçirtməsi hökumətə qarşı əhalinin ciddi etirazına səbəb oldu. İspaniyada Asnar hökumətinin Zapateronun başçılıq etdiyi hökumətlə əvəzlənməsindən sonra İspaniya da beynəlxalq terrorizmlə mübarizədə Fransa və Almaniyanın mövqeyinə yaxınlaşdı. Yəni ilk öncə Aİ-nın təhlükəsizliyinin təmini, daha sonra qonşu ölkələrin və daha sonra da digər regionların.

Beynəlxalq terrorizmlə mübarizədə Avropa İttifaqının qonşu ölkə kimi Azərbaycanla da əməkdaşlığını qeyd etmək yerinə düşərdi. Belə ki, Azərbaycan 1991-ci ildə müstəqilliyini əldə edəndə ölkədə vəziyyət çox ağır idi. 1993-cü ildən ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə gəlməsi və həmin ilin oktyabrında prezident seçilməsindən sonra vəziyyət xeyli stabilləşməyə başladı. Terrorizmdən ən çox əziyyət çəkn ölkələr sırasında olan Azərbaycan 1990-cı illərin ortalarına qədər terror aktlarının hədəfində olmuş, məhz bu dövrdən sonra daxili idarəçiliyin möhkəmləndirilməsi, insan hüquqlarının, demokratiyanın inkişaf etdirilməsi və azad bazarın yaradılması terrorizmə qarşı mübarizədə Azərbaycanı daha da irəli getməsinə şərait yaratdı. Öz zəngin enerji ehtiyatları ilə seçilən Azərbaycan Avro Atlantik məkanın enerji təhlükəsizliyində mühüm rol oynaması konteksində Avropa və Azərbaycan arasında təhlükəsizlik məsələlərində xüsusi əməkdaşlıq inkişaf etməyə başlayır. Qəbul olunan Azərbaycan – Avropa İttifaqı Fəaliyyət Planına əsasən aşağıdakı istiqamətlər müəyyənləşdirilmişdir: terrorizmin qarşısının alınmasında Azərbaycan – Aİ əməkdaşlığını inkişaf etdirmək, BMT çərçivəsində terrorizmə qarşı çoxtərəfli mübarizədə əməkdaşlıq, eyni zamanda BMT Təhlükəsizlik Şurasının 1267/99, 1373/01, 1566/04 və 1624/05 saylı qətnamələri və “Terrorizmin Maliyyələşdirilməsinin Qadağan Olunması” haqqında BMT Konvensiyası çərçivəsində fəal əməkdaşlıq, Aİ üzv ölkələri və Azərbaycanın polis və ədliyyə sistemləri arasında informasiya mübadiləsinin təmin edilməsi, terrorizmlə mübarizənin insan hüquq və azadlıqlarına əsaslanması, qeyri-qanuni miqrasiyaya birgə nəzarət, sərhədlərdə nəzarətin gücləndirilməsi, “çirkli pulların” yuyulmasına qarşı birgə mübarizənin aparılması və s.

Mənbə:

1. The text of UN Security Council Resolution 1373 (2001)

2. The U.N. Counter-Terrorism Committee: An Institutional Analysis. C.S.R.Murthy, September 2007

3. Conclusions and Plan of Action of The Extraordinary European Council Meeting, 21 Eylül 2001

4. Umut Kedikli, BM Antlaşması’nda Meşru Müdafaa Hakkı, Basılmamış Yüksek Lisans Tezi, (Ankara: Ankara Üniversitesi, 2005)

5. Martin Walker, ‘Post 9/11: The European Dimension,’ World Policy Journal, Vol. 18, Issue 4, Winter 2001/02

6. Louis Golino, ‘Europe, the War on Terrorism and the EU’s International Role’, The Brown Journal of World Affairs, Vol. 8, Issue: 2, Kış 2002

7. Declaration of Limassol. Adopted on 10 November 2006 by the members present of the European Association of former members of parliament of the member states of the Council of Europe or the European Union.

8. Pal Dunay and Zdzislaw Lachowski. Euro-Atlantic security and institutions. 2005

9. EU / Azerbaijan Action Plan – 42 p

by TURAL ISGANDAROV

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s