Avropa İttifaqının terrorizmlə mübarizəsinin hüquqi bazası

İlk olaraq qeyd etmək lazımdır ki, Avropa İttifaqı terrorizmi həm Avropanın, həm də digər regionların təhlükəsizliyi və stabilliyi baxımından ən böyük təhdidlərdən biri kimi görür. Ancaq İttifaq daxilində üzv ölkələrin bu təhdidə müxtəlif yanaşması bütövlükdə Avropa İttifaqının terrorizmlə mübarizədə uzunmüddətli fəaliyyəti yerinə baş vermiş hər hansı bir hadisəyə qarşı cavab vermə şəklindəki əməkdaşlığı meydana çıxardır. Üzv ölkələrin məhdud əməkdaşlığına baxmayaraq Avropa İttifaqı xüsusən də, 11 sentyabr hadisələrindən sonra təşkilat olaraq öz təsirini artırmaq üçün təhlükəsizlik, sağlamlıq, maliyyə və birlik hüququ kimi sahələrdə islahatlara başlayıb. Avropa İttifaqı eyni zamanda üzv olmayan digər ölkələr, BMT və NATO kimi beynəlxalq təşkilatlarla da bu sahədə əməkdaşlıq etməyə çalışır.

Müasir dövrdə terrorizm qeyri-qanuni miqrasiya, “çirkli pulların” yuyulması və mütəşəkkil cinayətkarlıqla çox sıx əlaqələrə malikdir. Dolayı olaraq da, terrorizmlə mübarizədə effektiv olmaq üçün məhz bu qanun pozuntuları ilə də mübarizə aparmaq vacibdir. Bu baxımdan 1992-ci ildə imzalanan Maastrix müqaviləsi xüsusi əhəmiyyətə malikdir. Müqavilənin üçüncü bəndi məhz bu məsələləri özündə ehtiva edir. Maastrix müqaviləsində daxili təhlükəsizliklə bağlı məsələlər Avropa İnsan Hüquqları Bəyannaməsinə uyğunlaşdırılıb. Müqaviləyə əsasan üzv dövlətlər narkotik maddələrin istifadəsi ilə mübarizə, ədliyyə və gömrük sahəsində əməkdaşlıq və terrorizmlə mübarizədə polis orqanlarının əməkdaşlığını təmin etməlidirlər. Eyni zamanda müqavilənin nəticəsi olaraq terrorizm, beynəlxalq narkotik ticarəti və mütəşəkkil cinayətkarlıqla mübarizə aparmaq üçün Avropa Polis Təşkilatı (Avropol) yaradılmışdır.

Maastrix müqaviləsi Avropa Birliyi ölkələrinin terrorizmlə mübarizədə ortaq fəaliyyətini özündə ehtiva edən ilk hüquqi baza rolunu oynayır. Bunun da əsas səbəbi, müqavilədə nəzərdə tutulan sərhədlərin qaldırılması və viza rejiminin ləğvi ilə terroristlər üçün yaranacaq əlverişli şəraitdən doğan narahatçılıqlar idi. Amma bütün bu tədbirləri tez bir zamanda həyata keçirilməsi mümkün olmadı. Çünki hər bir üzv dövlətin terror və terrorist ifadələrinə özünəməxsus yanaşması var.

1997-ci ildə imzalanan Amsterdam müqaviləsi də Maastrix müqaviləsində irəli sürülmüş müddəaları yenidən ön plana çəkir və bu sahədə üzv ölkələr arasında əməkdaşlığı daha da gücləndirməyi hədəfləyib. Müqavilənin məhz 31 maddəsi də bu sahəni əhatə edir.

1 may 1999-cu il tarixində Amsterdam müqaviləsinin qüvvəyə minməsindən sonra həmin ilin 15-16 oktyabrında Tamperedə Avropa Birliyi ölkələrinin Dövlət və Hökumət Başçılarının Zirvə Toplantısı keçirildi. Zirvədə Amsterdam müqaviləsində təklif olunmuş sahələrdə İttifaqın fəaliyyətinin genişləndirilməsinə, terrorizmlə mübarizədə daha effektiv rola malik olması üçün lazımı tədbirlərin görülməsinə qərar verilmişdir. Zirvə toplantısının ən vacib əhəmiyyətlərindən biri beynəlxalq hakim və polislərdən ibarət Eurojust (Avropa ədaləti) adlı təşkilatın qurulması ideyası oldu. Eyni zamanda Zirvə toplantısının təklifi əsasında Avropa İttifaqı Şurasının qərarı ilə 2000-ci il 22 dekabrda CEPOL (Avropa Polis Kolleci) yaradıldı.

Ümumiyyətlə, praktiki cəhətdən Avropa İttifaqının terrorizmlə mübarizə üçün hüquqi baza yaratmağa çalışdığı dövrü iki mərhələyə ayırmaq olar. Bunlardan birincisi “soyuq müharibənin” bitməsindən sonra başlayan və XXI əsrin başlanğıcına qədər davam edən dövrdür. Yuxarıda bəhs olunan müqavilələr və bu müqavilələrdə nəzərdə tutulan öhdəliklər, prinsiplər məhz birinci mərhələnin əsasını təşkil edir. İkinci dövr isə ABŞ-da 11 sentaybr 2001-ci il tarixində Nyu-York və Vaşinqton şəhərlərində baş vermiş terror aktlarından sonra başlayır.

2001-ci il 21 sentyabrda Avropa İttifaqı Dövlət və Hökumət başçıları terrorizmlə mübarizədə fəaliyyət planını qəbul etdilər. 2001-ci ilin 3 oktyabrında isə Avropa Komissiyası təklif etdi ki, üzv dövlətlər terrorist fəaliyyətlərə maliyyə dəstəyi verən 27 təşkilat və şəxslərin büdcəsi dondurulsun. Həmin ilin 12 dekabrında Komissiya bioloji və kimyəvi terrorizmlə mübarizə məqsədilə elmi ekspertlərdən ibarət qrup yaratdı. 2002-ci ilin 13 iyununda isə Nazirlər Şurası 2 çərçivə qaərarı qəbul edir. Birincisinə əsasən Avropa Həbs Orderi (European Arrest Warrant) yaradıldı. İkinci çərçivə qərarı isə üzv dövlətlər üçün terrorist fəaliyyətin ortaq anlayışını özündə ehtiva edir və üzvlərin öz daxili hüquqi bazalarını buna uyğunlaşdırmağı gündəmə gətirir. Avropa İttifaqı Avropa polis əməkdaşlığı agentliyi olan Avropola terrorist risklərin və təhdidlərin araşdırılması və bu sahədə məumatların ötürülməsi səlahiyyəti vermişdir.

28 fevral 2002-ci ildə Avropa İttifaqı yuxarıda bəhs etdiyimiz Tampere Zirvə Toplantısında bəyənilən Eurojust-ün yaradılmasına qərar verdi. Eurojust-ün əsas məqsədləri üzv ölkələr arasında ədliyyə hakimiyyətlərinin fəaliyyətini koordinasiya etmək, məlumatların ötürülməsi və təhlükəsizlik sahəsində birgə əməkdaşlıqdır. Bundan başqa Avropa İttifaqı Şurası Avropanın yüzlərlə hava limanlarında təhlükəsizliyi təmin edilməsini gücləndirmək məqsədilə bir neçə qaydalar qəbul etdi.

2003-cü ilin dekabr ayında Aİ İttifaqın hərbi gücünü artırmaq məqsədilə razılıq əldə etmişdir. Burda əsas məqsəd İttifaqda ola biləcək böhranlı vəziyyətlər zamanı çevik reaksiya verə bilmə qabiliyyətinin artırılmasıdır. Bu məqsədlə Aİ Avropa Təhlükəsizlik və Müdafiə Siyasəti – ESDP-nin (European Security and Defence Policy) fəaliyyətinə dəstək üçün 3 yeni müdafiə mexanizması yaratmışdır: Siaysi və Təhlükəsizlik Komitəsi, Hərbi Komitə və Hərbi Kadrlar Komitəsi. 2004-cü ilin iyun ayında Aİ liderləri Avropanın hərbi gücünün artırılması və bu gücün koordinasiya edilməsi səlahiyyətlənmiş Avropa Müdafiə Agentliyinin – EDA-nın (European Defence Agency) yaradılmasına qərar vermişlər. EDA üzv dövlətlər arasında silahların istehsalı, alqı-satqısı və hərəkəti məsələlərində əməkdaşlığı artıraraq üzv dövlətlərin müdafiə büdcələri yaratmasına kömək etməlidir.

2004-cü il 11 martda Madriddə, 2005-ci il 7 iyulda Londonda törədilən terror aktlarından sonra Avropa İttifaqının reaksiyası kəskin oldu. 2004-cü ildə Aİ Terrorizmlə mübarizədə fəaliyyət planına əlavə dəyişikliklər etdi və 7 əsas prinsipi irəli sürdü:

→        Terrorizmlə mübarizədə beynəlxalq səyləri gücləndirmək

→        Terroristlərin maliyyə və iqtisadi resurlara olan yolunu bağlamaq

→        Avropa institutlarının və üzv ölkələrinin araşdırma və məhkəməyə cəlb etmə qabiliyyətini artırmaq

→        Beynəlxalq nəqliyyatın təhlükəsizliyini qorumaq və sərhəd nəzarətinin effektiv sistemini yaratmaq

→        Üzv dövlətlər arasında koordinasiyası möhkəmləndirmək və bu yolla Aİ-nin terrorist hücumların qarşısını almaq qabiliyyətini artırmaq

→        Terroristlərin toplanışına şərait yaradan faktorları araşdırmaq

→        Üçüncü ölkələri terrorizmlə mübarizədə daha da fəal olmağa səsləmək

Avropa Komissiyası terrorizmlə bağlı hər hansı bir təhdidlər və araşdırmalar haqqında məlumatların Ədliyyə Nazirlikləri və xüsusi xidmət orqanları arasında sərbəst hərəkətinə və ötürülməsinə xüsusi əhəmiyyət verir. Beynəlxalq faəliyyətə dəstək vermək üçün Avropa Komissiyası Avropa İttifaqı Şurasının 26 mart 2004-cü il tarixli təklifinə əsasən bir çox məlumatların, xüsusilə oğurlanmış pasportlar haqqında olan məlumatları İnterpola ötürülməsini təklif etdi.

10 iyun 2004-cü ildə Komissiya yeni məruzə yayımladı. Məruzəyə əsasən 2 il öncə qəbul edilən çərçivə qərarlarına baxmayaraq bir çox üzv dövlətlər hələ də terrorizmlə mübarizədə daxili qanunvericiliklərinə düzəlişlər etməyiblər. 16 iyun 2004-cü ildə Komissiya daha bir sənəd qəbul elədi. Bu sənəd hər bir üzv dövlətə digər üzv dövlətin təhlükəsizliklə bağlı məlumatları əldə edə bilmə hüququ verir. Sənəd eyni zamanda üzv ölkələr, Avropol və Eurojust arasında əməkdaşlığın daha da gücləndirilməsini nəzərdə tuturdu. Nəhayət, 2004-cü ildən bu yana Avropa Komissiyası terrorizmlə mübarizəni dəstəkləyən layihələri maliyyələşdirməyə başlayıb. Çünki terrorizmə qarşı mübarizə ümumi azadlıq və təhlükəsizlik üçün bütün vətəndaşların səfərbərliyini tələb edir.

Madriddə törədilmiş terror aktının ilk ildönümündən sonra Aİ terrorizmə qarşı daha effektiv mübarizə aparmaq üçün daxili təhlükəsizliyin təmin edilməsi və beynəlxalq terrorizmlə mübarizədə beynəlxalq partnyorlarla əməkdaşlıq edilməsi xəttini gücləndirməyə başladı. Bunun nəticəsi olaraq bir çox sənədlər qəbul edildi: Avropa İttifaqının Anti-terrorizm Strategiyası (2005), Avropa İttifaqının Terrorizmə qarşı Fəaliyyət Planı (2005), Terrorizmin Radikallaşması və Səfərbərliyinə qarşı Avropa İttifaqı Strategiyası, Terrorist Səfərbərliyə qarşı Avropa Komissiyasının Kommunikesi (2005).

Bugün Avropa İttifaqının terroizmlə mübarizəsinin hüquqi bazasının əsasında məhz 2005-ci ildə qəbul olunmuş Avropa İttifaqının Anti-terrorizm Strategiyası durur. 41 bənddən ibarət olan Strategiyanın əsas məqsədi insan hüquqlarını qorumaq şərtilə bütün Avropa və əhalisi üçün daha stabil, daha təhlükəsiz və daha ədalətli Avropa yaratmaq məqsədilə terrorizmə qarşı beynəlxalq mübarizə aparmaqdır. Sənəddə Avropa İttifaqının Anto-terror Strategiyasının 4 əsas dayağı göstərilir: qarşısını almaq, qorumaq, təqib etmək və cavab vermək.

→        Qarşısını alma:

İnsanların terrorizmə meyliliyini azaltmaq və gələcək nəsil terroristlərin yetişməməsi üçün Aİ terrorizmin radikallaşması və səfərbərliyi ilə mübarizə aparmalıdır. Terrorizmə heç bir zaman bəraət qazandırmaq mümkün deyil. Avropa əhalisi heç bir ekstremist ideologiyanı qəbul etmir. Ona görə də, Aİ insanların terror fəaliyyətinə cəlb olunabilmə yollarını araşdırmalı və onları ortadan qaldırmalıdır. Müasir dövrdə qloballaşma və inteqrasiya proseslərinin intensiv şəraitində Aİ terroristlərin qloballaşmanın özü ilə gətirdiyi asanlıqlardan istifadəsinə, internetdən kütləvi təbliğat aparılmasına mane olmalı, bu sahədə güclü hüquqi çərçivə yaratmalıdır. “Çirkli pulların” yuyulması və terrorizmin maliyyələşdirilməsi terroristlərə rahat hərəkət edə bilmə, silahlar əldə etmə imkanı verdiyindən Aİ məhz bu sahə ilə də ciddi mübarizə aparmalı, terroristlərin və təşkilatların maliyyələşdirilməsinə imkan verməməlidir. Strategiyaya uyğun olaraq “qarşısını alma” üçün əsas prioritet məsələlər bunlardır: internetdən sui-istifadəyə qarşı İttifaqın vahid yanaşma tərzinin müəyyənləşdirilməsi, Aİ-nin siyasətini daha yaxşı işıqlandırmaq üçün media və kommunikasiya şəbəkəsinin inkişaf etdirilməsi, istər İttifaqın daxilində, istərsə də xaricində mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsi, üzv dövlətlərin effektiv idarəçilik, demokratiya, təhsil və iqtisadi çiçəklənməyə istiqamətlənmiş proqramlarını dəstəkləmək, müzakirə olunan məsələlərə yanaşma zamanı emosiyalardan təsirlənməmək, vahid şəkildə müştərək tədqiqatların aparılması, analizlərin paylaşdırılması.

→        Qoruma:

Anti-terror Strategiyasının əsas hissəsi olan “qoruma” özündə İttifaq çərçivəsində hər hansı bir terror aktından qorunmaq yollarının inkişaf etdirilməsini ehtiva edir. Üzv ölkələri daxili sərhədlərin qorunması, nəqliyyat və miqrasiyaya nəzarət etmək kimi öhdəlikləri olsa da, Aİ bu sənəd vasitəsilə digər Avropa institutlarının dəstəyi ilə üzv ölkələr arasında vacib bir çərçivə yaratmaq istəyir ki, bununla da qarşılıqlı əməkdaşlıq nəticəsində dövlətlər milli səviyyədə öz təhlükəsizliklərini qorumaqla yanaşı, eyni zamanda bir-birinin təhlükəsizliyinə də dəstək vermiş olurlar. İkinci bir məsələ Aİ-nın xarici sərhədlərinin qorunmasıdır ki, bu da öz növbəsində terroristlərin Aİ ölkələri ərazisinə daxil olmasına mane olsun. Aİ eyni zamanda hava limanlarında, dəniz portlarında ciddi nəzarətin həyata keçirilməsi ilə yanaşı, beynəlxalq nəqliyyatın kollektiv müdafiə edilməsini də ön plana çəkir. Əhalinin sıx olduğu yerlərdə xüsusi nəzarətin yaradılması və qorunması ilə bağlı İttifaq üzvlərinin kollektiv fəaliyyətini təşkil etmək də Strategiyada nəzərdə tutulub. Strategiyada “qoruma” üçün göstərilən əsas prioritet məsələlər: Aİ daxilində biometric pasportlara keçid, Viza İnformasiya sisteminin və yeni nəsil Şengen İnformasiya Sisteminin yaradılması, Avropa Sərhəd Agentliyinin (Frontex) Aİ-nin xarici sərhədlərindəki riskin analizini inkişaf etdirmək, mülki aviasiya və dənizçilik sahəsində ümumi standartların həyata keçirilməsini təmin etmək, kimyəvi, bioloji və nüvə hücumlarından qorunmaq üçün qarşı öncədən tədbirlər planı hazırlamaq, terrorizmdən daha effektiv qorunmaq üçün dövlət və özəl sektorlar arasında əməkdaşlıq planı hazırlamaq.

→        Təqib etmə

Bu başlıq altında Aİ öz öhdəliklərini bu şəkildə sadalayır: terrorist fəaliyyətə mane olmaq, terroristlərin planlarını pozmaq, onların şəbəkəsini dağıtmaq, maliyyələşmələrinin və hücuma yararlı materialları əldə etmələrinin qarşısını almaq, onları sərhədlərdən kənarda da təqib etmək və bütün bunları edərkən əsas insan hüquqlarına və beynəlxalq hüquqa riayət etmək. Haaqa Proqramına əsasən üzv ölkələr öz təhlükəsizliklərinin qorunması ilə paralel olaraq, bütövlükdə İttifaqın da təhlükəsizliyini təmin etməlidirlər. Ona görə də, İttifaq üzv ölkələrin terrorizmə qarşı mübarizəsini dəstəkləməli və onlar arasında informasiya və kəşfiyyat məlumatlarının paylaşılmasını təmin etməlidir. Avropa Həbs Orderi məhz bu siyasətin həyata keçirilməsində önəmli rol oynayır. Bununla yanaşı, Avropa Sübut Orderi də (European Evidence Warrant) mövcuddur ki, bu da terroristlərin ittiham olunması zamanı Aİ çərçivəsində sübut və dəlillərin tez bir zamanda toplanmasına şərait yaradır. Strategiyanın bu hissəsi eyni zamanda Avropol və Eurojust çərçivəsində əməkdaşlığı genişləndirməyi nəzərdə tutur. Aİ ad hoc polis əməkdaşlığını sistemli əməkdaşlıqla əvəzlənməsini məqbul hesab edir. Yeni IT sistemləri olan Viza İnformasiya Sistemi və yeni nəsil Şengen İnformasiya Sistemi vasitəsilə Aİ öz ərazisində insanların hərəkətinə nəzaərt etməli, vətəndaşlar üçün nəzərdə tutulmuş asanlaşdırılmış miqrasiya şərtlərindən terroristlərin istifadəsinə mane olmalı və eləcə də müəyyənləşdirilmiş şübhəli şəxslərin hərəkəti haqqında üzv ölkələr arasında vahid şəbəkə yaratmalıdır. İttifaq eyni zamanda terroristlərin bir-biriləri ilə əlaqəsinə mane olmalı, mümkün qədər onların müasir texnologiyadan, xüsusən də internetdən istifadəsinə mane olmalıdır. 2005-ci ilin sentyabrında Avropa Komissiyasının verdiyi təklifə əsasən Avropa İttifaqı Şurası 21 fevral 2006-cı ildə telekommunikasiya məlumat ötürmələrinin izlənilməsi haqqında Direktiv qəbul elədi. Aİ həm də kütləvi nəğd pul köçürmələri üzərində nəzarəti gücləndirilməlidir ki, terrorizmin maliyyələşməsinə mane olsun. “Təqib etmənin” əsas prioritet istiqamətləri bunlardır: Terrorizmlə mübarizədə dövlətlərin gücünün artırılması, polis və ədliyyə orqanlarının maksimum əməkdaşlığını təmin etmək üçün Avropol və Eurojust-ün fəaliyyətinin tam həyata keçirilməsi, Avropa Sübut Orderi çərçivəsində məhkəmə qərarlarının qarşılıqlı tanınmasının inkişaf etdirilməsi, üçüncü ölkələrlə əməkdaşlığın gücləndirilməsi.

→        Cavab vermə

Terrorizm heç vaxt sıfır səviyyəsinə enməyəcək. İstər Aİ daxilində, istərsə də Aİ-dən kənarda terror aktlarının baş verməsi hər zaman mövcud bir təhdid olaraq qalmaqdadır. Əgər belə bir akt törədilərsə, o zaman Aİ buna qarşı hazırlıqlı olmalı və yaranmış ağır situasiyadan qabiliyyətlə çıxmalıdır. Bunun üçün o, Mülki Müdafiə Mexanizmi də daxil olmaqla Aİ-nin bütün mövcud strukturlarından istifadə edə bilmə iqtidarında olmalıdır. Hər bir üzv ölkə öz ərazisində terror hücumları ilə bağlı yaranmış fövqəladə hallarda təkbaşına mübarizə aparmağı bacarmalıdır. Amma Aİ bu məsələdə bütün üzvlərin həmrəyliyinin yaradılmasına və birlikdə mübarizə aparılmasına çalışır. Belə ki, əgər terror hücumları nəticəsində üzv ölkələrdən hər hansı birində idarəçilik ciddi ziyan görərsə və ölkə özü təklikdə mübarizə aparmaq iqtidarında olmazsa, digər üzvlərin onun köməyinə gəlməsi məsələsi bir sıra hüquqi addımlardan dolayı gecikə bilər. Ona görə də İttifaq bu məsələyə xüsusi diqqət yetirməli və dövlətlər arasında qarşılıqlı yardımlaşma maksimal həddə sürətləndirilməlidir. Bugün Avropa fövqəladə telefon nömrəsi 112-dir, hansı ki, İttifaqa üzv dövlətlərinin ərazisindən istənilən növ telefon vasitəsilə zəng edilə bilər. Amma məsələ bununla yekunlaşmır. Bu xidmət lazımi dərəcədən xeyli zəif işləyir və baş verə biləcək hər hansı bir terror aktı haqqında məlmatın ötürülməsində problem yarada bilər.

Terrorizmə qarşı mübarizə həmişə milli dövlətlərin səlahiyyətində və öhdəçiliyində olub və belə də olacaq. Üzv ölkələrin əldə etdiyi razılığa əsasən onların vahid mübarizə sistemi nə FBI (Federal Təhqiqatlar Bürosu – ABŞ), nə də CIA (Mərkəzi Kəşfiyyat İdarəsi) kimi olacaq. Polis, kəşfiyyat, ədliyyə, gömrük və digər orqanlar həmişə dövlətlərin əsas aləti kimi onların parlamentinin idarəsində olacaq. Bu sahədə Aİ-nin rolu isə üzv ölkələrin bu səlahiyyətini dəstəkləməkdir, onları əvəz etmək və ya dublikatını çıxartmaq deyil. Buna baxmayaraq Aİ-nin terrorizmə qarşı mübarizə getdikcə güclənməkdədir. Əgər 15 il öncə Aİ terrorizmə qarşı hər hansı bir fəaliyyət həyata keçirə bilmirdisə, hal-hazırda İttifaqının terrorizmə qarşı vahid mövqeyi, hüquqi bazası mövcuddur.

Mənbə:

1. Uluslararası Hukuk ve Politika. Cilt 2, No: 7. Umut Kedikli. Avrupa Birliği’nin Terörizmle Mücadele Politikalari ve Hukuki Boyutu, 2006

2. Kristin Archick ve Paul Gallis, NATO and European Union, (Congressional Research Service, Updated 4 ocak 2005)

3. EU Action Plan on Terrorism (2005)

4. The European Union Counter-Terrorism Strategy (2005)

By Tural Isgandarov

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s