Səviyyəsizləşən İtaliya və ya səviyyəsi artan ESC

İlk dəfə 1956-cı ildə keçirilən Eurovision Musiqi Yarışması (Eurovision Song Contest – ESC) özünün 56-cı sezonunda nəinki bütün Avropada, eyni zamanda dünyada maraqla izlənən musiqi festivallarından hesab olunur.
Avropa deyəndə ağla gələn ilk dövlətlərdən olan İtaliyanın isə bu yarışmada iştirak etməməsi təəccüblüdür. Xatırlatmaq yerinə düşərdi ki, məhz İtaliya 1956-cı ildə ilk ESC-də iştirak edən 7 dövlətdən biridir. Keçən illər ərzində İtaliyanın ESC-də iştirakı davamlı olmayıb. Sonuncu dəfə 1997-ci ildə iştirak edən İtaliya məhz bu dövrə qədər də bir neçə dəfə yarışmanı tərk eləmişdi. İlk dəfə 1981-ci ildə ESC-nin İtaliyada yayım hüququna sahib olan RAI ölkədə yarışmaya olan marağın azalmasını əsaslandıraraq iştirakdan imtina etmişdi. Lakin Avropa Yayım Birliyinin cəhdləri nəticəsində 1983-cü ildə yarışmaya qayıdan İtaliya bu dəfə isə yenə eyni bəhanə ilə 1986-cı ildə yarışmada öz iştirakını dayandırmışdı. İtaliyanın növbəti nazlanmağı isə 1994-1996-cı illərdə yarışmaya qatılmamaqla müşahidə olunsa da, 1997-ci ildə son dəfə ESC-yə qatılan İtaliya heç bir səbəb göstərmədən iştirakdan birdəfəlik imtina etmişdir.
Keçən illər ərzində İtaliyanın Eurovisionda əldə etdiyi nailiyyətlər yüksək səviyyədə hesab olunmasa da, xeyli qənaətbəxşdir. Belə ki, 1956-1997-ci illər ərzində 36 dəfə yarışmaya qatılan İtaliya yalnız bir dəfə – 1966-cı ildə Domenico Modugnonun “Dio, come ti amo” mahnısı ilə sonuncu yerə layiq görülüb. 1958, 1963, 1975 və 1987-ci illər İtaliya üçün uğurlu hesab oluna bilər, çünki bu illəri İtaliya təmsilçiləri yarışmanı 3-cü pillədə yekunlaşdırıblar. 1964-cü ildə “Non ho l’età” mahnısı ilə Gigliola Cinquetti İtaliyaya ilk qələbəni bəxş etməyə nail oldu. Qələbənin 10-cu ilində 1974-cu ildə “Si” mahnısı ilə yenidən İtaliyaya 1-cilik bəxş etmək arzusunda olan Gigliola Cinquetti öz istəyinə çata bilməsə də, 2-ciliklə kifayətlənməli olub. İtaliyanın ikinci və hələki sonuncu qələbəsini məhz 1992-ci ildə Toto Cutugno-nun ifasında “Insieme: 1992” mahnısı ilə qazanıb. Ümumiyyətlə, İtaliya ESC-də olan 36 iştirakından 20-sini yarışmanın ilk yeddiliyində tamamlayıb. 1975-1997-ci illər ərzində İtaliya səsvermə zamanı ən yüksək səsləri Fransa, İrlandiya və Birləşmiş Krallığa versə də, özü ən çox Portuqaliya, İspaniya və Finlandiyadan yüksək səslər alıb.
İtaliyada baş vermiş qeyri-adi hadisələrdən biri də 1974-cü ildə Eurovision-ın yayımlanmasının senzuraya məruz qalması olub. Buna səbəb yarışmadan bir ay sonra İtaliyada keçiriləcək referendum olub. Belə ki, Gigliola Cinquetti-nin “Si” (Hə) mahnısının ikinci yerə layiq görülməsinin və mahnının mətnində tez-tez “si”(hə) sözünün səslənməsinin ictimaiyyətdə şüuraltı HƏ qərarını formalaşdıra biləcəyi ehtimalını nəzərə alan RAI istər yarışmanı, istərsə də mahnının səsləndirilməsinə qadağa qoymuşdu. Eyni zamanda bir çox dövlət kanalları və radioları Gigliola Cinquetti-nin ifasında olan “Si” mahnısını 1 ay ərzində səsləndirməmişdi.
İtaliyanlar Eurovision Song Contest-i öz musiqi mədəniyyətləri ilə müqasiyədə daha aşağı səviyyəli hesab etdiklərindən hər il təkrarlanan bu yarışmada iştirak etməyi yersiz sayırlar. Onlara görə, qədim mədəniyyətə sahib olduqlarından yeni yeni formalaşan mədəniyyətlərin yarışmasında iştirak etmək əhəmiyyətsizdir və onların öz mədəniyyətlərinə olan hörmətsizliyidir. Amma bütün bunlara baxmayaraq, Avropa Yayım Birliyi ciddi cəhdlə İtaliyanı ESC sıralarına çəkməyə cəhd edir. Hətta artıq uzun illərdir ki, yarı-finallarda iştirak etmədən birbaşa finala keçən “Böyük 4-lük” ölkələri ( Fransa, İspaniya, Birləşmiş Krallıq və Almaniya) İtaliya yarışmaya qayıdacağı təqdirdə onu da öz sıralarına qatıb “Böyük 5-lik” ola biləcəklərini qeyd edirlər. Xatırladım ki, bu ölkələr Avropa Yayım Birliyinin əsas maliyyələşdirənlərindən olduqları üçün bu hüquqa sahibdirlər.
Önümüzdə bizi ESC 2011 gözləyir. Bu dəfə isə yarışma 2010-cu ildə Lena-nın “Satellite” mahnısı ilə Eurovision-ın 55-ci yubiley yarışında düz 55 ildir ki iştirak edən Almaniya qalib gəldiyinə görə Düsseldorfda keçiriləcək. Artıq bir çox ölkələrdə milli seçimlər belə başlayıb. Yayılan xəbərlərə görə, İtaliya və Avstriya da bu yarışmada iştirak etmək niyyətindədirlər. Deməli, ya ESC-nin səviyyəsi artıb, ya da İtaliya səviyyəsizləşib. Amma hər bir halda İtaliya kimi dövləti bu yarışmada görmək musiqisevərlər üçün xoş olardı.

By TURAL ISGANDAROV

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s