ŞİMALİ İRLANDİYA – OLSTER PROBLEMİ – I hissə

Problemin Tarixi (1170-1916)
Digər münaqişələr kimi bu problemi də tədqiq etmək üçün tarixinə qısa nəzər salmaq lazımdır. Belə ki, 1170-ci ildə ilk dəfə İngəltərə kralı II Henrix İrlandiyanı işğal etməyə çalışır. Belə ki, o, adada hakimiyyət üçün vuruşan tayfalardan birinin kömək istəməsindən istifadə edərək adaya ordu çıxartmışdı. O, Dublin ətrafinda Pale adlanan ərazidə öz idarəçiliyini bərpa edir. Sonrakı 4 əsr ərzində də bu ərazi birbaşa İngiltərədən asılı olub. İrlandiyanın tabe edilməsindən sonra yerli mülkədarlar adanın dağlıq və bataqlıq hissələrinə qovulur, onların yerini İngiltərədən gəlmiş yeni mülkədarlar tuturdular. Yeni gələnlər dini etiqad baxımından protestantlar idilər. XVI əsrin sonlarında, Kraliça Yelizavetanın hakimiyyətinin sonuna yaxın ingilislər adanın çox hissəsini tuturlar. İrlandiyanın şimal əyaləti olan Olster isə Hak O`neilın başçılığı altında ingilislərə qarşı mübarizəni davam etdirir. Adanın yerli sakinləri ilə gəlmə ingilislər arasındakı ziddiyyətlər kütləvi çixişlara, üsyanlara səbəb olur. Belə üsyanların en güclülərindən biri 1641-ci ildə olub. Üsyançılar 12 min gəlmə ingilisi qətlə yetirmişdilər. Üsyana qədər adanın 59 faizi irlandların əlində idisə, 1650-ci ildə 22 faiz, 1695-ci ildə 14 faizi irlandların əlində qalmışdı. 1703-cü ildə isə Şimali İrlandiyanın yalnız 5 faizi katoliklərin əlində qalmışdı. İngiltərədə Stüartların restavrasiyasından sonra 1685-ci ildə taxta çıxan kral II Yakov katolik olduğundan İrlandiyadakı katoliklərin haqqlarını müdafiə etməyə çalışsa da, “şanlı inqilab” nəticəsində devrilərək İrlandiyaya qaçmışdı. Onu əvəz edən Oranlı Vilhelm isə katolik düşmənçiliyi ilə məşhurdur. Oranlı Vilhelmin 1690-cı ildə II Yakovun tərəfdarlarını İrlandiyada məğlub etməsi İrlandiyanın tarixində yeni mərhələ olur. Bundan sonra katoliklərlə ikinci dərəcəli vətəndaş kimi davranılırdı. Vilhelmin bu qələbəsi hələ də adanın protestant əhalisi tərəfindən hər il bayram edilir. 1791-ci ildə yaradılan “Birləşmiş İrlandiyalılar Cəmiyyəti” müstəqillik uğrunda mübarizə aparan ilk təşkilat olur.
Britaniya tabeçiliyində olan İrland monarxiyası, parlamenti və hökuməti katoliklərin əleyhinə bir sıra cəza qanunları qəbul edirlər. 1801-ci ildə verilən İttifaq Aktı ilə (Act of Union) İrland parlamenti və hökuməti Westminister tərəfindən ləğv edilir və dövlətin adı “Böyük Britaniya və İrlandiya Birləşmiş Krallığı” adlanır. XIX əsr boyu İrlandiyanın işğaldan azad olunması üçün bir sıra cəhdlər olub. Bunlar əsasən iki istiqamətdə gedirdi: birincisi, siyasi mübarizə idi. Məsələn, 1840-cı illərdə tətil hərəkatı, 1870-ci illərin Homerule uğrunda hərəkatı. İkincisi, silahlı mübarizə idi. Məsələn, İrland Respublikası Qardaşlığı.
1845-1850-ci illərdə İrlandiyada yaşanan böyük aclıq bu problemin üzərində milliyətçi hisslərin oyanmasında xüsusi çəkiyə malik olmuşdur. 5 il ərzində bir milyon insan aclıqdan vəfat etmiş, bir o qədər də insan köçüb gütmişdir. Məhz köçüb gedənlərin hesabına ABŞ-da böyük İrlandiya diasporası yaranmış və bu problemin sonrakı inkişafında əhəmiyyətli rol oynamışdır. XIX əsrin 60-cı illərinin sonunda İrland məsələsi yenidən siyasi böhran xarakteri aldı. İrlandiyada kapitalizmin inkişafı İrland burjuaziyasının xalq hərəkatında hegemon rola sahib olmasına səbəb oldu. İrland hərəkatının ön səhnəsində Olsterdən olan protestant mülkədar Çarlz Parnell meydana çıxdı. Parnell 1875-ci ildə ingilis parlamentinə seçilmişdi və o, öz ətrafında irland müxalifətçilərini topladı. Onlar İrlandiyaya özünü idarə hüququnun verilməsini (homerule), hələ 50-ci illərdən nəzəedə tutulan aqrar islahatların keçirilməsini tələb edirdilər (icarədarlığın möhkəmliyi, icarə haqqının dürüstlüyü, icarənin azad dəyişdirilməsi). İrland milli hərəkatının əsas gücünü parlamentarilər yox, kəndlilər təşkil edirdi. 1879-cu ildə Maykl Devid tərəfindən irland kəndlilərinin təşkilatı olan “Torpaq liqası” yarandı. Bu liqa öz sıralarında 250 min nəfəri birləşdirmişdi və onlar torpaqların milliləşdirilməsi və onların kəndlilərə paylanması tələbi ilə çıxış edirdilər. Ölkəni “aqrar cinayət” dalğası bürüyür. “Torpaq liqası” İrlandiyadakı ingilis mülkədarlarına qarşı kütləvi terrora başlayırlar. Bundan başqa kəndlilər ingilis mülkədarlarına qarşı tətil edir, onlarla hər hansı bir iş görməkdən imtina edirdilər. Belə bir hal ilk dəfə Boykot adlı ingilis mülkədarının başına gəldiyi üçün məhz bele bir hərəkət sonralar “boykot” adlanmağa başlayır. Belə olduqda bir çox ingilis mülkədarları mülkünü tərk edərək qaçırdılar. Kəndli və milli hərəkatın birləşməsi irland xalqının mübarizəsinin daha geniş vüsət almasına səbəb oldu. Qladston hökuməti İrlandiyada vəziyyəti sakitləşdirməyi qərara alır. Hökumətin təklifi əsasında parlament iki müstəsna qanun qəbul edir : “Habeas corpus act” və polislərin silahların ola biləcəyi şübhəli yerlərdə axtarış aparabilmə hüquqları haqqında. 1881-ci ildə Homerule əvəzinə Qladston hökuməti irlandlara “torpaq aktı”nı təklif etdi. Qanunda nəzərdə tutulur ki, xüsusi komissiya yaradılsın və bu komissiya icarəyə götürülən torpaqlara ədalətli qiymət müəyyənləşdirsin, eləcə də icarədar öz yerini qiymət dəyişilməmək şərtilə başqasına verə bilər. İrlandiya “Torpaq Liqası” bunu etiraz və boykotlarla qarşıladı. Parnell parlamentdən söz verilən Homerule tələb edirdi. Bele olduqda irland deputatları obstruksiya yoluna (iclası, xüsusən parlament iclasını qışqırıq, səs-küy, şuluqluq salmaq və s. vasitəsilə qəsdən pozma) əl atdılar. Onlar bir-birini əvəz edərək saatlarla hər hansı bir mövzudan danışırdılar və parlamentin işini fəaliyyətsizliyə düçar etmişdilər. Qladston bunlara repressiya ilə cavab verdi. Nümayəndələr palatasının spikeri danışanın vaxtını istədiyi kimi məhdudlaşdırmaq hüququ aldı. Maykl Devid, ardınca isə Çarlz Parnell həbs olundular. “Torpaq liqası” bağlandı.
Bu hərəkət ilə ingilislər vəziyyəti daha da qızışdırdılar. Parnellin çağırışı əsasında kəndlilər ingilis mülkədarlarına icarə haqqını ödəməkdən imtina etdi. Qadağan olunmuş “Torpaq liqasının” əvəzinə “Qadın torpaq liqası” yarandı. Bununla birlikdə irlandların milli hərbi təşkilatları olan “ay işığı quldurları”, “bəyaz uşaqlar”, “məğlubedilməzlər” və s. yarandı. İrlandiyada birbaşa vətəndaş müharibəsinin baş verməsi təhlükəsi yarandı. Belə olan halda, ingilis liberalları Parnell və onun tərfdarlarına güzəşt təklif edirlər. 1881-ci ilin oktyabrında tərəflər arasında əldə olunan razılığa görə icarədar-kəndlilər icarə pulunu ödəməyə yenidən başlamalı, boykotdan əl çəkməlidirlər, mülkədarlar isə qalıq borcu ləğv edirdilər. Bu razılaşma ilə irland liberal burjuaziyası Parnellin simasında kəndli hərəkatına xəyanət etmiş olur.
1882-ci ilin yazında İrlandiyada yeni çıxışlar güc yolu ilə yatırıldı. Parnellin satqınlığı İrland xırda burjuaziyasının terrorist qruplarının yenidən fəaliyyətə başlamasına gətirib çıxartdı. 1882-ci il mayda Dublində İrlandiya canişini və İrland işləri üzrə katib öldürüldü. İngilislər cavab olaraq polis gücləri vasitəsilə kəndlədə “aqrar terrora” başlayır. Bu hətta İngiltərədə yaşayan irlandlara qarşı da törədilirdi.
1885-ci ilin iyun ayında Qladston hökuməti istefaya getdi. Solsberi yeni hökumət formalaşdırır. Amma 1885-ci ilin dekabr parlament seçkilərində liberallar cüzi üstünlüklə qələbə çalır və Qladston yenidən hökumət formalaşdırır. Qladston hökuməti parlamentdə irland deputatlar tərifindən də dəstəkləndiyi üçün Qladston onlara güzəştə getməyə məcbur olur. 1886-cı ildə hökumət homerule haqqında layihə hazırlayır. Layihəyə görə yerli parlament yaradılmalı, bu parlament daxili məsələlərdə qanunvericilik hüququna malik olmalı idi. Vacib daxili siyasi məsələlər, xarici siyasət, ticarət, polis və müdafiə məsələlərinə nəzarət əvvəlki kimi rəsmi Londunun əlində qalmalı idi.Belə cüzi güzəştlər edilməsinə baxmayaraq bu qanun layihəsi İngiltərədə böyük narazılıq və etirazla qarşılandı. Bu liberalların nüfuzuna ağır zərbə vurdu. Təkcə mühafizəkarlar yox, həm də bir qrup liberallar buna öz etirazlarını bildirərək partiyadan ayrıldılar. Onlar “yunionistlər” adlanırdı. Nəticədə Qladston hökuməti istefaya getdi və 1886-cı il seçkilərində mühafizəkarlar qələbə qazandılar. Solsberi yeni hökumət təşkil etdi. İrland kəndli hərəkatını yatırtmaq üçün Solsberi hökuməti torpaq icarəsi üçün alınan borcları azaltdı, 1891-ci ildə isə mülkədarlara birdəfəlik pul verib kiçik torpaq sahəsi əldə edə bilmək imkanı verən qanun qəbul olunur. Bu yolla mühafizəkarlar İrlandiyada varlı kəndli təbəqəsini öz tərəflərinə çəkməyə ümid edirdilər.
XX əsrin əvvəllərində İrlandiyanın sənayesi xeyli inkişaf etmişdi. Ucuz və böyük işçi qüvvəsi xarici kapitalın buraya cəlb olunmasına səbəb olurdu. Sənayenin inkişafı fəhlə sinifinin çəkisinin xeyli artmasına, fəhlə hərəkatına, eyni zamanda irland xalqının milli – azadlıq mübarizəsində rollarının artmasına səbəb oldu. 1898-ci ildə yaranan İrlandiya Sosialist Partiyası İrlandiyanın müstəqillik uğrunda mübarizəsini sosial islahatlar proqramı ilə əlaqələndirirdilər. Bunun başında ali təhsilli marksist Ceyms Konnoli dururdu.
XX əsrin əvvəllərində fəhlə hərəkatı kütləvi xarakter almışdı. 1911-ci ildə İrland dəmiryolçularının həmkarlar ittifaqı dəmiryolçuların kütləvi tətilini təşkil etdi. Mübarizənin gedişində fəhlələr silahlı vətəndaş qvardiyaları yaratdılar. 1913-cü ildə Dublin tramvayçılarının tətilinə digər sahələrin fəhlələrinin də qoşulması tətil hərəkatının daha ciddi şəkil almasına səbəb oldu. Tətilçilərə qarşi polis gücdən istifadə etdi.
Fəhlə sinifinin çıxışları irland burjuaziyasının böyük hissəsinin öz səhvlərini düzəltməyi sürətləndirdi. 1913-cü il tətilində burjuaziya özünü fəhlələrin ən əsas düşməni kimi qələmə verdi. Onun siyasi fəaliyyətini İngiltərə ilə kompromisə getmək tendensiyası təşkil edirdi. Bu yolla da İrland burjuaziyasının bir qrupu ölkəyə siyasi azadlıq verilməsi tələbini daha da gücləndirdi. Burjuaziyanın bu qrupunun lideri Artur Qriffits 1905-ci ildə “Şinfeyn” (“Biz Özümüz”) partiyasını yaradır. Bu partiya ingilis mallarının boykot edilməsi şüarı ilə çıxış edir və tez bir zamanda öz ətrafında kiçik burjuaziya və fəhlə sinfinin böyük bir hissəsini cəmləşdirə bilir.
İngiltərənin liberal hökuməti məcbur olur ki, güzəştə getsin. Həm də bu, daha çox parlamentdəki İrlandiya fraksiyasından da asılı idi. 1912-ci ilin aprelində hökumət İrlandiya üçün Homerule haqqında yeni qanun layihəsini parlamentə təqdim edir. Qanun layihəsində nəzərdə tutulur ki, 2 palatalı parlament yaradılsın : ümumi səsvermə ilə seçilən Aşagı palata və Kral tərəfindən təyin olunan Senat. Xarici siyasət, ticarət və polis nəzarəti parlamentin səlahiyyətlərindən çıxarılır, ölkədə əsas hakimiyyət ingilis canişinin əlində qalırdı.
Baxmayaraq ki, qanun layihəsində çox az güzəştlər edilmişdi, Homerule haqqında bill parlamentdə mühafizəkarların qəti etirazına səbəb oldu. Aydın olanda ki, billi parlamentdə ləğv etmək qeyri-mümükündür, onda onun əleyhdarları tələb etdilər ki, Olster – sənayeləşmiş şimal hissəsi gələcək İrland dövlətinin tərkibindən çıxarılsın. Olsterin ingilis torpaq sahibləri və kapitalistləri bəyan edirlər ki, öz məqsədlərinə güc yolu ilə nail olacaqlar. Onlar Olsterdə silahlı dəstələr yaradırlar. Xeyli miqdarda silah almaq və İrlandiyaya azadlıq verməyə hazırlaşan ingilis liberal hökumətinə qarşı üsyan edərkən dəstək üçün alman hökuməti ilə danıçıqlara başladılar. Ölkədə vətəndaş müharibəsi başladı. İngilis hərbi hissələrinin zabitləri 1914-cü ilin martında Olsterdə sabitlik yaratmaq üçün oraya getmək əmri alsalar da, tabe olmaqdan imtina etdilər. Belə olan halda liberal hökumət qiyamçı zabitlərə qarşı güzəştə getdi və onları əmin etdi ki, Olsterə qarşı onlardan istifadə olunmayacaq. Bununla da həmişə fəhlələrdən qanuna tabe olmağı tələb edən ingilis burjuaziyası özü qanunları tapdaladı.
1914-cü ilin avqustunda I Dünya Müharibəsinin başlanması ingilis hökumətinə bəhanə verdi ki, Homerule haqqında qanunun həyata keçirilməsini təxirə salınsın və İrlandiya probleminin həllini yubatsın.

by TURAL ISGANDAROV

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s