..::Azərbaycan neftinin tarixi::..

Azərbaycan neftinin tarixi çox qədilərə qədər gedib çıxır. Belə ki, hələ e.ə. VI-V əsrlərə dair mənbələrdə göstərilir ki, müasir Cənubi Azərbaycanın ərazisində mövcud olmuş Atropatena da Xəzər dənizi sahillərində əhali neft çıxarma ilə məşğul olurdu. Mənbələrdə həmin neft “Midiya yağı” adlanır. Lakin ölkəmizdə neftin çıxarılmasına dair daha geniş faktlara ərəb istilası dövründə rast gəlmək mümkündür. IX əsrdə ərəb tarixçisi və coğrafiyaşünası Əhməd Əl-Bəlaruri Abşerondakı iqtisadi həyatın qədimdən neftlə bağlı olduğunu göstərmişdir.

X-XI əsrlərdə isə ərəb səyyahları Əbu-İshaq İstəxri və Əbu-d-Həsən Əli Məsudi Bakının neftli torpağı, Abşeronun “ağ” və “qara” nefti haqqında məlumat vermişdir. İtalyan səyyəhı Marko Polo (XIII-XIV əsrlər) Bakı neftinin yaxın Şərq ölkələrinə aparılması, alman diplomatı və səyyahı Adam Oleari (XVII əsr)
Bakıdakı neft quyuları, türk səyyahı Evliya Çələbi (XVII əsr) neft mədənləri, neftin İrana, Orta Asiyaya, Türkiyəyə və Hindistana aparılması və neftin gətirdiyi illik gəlir haqqında məlumat vermişdir. Balaxanıdakı neft quyularından birində aşkar edilmiş daş üzərindəki yazı quyunun (35 m dərinliyində)hələ 1594-cü ildə usta Allahyar Məmmədnur oğlu tərəfindən qazılıb istifadəyə verildiyi göstərilir. Əmin Əhməd
Razinin (İran, 1601) məlumatına görə XVI əsrin əvvəllərində Bakı ətrafında 500-ə qədər belə neft çalaları və quyusu mövcud idi ki, bunlardan da həm “qara”, həm də “ağ” neft çıxarılırdı. Alman səyyahı, həkim və təbiətşünası Engelbert Kempfer İsveç səfirliyinin katibi kimi 1683-cü ildə Abşeron yarımadasında Balaxanı, Binəqədi, Suraxanı yataqlarında olmuş, neftin Abşeron yarımadasından İrana, Orta Asiyaya və Şimali Qafqaza aparılmasını təsvir etmişdir.
Azərbaycanda neft hasilatı xanlıqlar dövründə daha da genişlənir. Corc Foster göstərir ki, neft və zəfəran Bakı xanlığının əsas ticarət mallarıdır. Yerli əhalinin əsrlərdən bəri məşğul olduğu neft istehsalı aşağı səviyyədə idi, quyular əllə qazılır, neft isə adi vedrələrlə çıxarılırdı. S.Bronevski göstərir ki, ağ neft daha təmiz olduğu üçün çox baha satılır, işıqlandırma və müalicə vasitəsi kimi istifadə edilirdi. Həm qara, həm də ağ nefti satmaq üçün meşin kisələrə doldurub başqa vilayətlərə göndərirdilər. 1803-cü (1798) ildə Bakı sakini Qasımbəy Mənsurbəyov Bibiheybət yaxınlığında, dənizdə, sahildən 18 m və 30 m aralı iki neft quyusu qazdırmışdır. Bu dövrün neft istehsalı kustar üsulla həyata keçirilir, hasil olunan neft Xəzər dənizi və Volqa çayı ilə Rusiya, Tiflis, İstanbul, Xorasan, hətta Hindistana qədər aparılırdı. Bu dövrdə neft Bakı xanlığının əsas maliyyə mənbəyinə çevrilməyə başlamışdı.
Azərbaycanın Rusiya və İran arasında bölüşdürülməsindən sonra Şimali Azərbaycanın neft quyuları çarın sərəncamına keçdi. Bu dövrdə Bakı ətrafı kəndlərdə 120-dən çox neft quyusundan ildə 200-220 min pud neft hasil olunurdu. Çar hökuməti bu quyular üzərində iltizam sistemi tətbiq etdi. Bu sistemə əsasən hər 4 ildən bir bütün neft quyularını müəyyən məbləğ müqabilində bir nəfərin – iltizamçının istifadəsinə verilirdi. Bu isə neft hasilatı üzərində inhisarçılığa səbəb olurdu və neft sənayesinin inkişafını ləngidirdi. Bu dövrdə daha çox Balaxanı və Binəqədi kəndlilərinin əməyindən istifadə olunurdu. Mədənlərdə işləyən kəndlilər vergilərdən azad olsalar da, çox cüzi əmək haqqı alırdılar. Quyuların qazılması, təmizlənməsi, neftin çıxarılması və daşınması əl ilə görülürdü. XIX əsrin əvvəllərində dünyada ilk dəfə olaraq Bibiheybətdə sahildən 30 m aralı dənizdə qazılmış əl quyusundan neft hasil edilmişdir. Dünyada ilk dəfə ağ neftin alınması texnikası da məhz ilk dəfə XIX əsrin 30-cu illərində Bakıda tətbiq edilmişdi. 1847-ci ildən neftin mexaniki üsulla qazılmış quyulardan hasil edilməsi ilə başlanır və 1920-ci ilə kimi davam edir. 1847-1848-ci illərdə ilk dəfə Bibiheybət və sonra Balaxanı yataqlarında mexaniki üsulla qazılmış quyulardan sənaye əhəmiyyətli neft alınmış və həmin ildən də Azərbaycanın neft sənayesinin inkişafı başlanır. 1859-cu ildə Bakıda ilk neftayırma zavodu (qurğusu) tikilir. 1863-cü ildə Cavad Məlikov Bakıda kerosin zavodu tikdirdi və dünyada ilk dəfə neftayırma prosesində soyuduculardan istifadə etdi.
1867-ci ildə 15 neftayırma qurğusu fəaliyyət göstərirdi. Mexaniki üsulla quyuların qazılmasının texnika-texnologiyası inkişaf etdikcə bir sıra yeni neft yataqları aşkar edilir (Binəqədi, Pirallahı a., Suraxanı və s.), neft hasilatı artır, neft sənayesinin infrastrukturu və neftin emalı inkişaf etməyə başlayır, neftin hasilatı, emalı və satışı üzrə yüzlərlə firmalar yaradılır. Azərbaycanda milli burjuaziya formalaşır, Bakı şəhəri dünyanın sənaye mərkəzlərindən birinə çevrilir. İlk dəfə Abşeron yarımadasında 1871-ci ildə Balaxanı-Sabunçu-Ramanı yatağı sənaye üsulu ilə işlənilməyə başlandı. XIX əsrin 60-cı illərində neftə olan
tələbatın kəskin artması, lakin neft hasilatının azlığı iltizam sisteminin ləğvini gündəmə gətirir. Beləliklə, neft sənayesinin inkişafını ləngidən və kapital axıına mane olan iltizam sistemi 1872-ci ildə ləğv edildi.
Bununla yanaşı, 1872-ci ildə neft sənayesində münasibətləri tənzimləmək məqsədilə iki qanun qəbul edilir: “Neft mədənləri və neft məhsullarından aksiz vergisi haqqında” və “İcarədarların əlində olan neftli səhələrin hərracla fiziki şəxslərə satılması”. 31 dekabr 1872-ci ildə neftli sahələrin ilk satışında Balaxanıda 15 sahə, Bibiheybətdə 2 sahə hərraca qoyulur. Neftlə zəngin torpaqlar qruplara bölünərək müzaidə – torq şəklində ayrı –ayrı kapital sahiblərinə uzun müddətli icarəyə verilirdi. 1872-ci ilin dekabrında ilk dəfə satışa çıxarılan neftlə zəngin torpaqlar böyük kapital qoyuluşu tələb etdiyi üçün daha çox rus və xarici kapitalistlərin əlinə keçirdi. Əgər 1870-ci ilərin əvvəllərində Bakının neftlə zəngin torpaqlarında 12 şirkət fəalliyyət göstərirdisə, əsrin sonunda onların sayı 140-a çatır. 1871-ci ildə ilk dəfə Balaxanıda buruqla neft quyusunun qazılıb istifadəyə verilməsi ve 1873-cü ildə Balaxanıda ilk neft fontanının vurması Bakıya olan marağı daha da artırdı. İlk dövrlərdə, neft sahəsinə kapital qoyanazərbaycanlı yalnız Hacı Zeynəlabdin Tağıyev idisə, əsrin sonrakı illərində bu siyahıya Musa Nağıyev, Şəmsi Əsədullayev, Murtuza Muxtarov və başqaları da daxil oldu. 1879-cu ildə İsveç təbəəsi olan Nobel qardaşları eyni adlı şirkətin əsasını qoydular. 1880-ci illərdə Rotşildin və 1890-cı illərdə Vişaunun timsalında fransız və ingilis kapitalı Bakıya nüfuz edir.

İltizam sisteminin ləğvi 1870-80 ci illərdə neft sənayesində 10 dəfədən artıq inkişafa gətirib çıxartdı. 1873-cü ildə quyuların qazılmasında ilk dəfə olaraq buxar mühərriklərindən istifadə olunur. Mədənləri neft ayırma müəssisələri ilə birləşdirən və buxar mühərrikli nasoslarla təchiz olunan ilk neft kəməri 1878-ci ildə fəaliyyətə başlayır. 1880-ci ildə mədənlər arasında neft və sərnişin daşımaq üçün ilk darxətli dəmir yolu “Nobel qardaşları” şirkəti tərəfindən tikilərək istifadəyə verilir. Bu şirkətin sifarişi ilə İsveçdə hazırlanan dünyanın ilk neft tankeri 1878-ci ildə Bakı ilə Həştərxan arasında fəaliyyətə başlayır. Neft məhsullarına marağın artması 1873-cü ildə “Qara şəhər” adlanan zavodlar rayonunun yaranmasına gətirib çıxardır. Bakı şəhəri həm neftçıxarma, həm də neft emalı mərkəzinə çevrilir. 1897-ci ildə Bakı ilə Batumi arasında birbaşa neft kəmərinin tikintisinə başlanıldı ve 10 il sonra tamamlandı.
1884-cü ildə Bakıda Neft Sənayeçiləri Qurultayı təsis olunur. 1893-cü ildə Peterburqda keçirilən neft sənayeçilərinin müşavirəsində “Bakı ağ neft zavodçuları ittifaqı” adlı inhisar birliyi yaradılır. Lakin daxili çəkişmələr üzündən bu birlik 1897-ci ildə dağılır. Buna baxmayaraq, birlik Bakıda istehsal olunan neft məhsullarının 98 faizini verirdi. 1894-cü ildə H.Z.Tağıyev Gəncə qəzasında “Naftalan” neft sənayesi və ticarət şirkəti təsis edir. O, 1897-ci ildə Azərbaycanda başqa sənaye sahələrinə kapital qoymaq üçün öz neft mədənlərini müəssisələri ilə birlikdə 5 milyon manata ingilis kapitalistlərinə satır. Həm də eyni zamanda, bu müəssisələr əsasında formalaşan “Oleum” şirkətinin 1 milyon manatlıq səhmini də öz əlində saxlamaqla cəmiyyətin işraçı direktorlarından biri olur.
XX əsrin əvvəllərində dünyanı bürüyən fəhlə tətilləri Bakının neft tarixində xüsusi yer tutur. Belə ki, 1904-cü ildə Balaxanı Mədənlərində başlayan tətil hərəkatı dekabrın 30-da neft sənayeçiləri ilə fəhlələr arasında müştərək müqavilənin imzalanmasına gətirib çıxardır. “Mazut konstitusiyası” adını almış bu sənəd neft sənayesinin inkişaf tarixində özünə məxsus yer tutur.
I Dünya Müharibəsinin başlanması neft sənayesinin inkişafına mənfi təsir göstərir. Əgər 1914-cü il üçün 431 milyon pud neft çıxarılmışdırsa, 1917-ci ildə bu 402 milyon puda enmişdir. Rusiyada inqilabın başlanması, Bakı Xalq Komissarlar Sovetinin 1918-ci il 2 iyunda neft sənayesini milliləşdirməsi 1 milyon 300 min ton neft və neft məhsullarının heç bir əvəzi olmadan Sovet Rusiyasına göndərilməsinə şərait yaratdı. 1918-ci il 15 sentyabrda Baki işğaldan azad edilən kimii Azərbaycan Xalq Cümhuriyyəti Bakı XKS-nin milliləşdirmə qərarını ləğv edərək, müəssisələri əvvəlki sahiblərinə qaytardı. Neft ixracını artırmaq üçün 10 dekabrda neft və neft məhsullarının satışı üzrə büro yaradıldı. Neft sənayesində yenidən canlanma müşahidə olundu. Azərbaycanda Sovet Hökuməti qurulduqdan sonra 1920-ci il 24 may dekreti ile neft sənayesi yenidən milliləşdirilir, bu sahədə fəaliyyət göstərən 272 xüsusi firma ləğv edilərək, Azərbaycan Neft Komitəsi (sonralar “Azərneft”) təşkil olunur. Onun başçısı isə Lenin tərəfindən Bakıya göndərilmiş A.Serebrovski təyin olunur. Azərbaycan SSRİ-nin tərkibinə daxil olduqdan sonra “Azərneft” ABŞ-ın “Standard Oil” və Britaniyanın “Gikkers Limited” firmaları ilə müqavilələr imzalayır. İkinci ilə imzalanan müqavilə nəticəsində 1924-1925-ci illərdə Azərbaycan ilk krekinq qurğusunun texniki avadanlığını istehsal etmək üçün lisenziya alır. 1924-cü ildə Suraxanıda turbobur vasitəsilə ilk quyu qazılır. “Azerneft” London, Paris və Nyu-Yorkda öz nümayəndəliklərini açır. Maraqlı faktdır ki, SSRİ-də ilk elektrikləşdirilmiş dəmir yolu 1926-cı ildə Bakıda – şəhərlə neft rayonları arasında çəkilir. Bu həm də dünyada ilk elektrikləşdirilmiş dəmir yolu idi.
II Dünya Müharibəsi Bakı nefinin tarixi üçün yeni bir mərhələ oldu. Almaniyanın işöalçılıq planlarına görə Bakı zəbt olunmalı ve neft hasilatı Almaniyanın əlinə keçməli idi. Bunun üçün hələ 1941-ci ilin martında Bakı neftinin hasili və emalı Berlindəki “Kontinental Neft Cəmiyyətinə” tapşırılmışdı. Müharibə neft sənayesinə yeni bir canlanma gətirmişdir. Müharibədə SSRİ-nin ümumi neft tələbatın təminatı demək olar ki, Bakı neftinin üzərində idi. Görkəmli alim Yusif Məmmədəliyev aviasiya üçün ilk dəfə yüksəkoktanlı benzin istehsalının yeni texnologiyasını hazırladı.
Amma bütün bunlara baxmayaraq, müharibə neft hasilatını iki dəfə azaltdı. Müharibədən sonra başlanan quruculuq işləri öz bəhrəsini verdi. 1948-ci ildə açıq dənizdə – Xəzər dənizindı dünyada ilk dəfə mədən estakadaları quruldu. 1949-cu il 7 noyabrda Xəzər dənizindəki Neft Daşlarında ilk neft quyusu fontan vurdu. 5 il ərzində 10 yeni neftayırma müəssisəsi tikildi. 1955-ci ildə SSRİ-də 5 min metr dərinliyində olan ən dərin neft quyusu Bakıda qazıldı.

Lakin Uralda və Sibirdə zəngin neft yataqlarının aşkar edilməsi Mərkəzin Bakı neftinə olan marağını azaltdı və 1950-ci illərin ortalarından başlayaraq neft sənyesində yenidən geriləmə müşahidə olundu. XX əsrin 70-80-ci illəri neft sənayesinin yenidən yüksəliş dövrü kimi xarakterizə olunsa da, bu daha çox neftin emalı ilə bağlı idi, yəni neft hasilatı hələ də azalırdı. 1976-cı ildə Yeni Bakı Neftayırma Zavodu, 1982-ci ildə Bakı Neftayırma zavodunda neftin ilkin emalı üçün ELOU-AVT qurğusu işə salındı. 1983-cü ildə Qroznı – Bakı neft kəmərinin istifadəyə verilməsi ilə Azərbaycan Sovet İttifaqının vahid neft kəmərinə qoşuldu.
SSRİ-nin süqutu, Azərbaycanın yenidən dövlət müstəqilliyini bərpa etməsi neft sənayesinin inkişaf tarixində dönüş nöqtəsi olur. İlk vaxtlarda neftin hasilatı kəskin surətdə azalır. Əgər 1970-ci illərin əvvəli üçün ildə 17,3 milyon ton neft hasil edilirdisə, 1990-cı illərin əvvəli üçün bu ildə sadəcə 12,9 milyon ton idi. 1994-cü ildə atəşkəsin əldə olunması, Azərbaycanda istər siyasi, istərsə də iqtisadi həyatda sabitliyin yaranması xarici investorların neft sənayesinə axınını sürətləndirdi.
1994-cü il 20 sentyabrda imzalanan “Əsrin Müqaviləsi” Azərbaycan Respublikasının Neft Strategiyasının ən böyük uğurlarından biri idi. “Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraqlı” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi haqqında” 30 il müddətinə 7 ölkənin 11 neft şirkəti müqavilə imzalayır. Sonradan müqaviləyə ABŞ-ın “Eksson” və Yaponiyanın “İtoçu” şirkəti də qoşulur və ümumilikdə 8 ölkədən 13 şirkət iştirak edir. Müqavilənin dəyəri 11,5 milyard dollardır. Bununla da Azərbaycanın uğurlu neft strategiyasının əsası qoyulur.
Ardınca Bakı – Tbilisi – Supsa (1999), Bakı – Tbilisi – Ceyhan (2006) neft boru-oxrac kəmərlərinin və Bakı – Tbilisi – Ərzurum qaz ixrac kəmərinin işə düşməsi bugün Azərbaycanda neft sənayesini ölkə iqtisadiyyatının əsas hissəsini təşkl etməsinə şərait yaradıb. Bugün Azərbaycanda neft hasilatı tarix boyunca özünün ən yüksək səviyyəsini yaşamaqdadır.

by Tural Isgandarov

3 Comments Add yours

  1. SeKiNe says:

    cox-ehtiyacim-vardi-buna….4ooooooooooooooooox.saolun….))

    1. işinizə yaramasına sevindim :)))))

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s