Türkiyə Cümhuriyyətinin xarici siyasətində Azərbaycan Respublikası – elmi araşdırma, oktyabr 2008

turk.bayragi

2008-ci ildə yazılan elmi-tədqiqat işi

Müəllifi: Tural İsgəndərov

GİRİŞ

Dövlətlər okeanda üzən gəmiyə bənzəyir: nə cür hava şəraiti ilə qarşılaşacaqları məlum deyil. Sadəcə koordinatları və hədəfləri dəqiqləşdirənlər, gəmisinin potensialına bələd olub ondan istifadə edənlər müvəffəqiyyət qazanır. Dövlətlər də müvəffəqiyyət qazanmaq üçün öz siyasətlərini dəqiq qurmalıdırlar. Təcrübədən məlumdur ki, milli mənfəətlər, milli hədəflər və milli strategiyalar üzərinə qurulan siyasət daha effektiv olur.

1923-cü ildə Mustafa Kamal Paşanın başçılığı ilə qurulan Türkiyə Cümhuriyyəti siyasətdə “yurdda sülh, cahanda sülh” prinsipinə əsaslanmışdır. Türk siyasətçiləri də qeyd edirlər ki, bu heç də xarici siyasətdə passivlik deyil. Onlar bunu belə izah edirlər ki, hər bir dövlət öz milli maraqlarını rahat bir şəkildə həyata keçirmək, rifaha sahib olmaq üçün sülh şəraitində yaşamalıdırlar. Daxili həyatda sülhün mövcudluğu hər bir dövlətə lazımdır. “Yurdda sülh, cahanda sülh” prinsipini öz xarici siyasətinin devizinə çevirən Türkiyənin qonşu və region ölkələrində sülhün bərqərar olmasında maraqlı tərəf kimi görünməsi daha çox onun milli-subyektiv maraqlarından irəli gəlir.

“Soyuq müharibə”nin bitməsi, SSRİ-nin dağılması ilə dünyanın siyasi tarazlığı yenidən qurulmağa başladı. “Soyuq müharibə”nin başa çatması Türk xarici siyasətinə həm müsbət, həm də mənfi yöndə təsir etmişdir. Avropa inteqrasiyası prosesində əhəmiyyət itkisinə məruz qalan Türkiyə bir tərəfdən də SSRİ-dən sonra qeyri-sabit bir Avrasiya coğrafiyasında ciddi təhlükəsizlik problemləri olan bir bölgə ilə qonşu olmuşdur. Digər tərəfdən isə daha çox yeni post-sovet türkdilli dövlətləri ilə əlaqədar olaraq ortaya çıxan fürsətlər xarici siyasətdə Türkiyəyə yeni seçənəklər vermişdir. “Soyuq müharibə”dən sonrakı dövrdə istər təhlükəsizlik problemləri, istərsə də yeni mənfəətlər əsasında Türk siyasətçiləri siyasi-strateji, iqtisadi və mədəni sahələri özündə birləşdirən yeni regional siyasət qurdular.

İkinci Dünya Müharibəsindən sonra SSRİ-dən gələn təhlükə qərbi Türkiyə ilə yaxınlaşmağa vadar etdi. Türkiyənin NATO üzvü olması onu qərbə daha çox bağlasa da, daima haqsızlıqlar ilə üzləşmişdir. SSRİ-nin dağılması ilə də artıq Türkiyə qərbə lazım olmadığı üçün daha çox təklənməyə başladı. XX əsrin 90-ci illərinin əvvəllərində baş verən hadisələr nəticəsində yeni türkdilli dövlətlərin meydana çıxması Türkiyənin yeni regional siyasətini həyata keçirməsini sürətləndirdi. Lakin Türkiyə türkdilli dövlətlərin birliyini yarada bilmədi ki, onun rəhbərliyini də öz əlinə alsın. Türkiyə yeni yaranmış geosiyasi və geoiqtisadi koordinat sisteminin mərkəzindədir. O hələ də regional dövlət kimi çox güclüdür. Bu həm qədim dövlətçilik ənənələri, həm də 600 illik imperatorluq ənənələri ilə əlaqələndirilir. Türk siyasətçiləri qeyd edir ki, bu potensial o vaxt işə yarıyar ki, Türkiyə balanslaşdırılmış regional siyasətə üstünlük versin. İlk öncə dünyada yeni qütbün mərkəzi kimi çıxış etməyə başlayan Rusiya ilə əlaqələr sabit saxlanılsın. Bundan başqa Orta Asiya, Yaxın Şərq ölkələrinə yeni koridorlar (məsələn, Azərbaycan – Gürcüstan) açılsın. Belə koridorlar eyni zamanda geosiyasi hədəflərin önündə duran bəzi dövlətlərin qısa müddətli təcridinə də xidmət etsin. Buna misal olaraq Ermənistanı göstərə bilərik (Daha ətraflı I Fəsildə bəhs ediləcək).

Türkiyə hansı istiqamətdə siyasət yeridirsə yeritsin, Azərbaycanın rolu onun üçün əvəzedilməzdir. Bir vaxtlar Naxçıvanı “Türk dünyasının qapısı” adlandıran Atatürk Azərbaycanın önəmini bununla vurğulamışdır. Müasir Türk siyasətçiləri də Azərbaycanı “Türk dünyasının qızıl körpüsü” adlandırırlar. Çünki Azərbaycanın təhlükəsizliyi Türk dünyasının bütünləşməsi üçün ən önəmli şərtlərdən biridir. Belə bir sual yaranır. Türk dünyasının birliyi Türkiyəyə nələr vəd edir ki, Türkiyə bu yolda əzmlə çalışır? İlk öncə qeyd edim ki, 1299-cu ildən müstəqil olan, sadəcə olaraq 1923-cü ildə idarə forması dəyişən Türkiyə bu birliyi yarada bilərsə, hegemon rolu özü oynayacaq və ən azından əlaqələri ziq-zaq xətt üzrə davam edən qərb ölkələrinin qarşısında təklənməyəcək. İkinci bir tərəfdən birliyin Türkiyəyə faydası ondan ibarətdir ki, birliyə daxil olacaq ölkələrin əksəriyyəti (Azərbaycan, Qazaxıstan, Türkmənistan, Özbəkistan) enerji resursları ilə zəngin olan ölkələridir. Türkiyə bu yolla həm öz enerji təhlükəsizliyini təmin edəcək, həm də Avroatlantik məkanın enerji təhlükəsizliyində rol oynayan Azərbaycan və Orta Asiya ölkələrinin neft və qazının ixracında tranzit ölkə qismində çıxış edərək öz təhlükəsizliyini də düşünəcək.

Türkiyənin regional siyasəti və milli maraqları

XX əsrin 90-cı illərində “soyuq müharibə”nin bitməsi və SSRİ-nin dağılması ilə beynəlxalq münasibətlərdə yeni bir mərhələ başladı. Təbii ki, bu mərhələnin başlaması hər bir dövlətə öz təsirini göstərdi. Belə dövlətlərdən biri də Türkiyə Cümhuriyyəti idi. Hələ 1920-ci ildə yaranmış Türkiyə Böyük Millət Məclisi (TBMM) hökuməti, başqa bir deyilişlə Ankara hökuməti tərəfindən idarə olunan Türkiyə rəsmi olaraq 1923-cü ildə Cümhuriyyət elan edilmişdi. Bu dövrdən başlayaraq Türkiyə artıq dünya siyasətində daha çox passiv mövqedən çıxış etməyə başlamışdır. Lakin 1939-cu ildə İkinci Dünya Müharibəsinin başlamasını yenidən Aparıcı dövlətlərin nəzərlərini Türkiyəyə cəmlədi. Bütün bunların əsasında isə Türkiyənin geostratejik mövqeyi dururdu. Bu dövrdən məhz Türkiyənin xarici siyasətində dəyişikliklər nəzərə çarpmağa başlayır. Belə ki, Türkiyə antihitlerçi koalisiyanın üzvləri tərəfindən Almaniya əleyhinə müharibəyə qoşulmağa məcbur edilir. Türkiyə isə öz dövlətçiliyini qorumaq məqsədi ilə 1945-ci ilin fevralında müharibəyə qoşulsa da, heç bir aktiv hərbi əməliyyatlarda iştirak etmir. Türk ordularının Cümhuruiyyət qurulduqdan sonra ən geniş şəkildə iştirak etdiyi Koreya müharibəsindəki şücaəti onun NATO-ya qəbulolmasına gətirib çıxartdı. Amma qərb ölkələrinin Türkiyəni NATO-ya qəbul etməsinin əsas səbəbi bu deyildi. Türkiyənin o dövr üçün coğrafi mövqeyinə diqqət yetirək. Türkiyə şimalda və qərbdən SSRİ ilə, Balkanlardan SSRİ nüfuzu altında olan dövlətlər ilə, cənub-şərqdən isə SSRİ-yə meyl edən ərəb dövlətləri ilə əhatələnmişdi. Faşizm üzərindəki qələbədən sonra keçmiş müttəfiqlər arasında parçalanma baş vermiş, kapitalist və kommunist rejimlər arasında “soyuq müharibə” başlamışdı. Bütün bunları nəzərə alan başda ABŞ olmaqla kapitalist dünyası Türkiyəyə “Marşall planı” çərçivəsində maliyyə yardımı etmiş, onu NATO-ya qəbul edərək öz müttəfiqlərinə çevirmişdilər. Bütün bunlar Türkiyəni SSRİ-yə qarşı qoymaq və regionda kommunizmə qarşı dayaq nöqtəsi yaratmaqdan irəli gəlirdi. Amma Türkiyə yenə də tez-tez müttəfiqləri tərəfindən təklənmiş və haqsızlığa məruz qalmışdı. 1991-ci ildə SSRİ-nin dağılması və soyuq müharibə”nin bitməsi Türkiyəyə həm mənfi, həm də müsbət yöndə təsir etdi. Birincisi, Dünya Sosializm Sisteminin dağılması özü ilə bərabər anarxiya və qeyri-stabillik gətirdi. Məhz Türkiyə belə bir region ilə əhatələnmişdir. İkincisi, SSRİ-nin dağılması kapitalist qərbin qələbəsi idi. Artıq Türkiyəyə ehtiyac da qalmamışdır və Türkiyə daha çox təklənməyə başlayır. Üçüncüsü, SSRİ-nin dağılması ilə yeni türkdilli dövlətlərin yaranması Türkiyəyə yeni ümid verdi. Bugünə qədər beynəlxalq arenada yeganə türkdilli dövlət olan Türkiyəyə artıq beş belə dövlət qoşulmuşdu. Bunlar Azərbaycan, Qazaxıstan, Türkmənistan, Özbəkistan və Qırğızıstan idi. Türkiyə özünün tənhalıqdan və təklənməkdən qurtulmasının yolunu türkdilli dövlətlərin birliyində görürdü. Beynəlxalq münasibətlər sisteminin yeni bir mərhələsində Türk siyasətçiləri siyasi-strateji, iqtisadi və mədəni sahələri özündə birləşdirən yeni xarici siyasət kursunu müəyyən etdilər. Yeni siyasi kursda dövlətin potensialı nəzərə alınaraq əsas üstünlük regional siyasətə verilmişdi. Belə ki, Türkiyə ən azından region dövlətinə çevrilməli, regionda aparıcı nüfuza sahib olmalı idi. Türkiyənin yeni regional siyasi kursu əsasən dörd istiqamətdə həyata keçirilməli idi: Balkanlar, Qafqaz, Orta Asiya və Yaxın Şərq.

Türkiyənin Azərbaycandakı milli və dövlət maraqları Qafqaz və Orta Asiya siyasətinin həyata keçirilməsində əsas rollardan birini oynayır. Ona görə də, Türkiyənin Azərbaycan siyasətinə Qafqaz və Orta Asiya aspektlərindən yanaşmağa üstünlük verirəm.

Türkiyənin Qafqaz siyasətində Azərbaycan

Günümüzdə Türkiyənin Qafqaz siyasətinin əsas istiqamətlərini Rusiya Federasiyasına daxil olan Şimali Qafqazda sülhün və istiqrarın qorunmasını dəstəkləkmək, Rusiya ilə münasibətlərdə Şimali Qafqazın dostluq və əməkdaşlıq körpüsü olmasını təmin etmək, üç müstəqil dövlətin – Azərbaycan, Gürcüstan və Ermənistanın yerlədiyi Cənubi Qafqazda isə bu ölkələrin müstəqilliklərini gücləndirmək, ərazi bütövlüyünü dəstəkləmək, Xəzər hövzəsinin enerji ehtiyatlarının istehsalında və daşınmasında iştirak etmək, bölgədə “böyük qardaş” rolunu oynamaq və s. təşkil edir. Elmi – tədqiqat işinin mövzusu ilə əlaqədar olaraq Türkiyənin Qafqaz siyasətinə Türkiyə – Ermənistan, Azərbaycan – Ermənistan, Türkiyə -Azərbaycan münasibətlərinin ümumi qarşılığı aspektindən yanaşmaq istərdim.

Türkiyənin Qafqaz siyasətinə XX əsrin əvvəllərindən nəzər salmağa başlayaq. İlk öncə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti qurulan zaman Osmanlı dövlətinin AXC-yə Batum müqaviləsi əsasında köməyə gəlməsi qəribə görünür. İlk öncə, qeyd edim ki, Osmanlı dövləti böyük bir imperiya idi ve imperiya qanunlarına əsasən idarə olunurdu. Bu feodal-teokratik bir dövlət idi və burada hansısa demokratiyadan, səsvermə hüququndan, insanların siyasi bərabərliyindən və s. söz gedə bilməzdi. Amma Azərbaycanda Xalq Cümhuriyyəti yaranmışdı. Bu şərqdə və İslam dünyasında ilk demokratik dövlət idi. Burada insanlar dilindən, cinsindən, milliyətindən, dinindən, irqindən asılı olmayaraq bərabər hüquqlara malik idilər və hər kəsə, hətta qadınlara da seçki hüququ verilmişdi. Mənim fikrimcə, bu xüsusiyyətlər bir-biri ilə kəskin surətdə fərqlənir, hətta bəzən tarixdə bunlar bir-biri ilə “düşmən” münasibətində olan dövlət quruluşlarıdır. Onda belə bir sual yaranır. Osmanlı monarxiyasını Azərbaycan Cümhuriyyəti ilə yaxınlaşdıran səbəb nə idi? Bunun bir neçə səbəbi var. İlk öncə, Osmanlının Birinci Dünya Müharibəsinə girməyinin səbəbi “Böyük Türk İmperiyası” yaratmaq ideyası olmuşdu.1 İslam dünyasının qərb bölgəsindən – Ərəbistan, Şimali Afrika və Aralıq dənizi hövzəsindən ümidlərini itirən “Gənc türklər” Almaniyanın qələbəsi, Rusiyanın məğlubiyyəti ilə İslam dünyasının şərq bölgələrini – Qafqaz, Şimali İran, Orta Asiyanın onlara çatacağı ümidində idilər. Hətta 1918-1919-cu illərdə Cənubi Azərbaycana, 1918-1920-ci illərdə Qafqaz və Orta Asiyaya Pantürkist ideyaları yaymaq üçün heyətlər göndərmişdir. 1917-ci ildə Rusiyada bolşevik qiyamı və çar hakimiyyətinin devrilməsi nəticəsində ucqarlardakı bir çox asılı dövlətlər kimi Azərbaycan da müstəqillik qazandı. Heç kəs tərəfindən tanınmayan Azərbaycanın mövcudluğu sual altında idi. Azərbaycanda yaranmış yeni dövlət formasına tamamilə zidd olan bir dövlət formasının mövcud olduğu Osmanlı imperiyasının AXC-ni birinci tanıması yuxarıdakı səbəblərə görə təəccüblü görünməməlidir. Çünki Azərbaycan Qafqazın açarıdır, Orta Asiyaya körpüdür, enerji mənbəyidir və İran əhalisinin böyük bir hissəsini təşkil edən də azərbaycanlılardır. Qısaca, Azərbaycan Osmanlı dövləti üçün “Böyük Türk İmperiyası”nın ilk rüşeymi idi. Eləcə də, 1919-23-cü illərdə Türk milli qurtuluş savaşı dönəmində də türklərin Azərbaycandakı əsas maraqları ilk öncə öz mənafelərindən asılı olub. Birincisi, 1920-ci ildə yaranan Türkiyə Böyük Millət Məclisinə (TBMM) dövlətin şərq sərhəddində Azərbaycan kimi dost lazım idi. Çünki Azərbaycan digər Qafqaz dövlətləri və Sovet Rusiyasına qarşı Türkiyənin həyata keçirəcəyi siyasətdə türklərə yararlı idi. İkincisi, müttəfiqlər ilə (Antanta dövlətləri) ilə razılığa gəlinərdisə, Azərbaycanı Sovet Rusiyasına qarşı istifadə edə bilərdi. Üçüncüsü, Azərbaycandan maddi yardım təmin oluna bilərdi. Sırf öz milli mənafeləri ucbatından Azərbaycan 1920-ci il 27 apreldə XI Qırmızı Ordu tərəfindən işğal olunarkən ən yaxın müttəfiqi buna göz yumdu. Çünki, Mustafa Kamal Paşa onsuzda hər cəbhədə döyüşürdü. Sovet Rusiyası ilə də yeni cəbhə yaratmamaq məqsədilə Azərbaycan məsələsində Sovet Rusiyasının xeyrinə geri çəkildi və hətta bunun qarşılığında Sovet Rusiyasından yardım da aldı. Hətta, Kazım Qarabəkir Paşaya görə, Azərbaycan Türkiyəyə maddi yardım etməyə borcludur. O, heç düşünmürdü ki, yeni yaranan bu dövlət öz daxilində möhkəmlənməmiş necə digər bir dövlətə kömək etsin?! Bu ən azından Azərbaycana hörmətsizlik idi. Digər bir tərəfdən hətta Azərbaycandakı hakimiyyəti (Cümhuriyyət dövrü nəzərdə tutulur) Türkiyəyə Sovet Rusiyasından gələn yardımın da qarşısını almaqda günahlandırırdı. Amma unutmaq lazım deyil ki, 1920-ci il apreldə XI Qırmızı Ordu məhz Bakıya girmədən Türkiyəyə yardıma gedəcəyi bəhanəsilə Azərbaycan ərazisinə daxil olmuşdur. Elə bununla da, AXC-nin müstəqilliyinə son qoyulmuşdur.2 Hətta türklərin özləri etiraf edirlər ki, 28 aprel 1920-ci ildə Azərbaycanda Sovet hakimiyyətinin qurulmasında türk zabitlərinin böyük dəstəyi olmuşdur.3 Bundan başqa, Qars görüşmələri ərzində Türk nümayəndə heyəti Bakı nefti ilə bağlı öz istəklərini söyləmişdir. Yəni hər il Azərbaycan Türk hökumətinə Türkiyənin ehtiyacını ödəyəcək miqdarda neft və neft məhsulları göndərməkdə öhdəlik götürməlidir.4

Bundan başqa Azərbaycan Türkiyəyə regionda hegemonluğu ələ keçirmək üçün lazım idi. Regionda Türkiyəyə rəqib ola biləcək yeganə dövlət İran idi. Belə olan halda, Türkiyə Azərbaycan kartından istifadə etməyə çalışırdı. Amma bu hər zaman öz müsbət nəticəsini doğrultmurdu. İlk öncə, artıq Şimali Azərbaycan öz müstəqilliyini itirərək SSRİ-yə daxil olmuşdu. Türkiyənin belə bir vəziyyətdə İrana qarşı Cənubi Azərbaycandan istifadə etmək istəməsi qeyri-real görünürdü. Ən azında Türkiyə şərq sərhədlərinin təhlükəsizliyi, kürd qiyamçılarına qarşı birgə mübarizə üçün İrana ehtiyac duyurdu. Türkiyənin bu dövrdə Azərbaycanda olan maraqlarına dair iki fakt gətirmək istərdim: Bu mövzu ilə əlaqədar Rza Şah Türkiyənin Tehrandakı hərbi attaşesi minbaşı Hüsamettin Tugaça bunları demişdir:“Belə düşünürəm ki, Türkiyənin İran Azərbaycanında gözü var. Azərbaycan xalqı türkdür. Türkiyə bunu gözdən qaçırda bilməz. Amma hal-hazırda Türkiyə belə bir siyasət izləmir. Çünki Mustafa Kamal çox ağıllı bir şəxsdir. Amma ondan sonra Türkiyə yenidən İttihad və Tərəqqi hökumətinin siyasətini mənimsəyə bilər. Hal-hazırda görürəm ki, dəmiryolu inşaatınız iki tərəfdən də Azərbaycana doğru yönəlmişdir. Belə görünür ki, Türkiyə tez və ya gec Azərbaycanı alsın.”5 Digər bir fakt isə İranın Ankaradakı səfiri Furuginin 1927-ci il dekabrda Tehrana göndərdiyi məruzədə öz əksini tapıb: “Türklərin heç bir zaman İran torpaqlarına və ya heç olmazsa Azərbaycana qarşı iddia etməyəcəklərinə zəmanət verə bilmərəm. Amma Mustafa Kamal hal-hazırda öz dövlətini gücləndirmək üçün müvəqqəti olaraq bu fikirdən əl çəkmişdir.”6

Elmi-tədqiqat işinin mövzusu ilə əlaqədar digər bir yanaşma isə türk-erməni münasibətləri və Azərbaycan faktorudur. Türk – erməni əlaqələri tarix boyu müəyyən problemləri özündə birləşdirirdi. Amma hər zaman türk tərəfi daha liberal mövqedən bu məsələyə yanaşırdı. Ermənilərin etirazları Osmanlı imperiyasının son vaxtlarında, yəni XIX əsrdə kütləvi xarakter alır. Xüsusən də, Birinci Dünya Müharibəsi dövründə ən yüksək səviyyəyə çatır. Müharibə dövründə Anadolu torpaqlarında yaşayan ermənilər Osmanlıya xəyanət edərək ruslarla əməkdaşlıq edirdilər. Belə olan halda, 1915-ci il 24 apreldə Osmanlı Dövləti əleyhinə fəaliyyət göstərən erməni komitələri bağlandı və onlara rəhbərlik edən 2345 nəfər həbs olundu. 27 mayda isə yerdəyişdirmə (təhcir) qanunu çıxarılır. Məhz bu hadisələr günümüzdə də erməni – türk əlaqələrində öz təsirini göstərəcək. 1990-cı ilin 23 avqustunda qəbul olunan Ermənistanın “Müstəqillik aktı”nın 11-ci maddəsində deyilir ki, əslində Şərqi Anadolu ərazisi erməni vilayətləridir. Bura türklər tərəfində işğal olunan “qərbi Ermənistan”dır. Burada qeyd olunur ki, 1915-ci il hadisələrinin beynəlxalq aləmdə “soyqırım” (təbii ki, qondarma “soyqırım”ı nəzərdə tuturam) kimi tanıtmaq Ermənistanın xarici siyasətinin ən əsas vəzifəsidir. 1995-ci ildə Ermənistan Konstitusiyası qəbul olunanda “Müstəqillik aktı” onun giriş hissəsinə daxil edildi. 2005-ci ildə Konstitusiya dəyişdirilsə də, “Müstəqillik aktı”na toxunulmadı.7 Hələ 1920-ci il 3 dekabrda Türkiyə ilə Ermənistan arasında imzalanan Gümrü müqaviləsinə görə Türkiyənin şərq sərhədləri müəyyənləşdi. Düzdür, bu müqavilə sonradan qüvvədən düşsə də, sərhəd məsələsi 1921-ci ildə 16 mart Moskva və 21 oktyabr Qars müqavilələrində təsdiqləndi. Bu müqavilələr qüvvədən düşməsə də, Ermənistan tərəfindən pozulur. Ermənilərin “Böyük Ermənistan”ı yaratmaq yolunda ilk hədəfləri “Dörd T planı” olaraq adlandırılan məqsədlərə çatmaqdır. Bunlar “tanıtım”, “tanıma”, “təzminat” və “torpaq”dır. Yəni, Erməni məsələsi bütün dünyada terror yolu ilə “tanıtılacaq”, yalan iddialar dünya ictimaiyyəti tərəfindən qəbul edilib Türkiyə tərəfindən “tanınacaq” və “qondarma soyqırım” məsələsinə görə Türkiyədən “təzminat” və “torpaq” alınacaq. Bu plana əsasən ermənilərin əsas iddiaları isə bunlardır: Türklər Ermənistanın böyük bir hissəsini işğal etmişlər, 1877-1878-ci illərdən sonra erməniləri sistemli olaraq soyqırıma məruz qoymuşlar və 1915-ci ildə planlı şəkildə ermənilərə qarşı soyqırım tətbiq etmişlər.

Azərbaycan – Ermənistan Dağlıq Qarabağ münaqişısi başladığı andan Türkiyə hər bir halda Azərbaycanın yanında olduğunu, daima ona dəstək olacağını bildirmiş, münaqişə bitdiyi zaman işğal olunmuş torpaqların Azərbaycana geri qaytarılması ideyasını dəstəkləmişdir. Amma 2007-2008-ci illərdə baş verən bir sıra hadisələr onu sübut etdi ki, Türkiyə Azərbaycana münasibətində “dövlət marağını” “qardaşlıq” mənafeyindən üstün tutur. Bu daha çox 2008-ci ilin fevralında Ermənistanda keçirilmiş prezident seçkilərində qalib gələn Serj Sərkisyanın dövrünə təsadüf edir. S.Sərkisyanın seçilməsindən sonra Türkiyə prezidenti Abdulla Gül ona aşağıdakı məzmunda bir təbrik məktubu yollayır: “Sərkisyanın yeni vəzifəsi yüz illər boyunca sülh və əmin-amanlıq içərisində birlikdə yaşaya bildiklərini sübut etmiş olan türk və erməni xalqları arasındakı əlaqələrin normallaşdırılması üçün lazımi şəraitin yaradılmasına imkan verəcəyi, Türkiyə və Ermənistanın ortaq cəhdlərinin bölgədə barış və rifaha təsir edəcəyi, qarşılıqlı güvən və əməkdaşlığa söykənən bir atmosferin yaradılması təməlində duracağı ümidindəyik.”8 Oxşar məzmunda məktubu Türkiyənin Baş Naziri R.T.Erdoğan və Xarici İşlər Naziri A.Babacan müvafiq olaraq Ermənistanın Baş Naziri T.Sarkisyana və Xarici İşlər Naziri E.Nalbandyana göndəriblər. Məzmundan da göründüyü kimi bu təbrik məktubu heç də reallıqları əks elətdirmir və Türkiyənin güzəştə getməsini əyani olaraq sübut edir. Hələ 29 mart 2007-ci ildə Akdamar adasında Akdamar kilsəsinin bərpa edilərək yenidən fəaliyyətə başlaması və açılışa Ermənistandan Mədəniyyət Nazirinin müavini Gaçik Gürciyan başda olmaqla 20 nəfərlik heyətin gəlməsi iki ölkə arasındakı əlaqələrdə yeni mərhələnin başlanğıcı oldu.9 Bunun ardınca, İrəvan – Antalya hava yolunun iyun ayında fəaliyyətə başlaması yeni bir addım oldu. Xüsusən də, Türkiyənin 1993-cü ildə Ermənistanla quru və 1994-cü ildə hava sərhəddini bağlamasının səbəblərindən biri olan Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarının geri qaytarılmasında hələ heç bir nəticənin əldə edilməməsinə baxmayaraq, İstanbul – İrəvan hava yoluna yenisinin əlavə olunması, olduqca, düşündürücüdür.10 Digər bir məsələ isə Türkiyə Cümhuriyyətinin Prezidenti Abdulla Gülün Ermənistana səfəridir. Xatırladım ki, bu Türkiyə tarixində rəsmi səviyyəli ikinci səfər idi. İlk səfər 1935-ci ildə o dövrün Baş Naziri İsmet İnönü tərəfindən gerçəkləşdirilib. Bu məsələdə diqqəti cəlb edən xüsusiyyət ondan ibarətdir ki, Ermənistan hələ dəTürkiyənin əraz bütövlüyünü tanımır və “qondarma soyqırım” iddialarını irəli sürür. Amma Türkiyə Prezidentinin onun ölkəsini tanımayan digər bir ölkəyə səfər etməsi də ilk baxımdan qəribə görünür. Digər bir məsələ isə Ermənistan hələ də öz iddialarından geri çəkilməyib. Belə ki, Ermənistanın Baş Naziri T.Sarkisyan 24 apreldə “qondarma soyqırım” ilə bağlı keçirilən tədbirlərdə bildirmişdir ki, 1915-ci il hadisələrinin “soyqırım” kimi beynəlxalq aləmdə tanınması cəhdləri Ermənistanın xarici siyasətinin əsas vəzifələrindən biridir.11 Bundan başqa, İran Türkiyə – Ermənistan münasibətlərinin normallaşdırılması üçün öz vasitəçilik missiyasını da Türkiyəyə təklif edib. Lakin bu Türkiyə tərəfində yetəri qədər sərt qarşılanıb və Türkiyə tərəfi bildirib ki, onsuz da onların Ermənistanla birbaşa əlaqələri var.12

İndi isə bu məsələlərin şərhini vermək istərdim. İlk öncə son dövrlərdə Ermənistan və Türkiyə arasında baş verən proseslərin Türkiyəyə təsir edə biləcək mınfi cəhətləri: Birincisi, Türkiyənin Ermənistana qarşı daima güzəştli mövqe tutması onun “qondarma soyqırım” məsələsində günahkar kimi görünməsi və daima geri çəkilməsi ilə izah oluna bilər. İkincisi, bütün bunlara baxmayaraq Ermənistan tərəfi bir addım belə geri çəkilməyib və Türkiyə istədiyinə nail olmayıb. Üçüncüsü isə Azərbaycanla münasibətlərdir. Təbii ki, bütün bunlar Türkiyənin daxili işidir və Azərbaycan buna qarışa bilməz. Amma Türkiyənin hər zaman Azərbaycana söz verdiyi məsələdə, yəni Qarabağ işğaldan azad olmayınca sərhədlərin açılmayacağı məsələsində geri çəkilməsi Azərbaycan ictimaiyyətində Türkiyəyə qarşı narazılıq yarada bilər.

Bu məsələlərin Türkiyənin “dövlət marağı” prinsipi aspektindən ona təmin edəcəyi müsbət nəticələri: Birincisi, Türkiyə Ermənistana bu güzəştləri getməklə Erməni ictimaiyyəti üzərində müəyyən bir təsir gücünü göstərmək, onlarda formalaşan “mənfi türk” obrazını “sülhsevər türk” ilə əvəz etməyə çalışır. İkincisi, bütün bunlar beynəlxalq imic məsələsindən asılıdır. Bu güzəştlər Türkiyəyə imkan verir ki, o, beynəlxalq aləmdə özünü sülhpərvər və qeyri-aqressiv bir dövlət kimi qələmə versin. Üçüncüsü, Türkiyə bu güzəştlərlə Ermənistanı şirnikləndirməklə ondan da müəyyən güzəştlər əldə etməyə çalışır. Türkiyənin şərq, xüsusən də cənub-şərq hissəsi təhlükəsizlik baxımından ən həssas bölgələrindəndir. Buna səbəb PKK terror qruplaşmasıdır. Türkiyə isə heç vaxt istəməz ki, onsuz da həssas bölgə olan şərqdə ayri bir problem – Ermənistanla sərhəddə narazılıqlar yaransın. Dördüncüsü, Türkiyənin ardıcıl şəkildə Ermənistana güzəştə getməsinin əsas səbəblərindən biri “The Economist” jurnalının 2008-ci il may ayında buraxılmış sayında belə izah edilir: Bağlanma təhlükəsilə üz-üzə qalan Ədalət və İnkişaf Partiyası (AK Parti) belə bir addımla Qərbin dəstəyini almağa çalışır.13 Bu fikirdə müəyyən qədər həqiqət var. Artıq sentyabr ayından etibarən AK Partinin bağlanması məsələsi gündəmdə deyil və əsas nəzərlər Türkiyə – Ermənistan münasibətlərinə yönəlib. A.Gülün İrəvana rəsmi səfəri Qərb ölkələrinin Türkiyədəki iqtidara rəğbətini də artırıb. Bu həm də Avropa İttifaqına daxil olmaq istəyən Türkiyənin qabağını kəsən əngəllərdən birinin də aradan qalxmasına gətirib çıxarda bilər. Beşincisi, Türkiyə Ermənistana qismən güzəştlərə getməklə onunla birbaşa əlaqələrə qurmağa çalışır ki, regional dövlətə çevrilməkdə ən əsas rəqibi olan İrana heç bir fürsət tanımasın və Cənubi Qafqazda “böyük qardaş” rolunu öz əlinə alsın. Buna sübut kimi, Türkiyənin Qafqaz Təhlükəsizlik və Əməkdaşlıq Platformasını da göstərə bilərik. Buraya region dövləti kimi İranın daxil edilməməsi bu rəqabətdən irəli gəlir.

Bütün bu mənfi və müsbət cəhətləri dəyərləndirdikdə, görünür ki, türk siyasi xətti Ermənistanla münasibətlərin intensivliyinə üstünlük verir. Türkiyə mətbuatının və KİV-nin də münasibətləri bunu deməyə əsas verir. Ermənistanla əlaqələrindən əldə olunacaq müsbət nəticələri həddindən artıq şişirdilərək ictimaiyyətə çatdırılması da gözdən qaçacaq amil deyil. Türkiyə prezidenti A.Gülün 6 sentyabr 2008-ci ildə Ermənistana rəsmi səfərindən bir gün əvvəl Türkiyənin dövlət kanalı olan TRT-nin xəbərlər proqramının böyük bir hissəsi Ermənistanın sosial – iqtisadi həyatına, ermənilərin “qonaqpərvərliyinə”, erməni cəmiyyətinə, mədəniyyətinə və sş həsr olunmuşdur. Türkiyənin Azərbaycana Qarabağ məsələsi həll olunmayınca Ermənistanla sərhədlərini açmayacağı və heç bir əlaqə qurmayacağına dair söz verməsi və bunun ardınca isə Ermənistan – Türkiyə arasındakı münasibətlər ona dəlalət etmir ki, Türkiyə Azərbaycanla “qardaşlıq” münasibətlərinə əhəmiyyət vermir. Əslində bunlar Türkiyənin daxili işidir və öz “dövlət marağı” prinsipi əsasında uyğun gördüyü xarici siyasət xəttini həyata keçirməkdə tam müstəqildir.

Türkiyənin Orta Asiya siyasətində Azərbaycan

Hələ XX əsrin əvvəllərində Osmanlı hökümətinin başında duran Ənvər Paşa daha çox Panislamist siyasət yeridirdi. Lakin ərəb torpaqlarının I Dünya Müharibəsi zamanı Antanta dövlətləri tərəfindən tutulmasından sonra o, Pantürkist siyasi xəttinə üstünlük verir. Burada əsas məqsəd itirilən ərəb torpaqlarının əvəzini Krımdan Orta Asiyaya qədər uzanan Türk İmperatorluğu ilə doldurmağa çalışmasıdır. SSRİ-nin dağılması və Qafqazda, Orta Asiyada yeni ölkələrin müstəqilliklərini elan etməsi milli mənfəətləri uğrunda siyasi və iqtisadi maraqlarını gerçəkləşdirmək üçün Türkiyənin Pantürkist dairələrinə yeni fürsət verdi. Sosioloq və pantürkist Ziya Gökalp (1877–1933) Niyazi Berk tərəfindən çap olunan “Türk Nasyonalizmi ve Batı Medeniyeti” adlı kitabda dərc olunan məqaləsində Pantürkizmin siyasi proqramını göstərir. Bu proqrama əsasən Pantürkizmin reallaşması 3 mərhələdə baş verir. Bunlardan Pantürkizm adlandırdığı birinci mərhələni Türkiyənin qurulması kimi qiymətləndirir. Belə ki, bu yeni dövlətfə türk milli kimliyi bütün türk əhalinin birləşmə səbəbi olacaq və iqtidarın təməlini yaradacaq. Panoğuzizm adlandırdığı ikinci mərhələdə Anadolu, Qafqaz və Orta Asiyanın birləşməsi nəticəsində qurulacaq olan bir türk dövlətini nəzərdə tutur. Nəhayət, üçüncü mərhələdə isə Çin səddindən Avropaya qədər Turan İmperiyasının yaradılması nəzərdə tutulur. Z.Gökalpa görə bu planın birinci mərhələsi 1920-ci illərdə Türkiyə Cümhuriyyətinin yaranması ilə həyata keçib. Digər iki mərhələ isə Türkiyə Cümhuriyyətinin rəhbərliyi ilə həyata keçirilməlidir. Hələ Birinci Dünya Müharibəsi dövründə Osmanlının müharibəyə girmə səbəblərindən biri də Pantürkist ideyaları gerçəkləşdirmək istəyi olmuşdur. Lakin sonradan Mustafa Kamal Paşa bu ideyanın tərəfdarı olsa da, reallıqları nəzərə alaraq müvəqqəti olsa da, Pantürkizmdən imtina etmiş və 1923-cü ildə Lozanna sülh müqaviləsinin imzalanmasına nail olmuşdur. Müharibədən qalib çıxan dövlətlər Türkiyənin yaranmasını ona görə qəbul etdilər ki, Türliyə Pantürkist ideologiyasından imtina etdi. Uzun illər Türkiyə dünyada türkdilli xalqlara məxsus yeganə müstəqil dövlət olub. Lakin 1990-cı illərdə dünyada qüvvələr balansının dəyişməsi Türkiyəyə də təsirsiz qalmayıb. Birincisi, Türkiyə “soyuq müharbə” səbəbiylə həmişə ABŞ və kapitalist qərb tərəfindən dəstəklənib. Lakin SSRİ-nin dağılması ilə Türkiyənin qərbdən gələn dəstəyi kəsilib və o, daha çox qərb tərəfindən təklənir. İkincisi, SSRİ-nin dağılması ilə türkdilli xalqlara məxsus 5 müstəqil dövlət yaranıb. Ona görə də 1990-cı illərdən Türkiyənin xarici siyasətində Pantürkizmin ideyaları yenidən canlanmağa başlayır. Yeni qurulan Orta Asiya və Azərbaycan Respublikalarının iqtisadi, siyasi, mədəni formalaşmada təcili yardıma ehtiyacı olması, daha doğrusu “millətləşmə” mərhələsinə qədəm qoymaları Türkiyə və Pantürkistlər üçün qiymətli bir fürsətdir. Iranın region və dünya siyasətində sahib olduğu zəif mövqe, demek olar ki, onu Türkiyə qarşı rəqabətdə zəiflətmişdir. Türkiyə isə Qafqaz və Orta Asiya ilə kifayətlənməyib, Azərbaycan Respublikası vasitəsilə İranın türk bölgələrində Pantürkist etnikçiliyi yayabiləcəyi ehtimalını da nəzərdə tutub. Türkiyəyə görə, Azərbaycan sadece yerləşdiyi regionun yox, bütün Türk dünyasının önəmli bir hissəsidir. Çünki Türk dünyasının bu həssas bölgəsi Orta Asiya ilə Türk dünyasının lideri olmaq istəyən Türkiyə arasında yeganə körpüdür. Orta Asiyadakı Türkdilli Respublikaların tamam müstəqil və demokratik dövlətlərə çevrilməsi Azərbaycanın müstəqil və demokratik bir dövlət kimi mövcud olmasına bağlıdır.

Hal-hazırda Türkiyənin türkçülük siyasətində İslam dininin də rolu böyükdür. Belə ki, müstəqil olan türkdilli dövlətlərin əhalisinin əksəriyyətini müsəlmanlar təşkil edir. Bu ölkələr müstəqilliklərinə yeni nail olduqları üçün istər siyasi sahədə, istərsə də iqtisadi sahədə tam möhkəmlənə bilməmişlər və “keçid” dövrünü yaşayırlar. Türkiyənin isə özünü model dövlət, yeni qərb ənənələrinə sahib türk dövləti kimi qələmə verməsi ona bir sıra üstünlüklər vermişdir. Türkiyə bu dövlətlərlə birinci növbədə iqtisadi, mədəni və təhsil sahəsində əməkdaşlığa başlayır. İlk dövrlərdən bu dövlətlərdə möhkəmlənmək üçün siyasi cəhdlərin edilməsi ən azından böyük dövlətlərin Türkiyəyə qarşı etirazına səbəb ola bilər və Türkiyədə o dərəcədə güclü deyil ki, bu etirazlardan doğan təzyiqlərə tab gətirə bilsin. Ona görə də, Türkiyə məhz birinci olaraq mədəni sahə ilə əməkdaşlığa başlayır. Sonradan onu siyasi əməkdaşlığa çevirməyi planlaşdırır. Türkiyənin digər ölkələrdə həyata keçirdiyi mədəni siyasət özünəməxsusluğu ilə seçilir. Bu özünəməxsusluq ondan ibarətdir ki, Türkiyə öz mədəni siyasətinə tarixi-etnik ünsürlərdən başqa qərb ənənələrini ve modern İslamı da əlavə edir. Modern İslam dedikdə, daha çox zəmanə ilə ayaqlaşan, dinə zidd olmadan dövrün tələbləri ilə uyğunlaşan din nəzərdə tutulur. Ona görə də, Türkiyənin digər ölkələrdə dini fəaliyyəti həmin ölkənin cəmiyyəti tərəfindən tez gözə çarpmır. Amma belə bir sual yaranır ki, əgər Türkiyənin yaymağa çalışdığı belə bir dini təriqət müasir dövrlə uyğunlaşırsa və özündə heç bir radikal cəhətləri birləşdirmirsə və tamamilə əxlaqi çərcivədən kənara çıxmırsa onda bunun nəyi pisdir ki? Onu qeyd edim ki, əgər bu təbliğat türkçülüyün birliyinə yox, Türkiyənin liderliyinə xidmət edirsə, bu zaman digər dövlətlərin milli təhlükəsizliyinə təhdiddir.15

1990-cı illərdən sonra Türkiyənin xarici siyasətində baş verən dəyişikliklər nəticəsində yeni siyasi xəttin formalaşması və bu siyasətin həyata keçirilməsində ən önəmli ölkələrdən biri Azərbaycan idi. Azərbaycan Türkiyənin yeni siyasətinin dünyaya açılan “pəncərəsi” rolunu oynamalı idi. XIX-XX əsrlərin qovşağında Azərbaycan Türk dünyasında müasirliyin və türkçülüyün əsas mərkəzlərindən olmuşdur. Sonradan SSRİ-nin tərkibinə qatılması Azərbaycanı Türkiyədən xeyli uzaqlaşdırdı. Amma 1990-cı illərdə isə Türkiyə dini təriqətlərinin Orta Asiyaya yayılmasındakı ilk və ən önəmli “sıçrayış” mərkəzi olub.16 Türkiyənin Azərbaycanda dini fəaliyyəti iki əsas istiqamətdən həyata keçirilir: dövlət və qeyri-dövlət xətti ilə. Hər iki istiqamətdə də Türkiyə tərəfi ehtiyatlı hərəkət edərək Azərbaycanın qanunvericiliyinə və tələblərinə uyğunlaşmağa çalışır. Bu isə onların siyasətlərini uğura aparan yoldur.17

Dövlət xətti ilə həyata keçirilən təbliğatda əsas rolu Türkiyə Cümhuriyyəti Diyanət İşləri Üzrə Nazirlik həyata keçirir. Əslində dünyəvi bir dövlətdə dini işlər üzrə nazirliyin mövcudluğu qəribədir. Əgər dini nazirlik mövcuddursa, onda bu bütün dinləri əhatə etməlidir. Amma nədənsə bu nazirlik sadəcə İslam dini üzrə işlərə baxır. Bu nazirliyin Azərbaycandakı fəaliyyətinə məscidlərin tikilməsi, Bakı Dövlət Universitetində İlahiyyət Fakültəsinin idarə edilməsində Dini İşlər üzrə Dövlət Komitəsi ilə əməldaşlıq daxildir. Artıq Bakıda bir neçə türk məscidi fəaliyyət göstərir və bunların hamısında axund türklərdir. İslamın bu növü daha çox sosial və iqtisadi məsələlərə fikir verirdiyindən sadə xalqı öz tərəfinə daha tez çəkə bilir. Onlar siyasi diskusiyalardan uzaq dururlar və daha çox mənəvi-əxlaqi məsələlərə toxunurlar. Diyanət İşləri üzrə Nazirlik hətta Türkiyədə İlahiyyatı oxumaq istəyən Azərbaycanlı tələbələrə xüsusi təqaüd də təsis edib. Bundan başqa 44 türk qeyri-hökumət təşkilatı və özəl təhsil müəssisələri Azərbaycanda İslam dininin türk təriqətinin yayılmasına xidmət edir. Təhsil sahəsində fəaliyyət göstərən 10 özəl orta məktəb, 1 ibtidai məktəb, 1 gimnaziya, 10 universitetə hazırlıq kursu və 1 universitet yalnızca bir şirkətə məxsusdur.18 Rəsmi olaraq, heç bir məktəbdə Azərbaycan qanunvericiliyinə əsaslanaraq dini dərslər keçirilmir. Lakin şagirdlərin əxlaqi cəhətdən tərbiyələnməsi üçün mövcud olan Mənəviyyat fənnindən dini anlatmaq üçün türklər məharətlə istifadə edir.19

Türklərin Azərbaycanda dini fəaliyyətləri də müxtəlif şəxslər tərəfindən müxtəlif qiymətləndirilir. Bir qisim hesab edir ki, türk İslamının Azərbaycanda yayılması Azərbaycanın milli – təhlükəsizliyinə heç bir təhdid yaratmır və digər radikal təriqətlərdən fərqli olaraq daha liberaldır.20 Digər bir qisim isə hesab edir ki, tək türklərin təriqətləri deyil, Azərbaycanda fəaliyyət göstərən və xarici dövlətlər tərəfindən dəstəklənən bütün dini təriqətlər Azərbaycanın milli-təhlükəsizliyinə birbaşa təhdiddir.21

Türkiyə yuxarıda qeyd etdiyim kimi siyasət yeritməyə ilk dəfə Azərbaycandan başladı. İndi demək olar ki, Orta Asiyanın bütün dövlətlərində, Afrikanın əksər bölgələrində bu siyasət yeridilir. Orta Asiya dövlətləri ilə əlaqələrin inkişaf etdiriliməsində Azərbaycanın rolu Türkiyə üçün mühümdür.

Türkiyənin bu cür dini fəaliyyəti iki əsas səbəblə əsaslandırılır. Bunlar İran və Səudiyyə Ərəbistanı faktorlarıdır. Belə ki, Türkiyə bu cür siyasətlə İranın şiəliyi yaymasının, Səudiyyə Ərəbistanının isə vəhhabiliyi yaymasının qarşısını almağa, özünə uyğun dini təriqəti region ölkələrində yayaraq regionun alternativsiz dövlətinə çevrilməyə çalışır.

Bundan başqa, Türkiyənin Orta Asiyada digər maraq dairəsi məhz oranın türkdilli xalqların yarandıqları ərazi olması ilə əlaqədardır. Türkiyə gələcəkdə yaratmaq istədiyi “Böyük Turan” dövlətinin rəhbəri olmaq istəyir. Türkiyənin bu siyasəti Azərbaycansız mümkün deyil. Türk siyasətçilərinin düşüncələrinə görə Azərbaycan “Türk dünyasının qızıl körpüsü”dür. Çünki Azərbaycanın təhlükəsizliyi Türk dünyasının bütünləşməsi üçün ən önəmli şərtlərdən biridir. Həm də Azərbaycan olmadan Orta Asiya ilə əlaqələr kəsilə bilər. Belə ki, İran heç bir zaman icazə verməz ki, Türkiyə onun vasitəsilə Orta Asiya ölkələri ilə əlaqə yaratsın və onlarla əməkdaşlığa nail olsun. Rusiya isə şərait yaratmaz ki, öz nüfuz dairəsində gördüyü Orta Asiyada hansısa başqa bir dövlət möhkəmlənməyə cəhd etsin.

Türkçülük və İslamçılıqdan əlavə Türkiyənin Orta Asiyada bir də enerji maraqları var. İstər Azərbaycan, İstərsə də Orta Asiya ölkələri enerji resursları ilə zəngindir. Orta Asiyada böyük nüfuza sahib olmaqla Türkiyə həm öz enerji təhlükəsizliyini təmin edə bilər, həm də Avroatlantik məkanın enerji təhlükəsizliyində rol oynayan Azərbaycan və Orta Asiya ölkələrinin neft və qazının ixracında tranzit ölkə qismində çıxış edərək öz təhlükəsizliyini də düşünəcək. Amma Azərbaycan olmadan Orta Asiyanın enerji resurslarının Qərbə çatdırılması qeyri-mümkündür. Digər bir tərəfdən 8 avqust 2008-ci ildə başlayan 5 günlük Rusiya – Gürcüstan müharibəsindən sonra Türkiyə prezidenti A.Gülün İrəvana səfərinin digər səbəbi kimi onu da göstərirlər ki, artıq Rusiyanın Gürcüstana hücum etməsi və ciddi müqavimət görmədən rahat irəliləməsi nəticəsində Gürcüstanın təhlükəsizliyi sual altında qaldı. Belə olan halda, Türkiyə Ermənistanla razılığa gəlməyə çalışa bilər ki, gələcək layihələrdə Azərbaycandan sonra tranzit ölkə kimi Ermənistan iştirak etsin. Lakin bunlar hamısı sadəcə ehtimallardır. Hər bir dövlət qonşu dövlətlər ilə əlaqələrində problemlər yaranmasın.

***

Bu fəsilə yekun olaraq qeyd etmək istərdim ki, hər bir dövlətin öz milli maraqları çərçivəsində beynəlxalq hüquq normalarına riayət edərək hərəkət etməsi başqa dövlətlər tərəfindən etirazla qarşılanmamalıdır. Eləcə də, Azərbaycanla Türkiyə bir-birinə daima dəstək olublar və onların öz milli maraqları çərçivəsində siyasət yeritməsi heç biri tərəfində etirazla qarşılanmamalıdır.

MƏNBƏLƏR

1. Dr. Hamit Ahmeti  “İran ve Sovyetler Dağıldıktan Sonra Pantürkizm’in Stratejisi”

2. Cem Özer   “Atatürk`ün Türk Dünyası ile ilişkileri”   Ankara  2007  səh. 37-38

3. Orada, səh. 39

4. Orada, səh. 42

5. İsmail Arar  “Atatürk`ün Günümüzün Olaylarına da Işık Tutan Bazı Konuşmaları”,

Belleten, Cilt: 45, Sayı 177, səh. 16, Ankara  1981

6. Meliha Anbarçıoğlu  “Atatürk ve İran`da reformlar”, Doğu Dilleri, Cilt: 3, Sayı 4,

səh. 16, Ankara 1983

7. “Stratejik Analiz” jurnalı, səh. 17,  Dekabr  2007

8. “Stratejik Analiz” jurnalı, səh. 116-117,  İyul  2008

9. Yıldız Deveci Bozkuş, “Türkiye’den Bir Adım Daha: Erivan-Antalya Uçak

Seferleri”    www.asam.net,   30  iyul  2008

10. Orada

11. “Stratejik Analiz” jurnalı, səh. 116-117,  İyul  2008

12. “Region +” jurnalı, № 16, avqust 2008, “Yaşıl Türkiyədə “qara zolaqlar“”

Ramin Abdullayev

13. “Stratejik Analiz” jurnalı, səh. 116-117,  İyul  2008

14. Sira Akşin,  “Türkiye Tarihi. 4. Çağdaş Türkiye. 1908-1980”

İstanbul 1990 səh. 50

15. Azerbeycan’daki Tarikatların Faaliyetleri

http://www.turan.info/forum/showthread.php?t=2313

16. Yenə orada

17. Svante E. Cornell, “The Politicization of Islam in Azerbaijan”, 2006, səh. 50

18. Yenə orada, səh. 51

19. Yenə orada, səh. 52

20. Yenə orada, səh 53

21. Azerbeycan’daki Tarikatların Faaliyetleri

http://www.turan.info/forum/showthread.php?t=2313

22. “Müasir dövrdə Azərbaycan-Türkiyə münasibətləri”   səh. 17

by TURAL ISGANDAROV

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s